Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağda hər kənd bir dünyadır – Zəfərin kiçiyi olmur!


İkinci Qarabağ savaşı bizim azadlıq müharibəmizdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə xilaskar missiya yerinə yetirir: doğma Qarabağ işğaldan azad edilir!
Qarabağda erməni tapdağından qurtulan hətta bir daşa görə ürəyimiz dağa dönür. Çünki o Vətən daşıdır!
Erməninin qovuluduğu, mənfur düşmən ayağı artıq dəyməyən bir addım boyu, bir adam duracaq qədər torpağımızın xilası qürur verir. Çünki o torpağı geri almaq üçün igidlərimiz sinəsini sipər edib! Bəzən bircə səngəri almaq üçün igid əsgərimiz qəhrəmancasına düşmən üstünə şığıyır, yaralanır, şəhid olur.
Əlbəttə, bir gün – müharibə böyük qələbəmizlə tamamlandıqdan sonra real döyüş səhnələrini də izləyəcək insanlarımız. Əyani görəcəklər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xilaskar Ordumuz hansı şücaətləri göstərib.
Və həm də onu görəcəyik ki, bir kəndi hansı zülmlə, hansı fədakarlıqla düşməndən azad edir əsgərimiz...
Təbii, insanlarımız bunu da bilir, fərqindədir.
Son olaraq Ali Baş Komandan 8 kəndin azad edildiyini açıqlayanda insanlarımız eynilə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri azad ediləndə necə sevinmişdilərsə, buna da ondan iki qat artıq sevinirdilər. Çünki 30 ildir həsrətini çəkdiyimiz və bu gün Azərbaycan bayrağı sancılan hər bir kənd özlüyündə ayrıca bir dünyadır! Bəli, Qarabağda hər bir kənd müqəddəsdir, bir dünyadır bizim üçün! Xilas olan o səkkiz kənd 8 dünya deməkdir Azərbaycan insanına!
Təbii, böyük əksəriyyətimiz bu cür düşünürük. Amma bir qism pafoslu, küy salmağa meylli insanların qərib fikirləri də rastıma çıxır sosial şəbəkələrdə. Onlar yazır ki, niyə hər gün bir rayonu almırıq, niyə gedib artıq Şuşada, Xankəndində dayanmamışıq... Bu cür mövqeli insanların hansısa pis məqsəd daşıdığını iddia etmək insafsızlıq olardı. Sadəcə səbrsizlikdir. Bir az da bir kəndin, bir döyüşün nə demək olduğunu təxmin edə bilməməkdir.
Əvvəla, nəinki 8, 10 kənd, bir kənd belə qətiyyən kiçik ərazi, miqyas demək deyil. Bir kənddə 100-150 ev var, bu o deməkdir ki, azı 500 məcburi köçkünümüzün yurdu azad olunur.
Bir kəndin xilasının nə boyda qələbə olduğunu bilmək üçün 2016-cı ildə azad etdiyimiz, bugünkü qələbələrimizin başlanğıcı olan Cocuq Mərcanlı kəndini xatırlayın. 4 il bir kəndin qələbəsi ilə döyündü ürəklərimiz. Hamımız getdik fəxrlə bir balaca kənddəki zəfərimizə şahidlik etdik, şəkillər çəkdirdik.
İndi isə təsəvvür edin: Cəmi 1 ay ərzində 200-ə yaxın kənd, 4 rayon mərkəzi, Murovdağ yüksəkliyi, Xudafərin, Suqovuşan kimi müqəddəs bir yerləri işğaldan qurtarmışıq. Bu fantastikadır hərb tarixində əslində! 1 aya işğaldakı torpaqlarımızın demək olar ki, yarısını azad edib Rəşadətli Ordumuz!
Təsəvvürünüzə gətirin ki, 30 il ərzində ermənilər bu ərazilərdə necə istehkamlar, tələlər qurub. Hər yeri minalayıb gedirlər geri çəkildikcə. Üstəlik bəzən yağış, bəzən duman və hər yan da mənfur düşmən! Lağım atıb, tunellər qazıb gizlənənlər də var diversiya üçün. O gün ələ keçən bir qrup erməni əsirlərinin çıxışını dinlədinizmi? Demədilərmi bunkerdə düz 10 gün gizləniblər, sonra ələ keçiblər?!
Bir kənd uğrunda döyüş gedir, bitiririk, oranı alırıq. Sonrakı kəndə kor-təbii girmir nizami, peşəkar ordumuz! Azı 1-2 gün növbəti əraziyə girmək üçün minasız yollar müəyyən edilir, taktika qurulur, yeni qüvvələr köməyə gəlir, yeni mövqelər tutulur...
Və onu da təsəvvür edin, bəzən döyüşlər dəniz səviyyəsindən 1000-1500 metr yüksıkliklərdə gedir. Daha dəqiqi, döyüş dağlara doğru irəliləyir. Yüksəkliyə qalxmaqla döyüşüb, torpaq azad etmək bilirsiniz nə deməkdir, nə cür olur bu işin zəhməti, çətinliyi?
Bakıda 5 mərtəbəli binanın 5-ci mərtəbəsi dəniz səviyyəsindən təxminən 70 metr hündürlükdə yerləşir. Bu yüksəklikdə 5-ci mərtəbəyə qədər pilləkəni - təxminən 20 metri qalxandan sonra çoxları özünü evinin koridoruna atıb, təngnəfəs su istəyir, yarım saat özünə gəlmir. Qəfildən arvad desə ki, bəs, yadımdan çıxmışdı deyim, aşağıdan 5 kilo soğan-kartof alıb qaldırmaq lazımdır evə, gözü qaralır bəri başdan. Amma bu cür adamlar deyir ki, niyə əsgərlərimiz dağlarda, dərələrdə döyüşləri maksimum sürətləndirib, tezcə bitirmirlər söhbəti...
Erməninin kənar güclərin də köməyi ilə 4 ilə işğal etdiyi Qarabağın yarısını müzəffər ordumuz 40 gündən də az müddətə xilas edib! Başa düşürsünüz bu nə deməkdir? Bilirsinizsə, bəs niyə “ee, yenə kəndlər alıblar sadəcə, rayon yoxdur, niyə Şuşa qaldı, Laçin qaldı” kimi fikirlər haradan ağlınıza gəlir, necə bunu dilə gətirə bilirsiniz?
Mənə elə gəlir ki, “daha sürətli, daha sürətli” deyənlər, 90 km/saat sürət həddi qoyulmuş yolda 200-lə sürüb, qəzaya düşüb həlak olacağının fərqinə varmayan tiplərdir təxminən...
Kor-korənə “irəli” düşüncəsi ilə aparılmır müharibə. Hər kiçik bir yanlış böyük itkilərlə nəticələnə bilər. Bizim məqsədimiz həm də ilk növbədə hərbçilərimizi qorumaqdır.
Döyüşün qaydası var, qanunu var, üstəlik də Azərbaycan Ordusu misli görünməmiş taktika həyata keçirir: ən az itki, uyğun sürət, düşməni daha çox itkiyə məruz qoymaq! Vətən uğrunda döyüşən orduya, komandana, komandirə heç bir halda heç bir irad bildirilə bilməz. Ali Baş Komandan bəyan da edib ki, nəyi nə vaxt, necə etməyi hamıdan daha yaxşı bilir! Eynilə də peşəkar ordu hansı ərazini necə, hansı taktika ilə xilas edəcəyini hamıdan yaxşı bilir...
Və nəhayət, Azərbaycan son 200 ildə ilk dəfədir ki, torpaq alır. Son 30 ildə də Qarabağ gözləmişik. 1 aya yarısını artıq ordumuz alıb. Bu boyda tarixi, möhtəşəm uğurun qarşılığında indi bəzilərinin səbirsiz davranışları təəccüblüdür...
200 ildə torpaq itirən ölkənin insanlarının bəziləri indi 200 yaşayış məntəqəsini bir aya, 8 kəndi bir gündə düşməndən almağa “azdır” deyirlər. Hansı ki, yuxarıda dediyimiz kimi, o kəndin hər biri bir dünyadır. Hətta bir oba belə müqəddəs qələbəmizdir.
Hər qələbə, hər kənd, hər şəhər, hər məhəllə bir tarixdir Qarabağda! Əsgərimizin zəfərinin böyük-kiçiyi yoxdur!
Elşad MƏMMƏDLİ
"Yeni Müsavat"





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10