Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qulu Məhərrəmli: “Televiziyalarımız səhvini tez düzəltdi” – Müsahibə


Bu gün 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür. Bu münasibətlə əməkdar jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli ilə müsahibəni təqdim edirik.
- Qulu müəllim, öncə sizi peşə bayramınız münasibəti ilə təbrik edirik. Sizcə, Azərbaycan televiziyasının ümumi vəziyyəti necədir?
- Çox sağ olun təbrik üçün. Bu, əslində bir az geniş mövzudur. İndiki halda televiziyaların fəaliyyətini iki yerə ayırmaq olar: sentyabrın 27-nə qədər olan dövr və müharibə dövrü. O dövr üçün televiziyaların səviyyəsindən ciddi və haqlı narazılıq var idi. Bu ilin mart ayından etibarən televiziya kanallarında bir qədər canlanma müşahidə olundu. Xüsusilə də pandemiya zamanını televiziyaların yüksəliş dövrü hesab etmək olar. Həmin dövrə uyğun o ritmi davam etdirən maraqlı bir performans göstərdi televiziya kanalları. Axtarışlar, problemlərin işıqlandırılması və s. Bunlar yerli televiziyanın müsbət keyfiyyətləridir.
- Müharibə dövründə vəziyyət necədir?
- Hərbi əməliyyatların işıqlandırılmasında ümumi problemlər var. Amma biz indiki halda ən dəqiq məlumatları daha çox televiziyadan alırıq. Bu, əslində müsbət cəhətdir. Arzu edərdik ki, televiziyalar bu səviyyəni qoruyub saxlasınlar və daha da təkmilləşsinlər. Peşəkarlıq artırılsın, reportyor işinin keyfiyyəti yaxşılaşdırılsın. Verilişlərin ümumi estetik səviyyəsi qaldırılsın. Bunlar hamısı arzu olunandır. Amma ümumilikdə bu gün, mənə elə gəlir, televiziyaları tənqid etmək üçün ciddi səbəb yoxdur. Xüsusilə, tarixi hadisələrə şahidlik etdiyimiz bu günlərdə. Ancaq ümumilikdə ciddi təhlil olunmalı məqamlar var. Bunların bir çoxu zərərlidir, bir çoxunu isə doğru məcraya yönəltmək mümkündür.
- Müharibə dövrü medianın fəaliyyətindən ciddi narazılıqlar müşahidə olunur. Xüsusilə, cəbhə xəttində olan müxbirlərin hadisə yerində vaxtında olmaması, Gəncə, Bərdə hücuma məruz qalanda Türkiyə mediasının yerli kanallardan daha yaxşı və operativ işləməsini qeyd edirlər. Sizcə, bu iradlarda həqiqət payı var?
- Bu halların ortaya çıxmasının əsas səbəbi yerli televiziya kanallarının uzun illər ərzində durğun vəziyyətdə olması ilə bağlıdır. Uzun müddət yuxarıdan tapşırıqlar gözləmək, heç bir təşəbbüsə qoşulmamaq - bunların hamısı televiziyada ümumi bir süstlük yaradıb. Bu da öz növbəsində işçilərin əhval-ruhiyyəsinə, cəsarətli olmasına, azad, müstəqil düşünməsinə mane olub. Biz bilirik ki, cəbhə zonasına yaxın bölgələrdə vəziyyət gərgindir. Bununla belə, o yerləri çox ciddi şəkildə koordinasiya etmək mümkündür.
- Necə və hansı şəkildə?
- Məsələn, televiziyalar zonalara görə bölünə bilər. Yəni, bu, ümumi koordinasiya işidir. Hər televiziya kanalı öz stansiyasını qurur, lazım olan anda birbaşa efirə çıxır və biri digərindən material götürə bilir. Təəssüf ki, biz belə bir koordinasiya görmürük. Heç özlərinin də təşəbbüsü yoxdur. Xüsusilə də büdcədən maliyyələşən telekanallarda bu hallar daha qabarıq nəzərə çarpır. Amma hadisənin baş verdiyi gecə Türkiyə kanallarına qoşulmağın özü də müsbət hadisədir. Gec də olsa, bu səhvi düzəltməyə çalışdılar. Gələcəkdə bu xüsusiyyətləri mütləq nəzərə almaq lazımdır. Bu gün texnologiya imkan verir ki, bir kamera ilə hadisə yerindən birbaşa efirə çıxa biləsən.
- İnternet medianın bugünkü vəziyyəti necədir?
Şəxsən mənim ən dəqiq məlumat mənbəyim Müdafiə Nazirliyinin rəsmi saytıdır. Amma ümumi təhlil üçün, düşünmək və hadisələri müqayisə etmək üçün, əlbəttə, əlavə, alternativ mənbələr axtarıram. Bu, xarici media da, qəzet materialları da ola bilər. Amma bunu da etiraf etmək lazımdır ki, internet medianın bir çoxu bu gün çox fəal çalışır. Ölkədə internetin verilməsində müəyyən problemlər olmasına baxmayaraq, onların axtarışları, təqdim etdiyi materiallar rəğbət doğurur. Bu da nəyə bağlıdır? Azadlığa, sərbəstliyə və peşəkarlığa. İnsanlar dərk etməlidir ki, müharibə tək cəbhə bölgəsində, döyüş meydanında əsgərin şücaətindən ibarət deyil, həm də arxa cəbhə var. Bu gün mövzu həddindən artıqdır. Televiziyalar mövzu seçmək baxımından bir az çətinlik çəkir, amma internet mediada bu, o qədər də hiss olunmur.
Qulu müəllim, istərdim informasiya müharibəsinə də toxunaq. Bu cəbhədə vəziyyət necədir? Doğru aparılırmı, əslində, necə olmalıdır və ortaya çıxan mənzərə nədir?
- İnformasiya müharibəsi ilə bağlı anlayışı istərdim bir az dəqiqləşdirək. Çünki bizdə insanlara elə gəlir ki, sən döyüş meydanından reportaj çəkib verirsən, bu da olur informasiya müharibəsi. Əlbəttə, o materialların hazırlanması da müəyyən qədər əhəmiyyətlidir. Amma informasiya müharibəsinin mahiyyəti ondan ibarətdir ki, düşmən tərəfin bizə qarşı yönəltdiyi, cəmiyyətin ümumi əhval-ruhiyyəsinə, psixologiyasına təsir göstərən yalanların qarşısını alırıq. İnformasiya müharibəsinin məqsədi qarşı tərəfə təsir göstərmək, cəmiyyətin təbii halını pozmaq, xaos yaratmaqdır. Bu baxımdan, bizim cəmiyyətin bir yumruq kimi birləşməsi o informasiya zərbələrinə çox yaxşı cavabdır və olduqca adekvatdır. Hazırda biz informasiya müharibəsində, hadisələrin başladığı ilkin dövrdə buraxılan səhvləri aradan qaldıra bilmişik. Həm yerli media, həm QHT-lər, həm də xaricdə fəaliyyət göstərən soydaşlarımız kompüterin arxasından qalxmadan bu savaşı layiqincə aparırlar. Bu dəsti-xətti davam etdirmək lazımdır. Amma ümumən biz ordumuzun döyüş peşəkarlığına layiq informasiya müharibəsi aparacaq qədər hazırlıqlı deyildik. Bunun da əsas səbəbi Azərbaycanda uzun illər aparılan media-informasiya siyasətinin yanlış olması, istər kadr, istər peşəkarlıq cəhətdən yol verilən nöqsanlar idi. Bu nöqsanlar, məncə, çox təcili şəkildə aradan qaldırılır. Bunu çox əminliklə deyə bilərəm ki, son günlər həqiqətin yanında olan Azərbaycan informasiya döyüşündə Ermənistanı ciddi məğlubiyyətə uğradır. Cəbhədəki uğurlardan sonra bu da çox ciddi uğurdur.
- Son illər belə bir fikir formalaşıb ki, məlumatların, hadisələrin daha operativ çatdırılmasına görə televiziyalar sosial şəbəkələrə uduzur...
- Bütün hallarda sosial şəbəkə bir platformadır və heç bir halda media deyil. Onun heç bir prinsipi, məsuliyyəti, öhdəliyi yoxdur. Ona görə də orda verilən xəbərin yalan və doğru olması mütləq şəkildə araşdırılmalıdır. Bəzən, bizim saytlar sosial şəbəkələrdə yayılan məlumatları araşdırmadan götürüb verirlər. Bu, yanlışdır. Əlbəttə, operativlik baxımından sosial şəbəkənin misilsiz üstünlüyü var. Həmin üstünlük ondan ibarətdir ki, bizim hər birimiz özümüzü media kimi aparırıq, gördüyümüz hadisələri çəkir, yazır və dərhal paylaşırıq. Beləliklə, sinxron şəkildə hadisənin yayılması baş verir. Sinxronlaşma sosial şəbəkənin böyük üstünlüyüdür. Amma çox ciddi əskiklikləri də var. Bu nöqsanlar informasiyanın qeyri-dəqiqliyi və etik problemlərin olması ilə bağlıdır. Sosial şəbəkə bu mənada klassik mediaya uduzur.
- Hazırda mediada, xüsusilə televiziyada peşəkar və tanınan jurnalistlərin bir qismi sizin şinelinizdən çıxıb. Bu gün onlara və mediaya yeni qədəm qoyan jurnalistlərə, televiziya və radio aparıcılarına tövsiyəniz nədir?
- Xüsusi bir tövsiyəm yoxdur. Dərslərimdə nə demişəmsə, yenə də onu deyəcəm. Dürüst, dəqiq, qərəzsiz olun! Peşəkarlığınızı artırın. İstənilən jurnalistin gücü həqiqətin yanında olmasında və onun peşəkarlığındadır.
Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10