Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təmənnasız dərzilik edən Lənkəran sakini: “Tikdiyim bayraqları Şuşadan asacaqlar!”


Günel Mehrinin “Müharibə sevdası” yazısını təqdim edirik.
Lənkəranın qoynunda hər gecə mışıl-mışıl uyuyan, hər sabah Günəşə ümidlə boylanan şipşirin bir talış kəndi xəyal edin. Adı: Kərgalan.
Sonra arabir öz dillərində şirin-şirin danışan talış xalaları, dayıları, babaları, nənələri düşünün. Hamısının gözləri yolda, qulaqları səsdədir. Müharibədən xoş müjdə gözləyən kim, ön cəbhədəki əzizindən bir cümləlik xəbər uman kim.
İlk baxışdan nə adıyla diqqət çəkir, nə görünüşüylə. Yolları çınqıllı, tozlu, ağacları sapsarı limonlu, feyxoalı, balacaları yeməli, ahılları nurani, qapıları, eyvanları üçrəngli bayraqlı.
Diqqət etdikcə bayrağa bürünmüş bir kənd görürəm. Sağa baxıram bayraq, sola baxıram bayraq. Külək əsdikcə kəndin o başında da, bu başında da, dükanda, maşında da müxtəlif ölçülü bayraqlar yellənir.
Diqqətimi çəkir bu bayraq sevgisi və bayraqlı evlərdən bunun səbəbini öyrənə-öyrənə az gedirəm, üz gedirəm, gəlib hara çıxsam yaxşıdır? Bapbalaca bir dərzi dükanına.
Bu balaca dərzi dükanında ürəyi geniş biri var: Mehman dərzi. Üzügülər, sakit təbiətli, mehriban bir insan. Hər gün velosipedinə minib limonlu-əzgilli həyətindən balaca dükanına yol alır. Və dükanına girər-girməz tikiş maşınının səsi eşidilir.
Bayraq tikir Mehman dərzi!
Düz bir aydır!
Özü də cəbhə üçün, əsgərlər üçün.
Pulsuz-parasız.
Səmanın mavisini, günəşin alına, onu da çəmənin yaşılına qatır, üstünə də qayçıyla kəsdiyi bəmbəyaz bir ay, bir də ulduz bənd edir.
Olur Vətən!
Olur Azərbaycan!
Olur bayraq!

Sonra bu bayraqları qonşu kənddən-kəsəkdən bayraq sorağıyla gələn uşaqlar, gənclər sevinə-sevinə götürüb evlərinə, maşınlarına sancırlar.
Mehman dərzinin cəbhədə döyüşən oğluna duaçı olurlar:
“Allah oddan-alovdan qorusun! Sağ-salamat dönsün evinə!”
Mehman dərzi özü də, ömür-gün yoldaşı da hər axşam, hər səhər əlini göylərə açıb eyni duaları edir. Ön cəbhədə düşmənlə göz-gözə vuruşan bircə oğlu üçün, Azərbaycan əsgəri, Azərbaycan ordusu üçün, Qarabağ üçün...
Bəlkə, kimsə deyər, bayraq tikməyə nə var? Parçadır da. Qoyub kənarlarını tikirsən, olur bayraq. Amma tikmək var tikmək var!
Nə dediyimi duymaq üçün gərək ərinməyib Kərgalana yol alasınız. O bayraqları tikərkən Mehman kişinin şövqünü görəsiniz, gözlərindəki həvəsin işığını hiss edəsiniz.
Məncə, Mehman dərzi o bayraqlara öz sevgisini də büküb paylayır və asıldığı yerlərdə üçrəngli bayraq sevgi saçır.
Bu sevginin adı Vətəndir!
Söhbət eləyə-eləyə Mehman dərzinin yanına düşüb cənnət kimi həyətinə gəlirəm. Ağacdan öz əllərimlə dərdiyim limonla çay içirik. Mehman dərzi, yoldaşı Şölə xanım və mən təmiz havadan uda-uda qarşı-qarşıya oturmuşuq.
Bu sadə, qonaqpərvər insanlar cəbhədən danışır və mən başa düşürəm ki, müharibə qəhrəmanları təkcə ön cəbhədə yaranmır. Arxa cəbhənin də öz qəhrəmanları var.
Yeganə oğlu Orxanı Vətən müharibəsinə yollayıb cəbhə üçün pulsuz bayraq tikir:
- Qələbədə mənim də bir az payım olsun – deyir.
Lənkəran, Masallı, Lerik camaatını pay verdiyi bayraqlarla şad edən Mehman dayı üçün Qarabağ həm də Lənkərandır.
Mehman dayı da qarabağlıdır.
İndi heç vaxt olmadığı qədər yumruq misalı birləşib bu xalq. Bütün çətinliklərə, gərginliklərə rəğmən pozitivdir, nikbindir, qələbə sevdalıdır.
İllərlə Vətən müharibəsini için-için gözləyib.
Tək elə buna görə qələbə onun halal haqqıdır!
Mehman dayının gözləri yol çəkir. Elə bilirəm, fikrən Qarabağa gedib. Səngərə - oğunun yanına:
- Tikdiyim bayraqların Şuşada dalğalanacağı günə lap az qalıb Xankəndindən də asılacaq bu bayraqlar. Oğlum qələbə müjdəsi ilə qayıdanda bu həyətdə onu bayraqla qarşılayacam.
Bir də deyir, siz də duaçı olun oğluma. Bunu qəribə pıçıltıyla deyir. Elə bil, səsli düşünür həmin an. Və mən üzümü mas-mavi səmaya əsgərimiz üçün dua edirəm: Tanrı səni qorusun, Orxan! Salamat qayıt. Bu həyətdə toyun çalınsın. Mən də əlimdə xonça Mehman dayıyla Şölə xanıma gözaydınlığı verim!
...Lənkəranın qoynunda hər gecə mışıl-mışıl uyuyan, hər sabah Günəşə ümidlə boylanan şipşirin bir talış kəndi xəyal edirəm. Adı: Kərgalan. İndi ordakı həyətlərində Namiq dərziylə Şölə xanım limonlu çaydan qurtumlaya-qurtumlaya cəbhədən müjdəli xəbər gözləyir...

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10