Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gecə Şuşanı qaytarırdılar, elə sevinirdi Kəlbəcər, Laçın...


Gözəl insan, gözəl şair Ramiz Qusarçaylının
“Qaytarın, Şuşamı, qaytarın mənə” şeirinə

Bu gecə Şuşanı qaytarırdılar,
Millət qayıdırdı yurduna sarı.
Gəlib mənzilinə çatmışdı artıq,
Mənim gözlədiyim həsrət qatarı.

Dərdi sökülürdü bənövşələrin,
Eyni açılmışdı Xarıbülbülün.
Elə bil ömrünə ömür gəlmişdi,
O yarı çiçəyin, yarı bülbülün.

Bu gecə Şuşanı qaytarırdılar,
Bu qərib gecədə yuxuya bir bax.
Başı papaqsızlar durub gəlmişdi,
Hər kəsin başında bir yekə papaq.

Lazım da gəlmişdi bu ayrılıqdan,
Yarı təngənəfəs,yarı ağappaq.
Elə sevinirdi çiçəkli dağlar,
Sevinc içindəydi bütün Qarabağ.

Kimsə xəbər verib, xəbər göndərib,
Kişi o dünyadan durub gəlmişdi.
Zəfər gecəsində öz gəlişiylə,
Qayıdıb elləri şad eləmişdi.

Dağılmış yurdlara baxıb deyirdim,-
Bilirəm Xankəndi olacaq abad.
Hamı can deyirdi, can eşidirdi,
Nə satqın var idi, nə də təxribat.

Bəy də silahlıydı, xan da, nökər də,
Hərənin əlində silah var idi.
Mələklər çox idi şeytanlarından,
O gecə mən deyən Allah var idi.

Hər yandan gəlirdi Cabbarın səsi,
Mən də ruhlanırdım Bülbül səsindən.
Ruhu sevinirdi Natəvanın da,
Yenə “Qarabağın şikəstəsindən”.

Şuşa dağlarına haray salırdı,
Qurbanın, Sadığın, Ramizin tarı.
O gecə sevincə qərq eləmişdi,
Doğma Qarabağdan ayrılanları.

Göydən nur yağırdı, yolumuz üstə,
Elə sevinirdi Kəlbəcər, Laçın.
Düşmənin əlinə asir düşən qız,
Cırıb üzlərini yolmurdu saçın.

Əlində qılıncı Ağ atlı oğlan,
Şıqıyıb keçirdi Cıdır düzündən!
Sevinc tökülürdü, nur tökülürdü,
Dərdli anaların üzü-gözündən!

Torpaq canlanırdı doğma nəfəsdən,
Əsirdi dağlardan meh narın-narın,
Başına göylərdən daş ələnirdi,
Namərdin, nankorun, qurumsaqların.

Mən də dillənirdim Göçəgülümnən,
Qəlbim kövrək, incə , sarı simiydi.
Qalxırdı torpaqdan şəhidlərimiz,
Qanlı köynəkləri bayraq kimiydi.

Pənah xan torpağı bağrına basıb,
Ayrıla bilmirdi o gülüzardan.
Sultan bəy eşidib bu xoş xəbəri,
Boylanıb baxırdı qərib məzardan.

Bu zəfər gününü, el bayramını,
Sevinən yurdlarım alqışlayırdı.
Əsarətdən çıxan azad Qarabağ,
O gecə hamını bağışlayırdı.

Gəlmişdi o yurdun, elin sahibi,
O gecə dağ-dağa arxalanırdı.
Şuşa dağlarının zirvələrində,
Üç rəngli bayrağım dalğalanırdı.

Tutmuşdu hər yanı gül-çiçək ətri,
Getmişdi dağlardan qara dumanlar.
Onu bilirəm ki, sabah çin olan,
Şairin qəribə yuxyuları var.

Bakı,26.09.2018

Nəsib Verdiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10