Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Böyük əfv sərəncamı ola bilər - Ordumuzun şərəfinə


Ermənistan cəbhə bölgəsinə göndərmək üçün könüllü tapa bilmir. Məcburi göndərilənlər isə silah-sursatla birlikdə İrəvana qaçırlar. Buna görə də ölkədə məhbusların Dağlıq Qarabağa döyüşə göndərilməsi planlaşdırılır. Ədliyyə naziri Rüstəm Badasyan bununla bağlı verdiyi məlumatda qeyd edib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır.

Bəs Ermənistanın bu qərarı necə qiymətləndirilir? Azərbaycanda müharibə dövründə bu və ya digər şəkildə məhbuslar azadlığa buraxıla bilərmi?

Mövzu ilə bağlı “BakuPost”a danışan Konstitusiya Araşdırmaları Mərkəzinin sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin məhkumların köməksiz vəziyyətindən istifadə edib bu cür yanaşma sərgiləməsi heç bir insanlığa sığmır:



“Eyni zamanda, kriminal ünsürlərdən istifadə etmək müharibə qayda-qanunlarında da nəzərdə tutulmur. Belə hallar ancaq keçmiş avtoritar-totalitar sovet rejimində olub. O zaman Böyük Vətən müharibəsində məhkumları zorla müharibəyə göndərirdilər İndi isə məhkumları zorla cəbhəyə göndərmək, onlardan “ət maşını” kimi istifadə etmək Ermənistan kimi terrorçu dövlətlərə xas xüsusiyyətdir.”.

Ə.Nuriyevin fikrincə, məhbuslar yalnız o halda əfv, yaxud amnistiya əsasında cəbhə bölgəsinə göndərilə bilər ki, könüllü döyüşmək istəsinlər:

“Çünki qanunlarda dövlətin birtərəfli qaydada məhkumlardan bu şəkildə istifadə etməsi nəzərdə tutulmur. Lakin digər hallarda bu, insan hüquq və azadlıqlarına birbaşa müdaxilədir, onun iradəsinə zidd olaraq qərarların qəbul edilməsidir. Onsuz da erməni dövləti daim faşizm mövqeyindən çıxış edib. Ermənistan ordusunda azyaşlı uşaqlardan, qadınlardan, qocalardan istifadə olunur. Onları kütləvi şəkildə zorla Qarabağa döyüşə göndərirlər. Bu, humanitar hüququn pozulmasıdır. İnsanlıq əleyhinə olan cinayətlərdir ki, bu da Ermənistanın hərbi rəhbərliyinin faşizm mahiyyətindən irəli gəlir. Digər tərəfdən, insanların hərbiyə getmələri üçün xüsusi vərdiş olmalıdır. Onda belə çıxır ki, Ermənistan sadəcə məhbusları cinayətkar əməllərini davam etdirmək üçün döyüşə göndərir”.

Hüquqşünas vurğuladı ki, Azərbaycanda əfv prosesi hər il işləyir:

“Əminəm ki, bu ilin sonu və ya gələn ilin əvvəllərində Prezident tərəfindən hər il olduğu kimi əfv ilə bağlı sərəncam imzalanacaqdır. Çünki ölkə başçısının fəaliyyətində əsas prioritet prinsiplərdən biri bu sahədə humanizm və mərhəmət göstərməkdir. Azərbaycan Ordusu tezliklə Qarabağı bütünlüklə işğaldan azad edəcək. Artıq zəfər xəbərini hər gün eşidirik. Bu münasibətlə də - Ordumuzun şərəfinə daha geniş əfv sərəncamının imzalanmasını istisna etmirəm. Ümid edirəm ki, bu baş verəcək, sadəcə bir az səbr etmək lazımdır”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10