Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

72 il öncə Aşqabad necə xaraba qalmışdı – 176 min insan ölümü ilə nəticələnən zəlzələ


Kütləvi qırğınlara səbəb olan hadisələr təkcə müharibələrlə bağlı deyil. Təbii fəlakətlər də zaman-zaman on minlərlə, yüz minlərlə insanın həyatına son qoyub. Bu cür təbii fəlakətlərdən biri də 1948-ci ildə Aşqabadda baş verib. Dünya tarixində ən dəhşətli fəlakətlərdən biri sayılan Aşqabad zəlzələsini UNESKO 20-ci əsrin ən dağıdıcı fəlakəti kimi tanıyıb.
Aşqabad zəlzələsi 1948-ci ildə oktyabr ayının 5-dən 6-na keçən gecə saat 02.17-də baş verib. Birinci təkan Rixter şkalası ilə 7.3 bal gücündə 5-8 saniyə davam edib, davamlı təkanların sonrakı gücü 9 bala çatıb.
Zəlzələnin gecə baş verməsi insan ölümlərinin sayının daha çox olması ilə nəticələnib. Zəlzələnin tam təfərrüatları, dəqiq ölüm sayı uzun illər ictimaiyyətdən gizlədilib. İlkin rəqəmlər kimi ölənlərin sayı 36-37 min göstərilib. Amma sonralar məlum olub ki, zəlzələdə 150-160 min nəfər ölüb. 2010-сu ildə isə Türkmənistan prezidenti çıxışlarının birində zəlzələ qurbanlarının sayının 176 min nəfər olduğunu söyləyib. Ölüm sayı ilə bağlı mübahisəli məqam ondan irəli gəlib ki, 1948-ci ildə zəlzələ baş verən zaman Aşqabadın əhalisi 126 min nəfər olub, paytaxta bitişik olan rayon, qəsəbə və kəndlərdə ölənlərin sayı rəqəmlərdə öz əksini tapmayıb.
2199_03.jpg (111 KB)
Aşqabad zəlzələsi bir göz qırpımında şəhəri xarabazara çevirib. Şəhərdə olan tikililərin 90-97 faizi dağılıb. O cümlədən bütün kommunikasiya, elektrik, su, qaz xətləri yarasız vəziyyətə düşüb.
Zəlzələdən sonra on minlərlə insan şəhərdən təxliyə edilib. Bu məqsədlə 120 hərbi və sərnişin təyyarələrindən istifadə edilib. Dəmiryol xətləri təcili bərpa olunaraq qatarları da təxliyə işlərinə cəlb ediblər.
Zəlzələyə qədər Aşqabadın şəhəri 5 min hektar ərazini tutub. Şəhərdə 9400 tikili olub. Tikililərdən 6719-u birmərtəbəli həyət evləri, 227-si iki-üç mərtəbəli bina evləri, qalanları isə inzibati binalar, məktəblər, xəstəxanalar olub ki, bu tikililərin yuxarıda qeyd etdiyimiz kimi, 97 faizə qədəri tam dağılıb, digərləri isə ciddi zədələnib.
turkmenistan_earthquake_1948_061018.jpg (128 KB)
Zəlzələ nəticəsində bütün istehsalat müəssisələri, o cümlədən 15 xəstəxana, 19 poliklinika, 5 doğum evi, 27 uşaq bağçası, 23 məktəb, 16 texnikum, SSRİ Elmlər Akademiyasının Türkmənistandakı filialının 5 elmi-tədqiqat institutu dağılıb.
Aşqabadda fəaliyyət göstərən 198 istehsal müəssisəsinin anbarlarda olan 600 milyon rubl həcmində xammal zəlzələ nəticəsində istifadəyə tam yarasız vəziyyətə düşüb.
İlk dəfə zəlzələ haqqında geniş açıqlamalar 1989-cu ildən başlayaraq ictimaiyyətə təqdim oluunub. Həmin hadisələrin canlı şahidi olan akademik Dmitri Nalivkinin Aşqabad zəlzələsi ilə bağlı 1981-ci ildə yazdığı kitab 1989-cu ildə çap olunub.
Akademik öz kitabında zəlzələnin ilk dəqiqlərini belə xatırlayıb:
A1_default_d_850.jpg (113 KB)
“1948-ci ilin oktyabrın 5-də Aşqabada ezamiyyətə getmişdim. Təyyarə Türkmənistanın paytaxtına günortadan sonra endi. Məni hava limanında qarşıladılar, ən yaxşı mehmanxanaların birində yerləşdim. Həmin gün üçün heç bir planım yox idi. İstirahət etmək istəyirdim. Axşamüstü Mərkəzi Komitənin nümayəndəsi mehmanxanaya gəldi və bildirdi ki, həmin günə müşavirə planlaşdırılıb. Etiraz etmək istədim. Amma gələn adam Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şadja Batırovun adından gəlmişdi. Buna görə də hazırlaşıb Mərkəzi Komitəyə yollandım. Müşavirə axşamdan xeyli keşmiş, saat 23.30-da başlandı və gecə 2-dək davam etdi. Müşavirə yekunlaşdıqdan sonra elə Mərkəz Komitənin binasında yoldaşlarla ayaqüstü söhbət edirdik, fikir mübadiləsi aparırdıq. Birdən güclü partlayış səsləri eşidildi. İlk anda elə anladım ki, Mərkəzi Komitənin binasını bombalayırlar, düşündüm ki, bu kimə lazımdır axı. Sonra bina silkələnməyə başlandı. Mən yıxılmamaq üçün özümü pəncərənin qarşısına yetirdim və çərçivədən yapışdım. Silkələnmə bir neçə saniyə davam etdi. Bu saniyələr ərzində özümə gələndə gördüm ki, pəncərənin çərçivəsindən asılı qalmışam.
images.jpg (95 KB)
Gecə olmasına baxmayaraq, şəhər ağ tozanağın içində bir işıqlığa bürünmüşdü.. Bu işıqlıqdan isə dəhşətli səslər, hayqırtılar gəlirdi. Təkanlar davam edirdi, şəhər saniyələr içində dağılırdı. Dəmiryolu xətləri, aerodrom, yollar darmadağın olmuşdu, telefonlar, teleqraf xətləri, bir sözlə, bütün rabitə vasitələri sıradan çıxmışdı. Mərkəzi Komitənin yaxınlığında yerləşən hərbi hissə də yerlə yeksan olmuşdu. Küçələrdə heç milis də gözə dəymirdi. Ölüm, çaşqınlıq, panika, qorxu, uçan evlər, göz qabağında uçqunların altında qalanların naləsi, imdad istəməsi kimi səhnələr olduqca dəhşətli idi. Birinci katib mənə dedi ki, uzağa getməyim, Mərkəzi Komitənin həyətindəki bağda qalım. Yaşlı qapıçı bağa iki stul və stol gətirdi. Biz əyləşdik. 5-10 dəqiqə keçməmiş Mərkəzi Komitənin katibi alt paltarında “Yoldaş Batırov” qışqıra-qışqıra təngnəfəs bağa gəldi. Birinci katibin sağ olduğunu görüb toxtadı. Sonra Mərkəzi Komitənin digər katibi gözü yaşlı bizə yaxınlaşdı. Onun iki oğlu ölmüşdü. Bir azdan Mərkəzi Komitənin bütün işçiləri bağa yığışdılar. Onların arasında bir nəfərin, səhv etmirəmsə, təbliğat şöbəsinin müdirinin bütün ailəsi ölmüşdü. Mərkəzi Komitə respublikanı bu bağdan idarə edirdi. Bu kiçik bağ zəlzələdən sonra yaradılmış qərargahı xatırladırdı...”
загружено.jpg (88 KB)
Qeyd edək ki, zəlzələ zamanı Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şadja Batırov olub. O, respublikaya 1947-1951-ci illərdə rəhbərlik edib. Zəlzələnin nəticələrinin aradan qaldırılmasında, Türkmənistan paytaxtının yenidən qurulmasında onun üzərinə böyük yük və məsuliyyət düşüb.
1995-ci ildən başlayaraq hər il oktyabrın 6-sı Türkmənistanda zəlzələ ilə bağlı anım günü qeyd olunur, dövlət bayraqları endirilir. Həmçinin 6 oktyabr Türkmənistanda qeyri-iş günü sayılır.
Onu da qeyd edək ki, Aşqabad zəlzələsi ölkəmizdə yeni bir zərbül-məsəlin yaranmasına səbəb olub. Yeri düşəndə adamlar məhv olmuş, batb getmiş nəsnə haqqında deyirlər: “O, Aşqabad batan kimi batdı”.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10