Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erkən nikah çarə deyil


(1-ci yazı)

Bu bəladan necə qurtarmaq olar?

Masallı rayonunun təcrübəli pedaqoqlarından sayılan Vidadi Nəzərov qeyd edir ki,   bizim görünən və görünməyən yaralarımız var. Məsələn, ürəyimiz xəstə olanda çox da təşvişə düşmürük. Lakin əlimiz üstündə bir çiban olanda ciddi narahat oluruq. Ekrən nikah da belə görünməz yaralarımızdandır. Təəssüf ki, erkən nikah yarası son illər bir çox, eləcə də Masallı rayonunda çox yayılmışdı və nə yaxşı ki, axır vaxtlar  bu vəziyyətdə yaxşılığa doğru dəyişir. Erkən nikahla bağlı heç kim günahı başqasının üstünə atmamalı, bu sahədə hər kəs bacardığını etməli, imkan daxilində nümunə göstərməlidir

Cəmiyyətin “xoş xassəli” xərçəngi -  adlanan erkən nikahla bağlı ortada maraqlı suallar  və məqamlar var. Aşağıdakı infoqrafikada bunu əks etdirməyə çalışmışıq.



Son illərin ən  “xoş xassəli” yarasına çevrilən erkən nikahlarla bağlı az qala yüzlərlə tədbir keçirilsə də, digər maarifləndirmə, cəzalandırma işləri görülsə də, problem hələ də aktuallığını saxlayır. Çünki hələ də erkən nikah qurbanları var. Və hələ də azyaşlılara nikaha girmək istəyən insanlar kifayət qədərdir. Elə bu günlərdə ATV kanalında bir qadının etirafları yayıldı. O bildirdi ki, 14 yaşı olanda 44 yaşlı imkanlı bir adama ərə gedib. Əvvəllər əri ona çox yaxşı baxsa da, əri vəfat etdikdən sonra çətin duruma düşüb.

Erkən nikah qurbanlarında birinin hekayəsi:

Gülnaz Əliyeva: - Mənim hələ 15 yaşım yox idi. Məktəbə də getmirdim. Çox kasıb yaşayırdıq. Anam da, atam da ağır xəstə idi. Çıxış yolu kimi məni imkanlı bir adama ərə verməkdə gördülər. Hətta belə bir adamı özləri axtarıb tapdılar. Həmkəndlimiz idi. Amma Rusiyada yaşayırdı. Cehiz-filan da istəmirdi. Ortabab bir toy da elədi. Məndən 23 yaş böyük idi. Məni özü ilə Rusiyaya apardı. Bəlli oldu ki, orada da bir arvadı var. Gününün çoxu həmin qadının evində keçirdi.  3 il birgə yaşasaq da, evə ayda 1-2 dəfə gəlirdi. Bir az ərzaq verib gedirdi. Deyirdi, atan səni mənə satıb, atana pul vermişəm. Sonra məni evdən qovdu. Oradakı azərbaycanlılar pul yığıb 2 uşaqla birgə məni kəndə yola saldılar. Artıq atam ölüb. İndi gəlib Bakıda səhər 8-dən axşam 10 qədər qab yuyur, zir-zibil daşıyıram ki, bir təhər dolanım.

 “Təmiz qız”, yaxud “ev qızı” axtarışı

Yazının əsas hədəfi Masallı rayonundfa  erkən nikahlardır. Burada isə bir sıra adətlər çox sərtdir. Necə deyərlər, “təmiz qız”. “ev qızı”axtarışında olan gənclər, xüsusən də Rusiyada və başqa ölkələrdə yaşayan azərbaycanlılar belə düşünürlər ki, nə qədər azyaşlı “ev qızı”  alsalar, o daha təmiz, daha saf, “yad əli” toxunmayan qız olar. Eləcə də valideynlər düşünür ki, “qız yükü duz yüküdür, ondan nə qədər tez azad olsa, o qədər yaxşıdır”. Belə xoşagəlməz hallara şərait yaradan hallardan biri, hələ də, bəzi yerlərdə qədimdə  “göbəkdəsdi” deyilən mənfi ənənənin az da olsa qüvvədə qalmasıdır. Belə ki, qız uşağı anadan olanda, yaxud aşağı sinifdə oxuyanda onu həmyaşıdı olan qohumunun, yaxud dostunun oğluna “ad edirlər” ki, bu uşaqları böyüyəndə  bir-birinə ər-arvad edəcəklər. Bəzən də, o qədər tələsirlər ki, həmin qız uşağının hələ 9-10 yaşı olanda onu oğlan evinə aparıb, 2-3 il “qonaq” saxlayıb,  sonra bəyin yanına gəlin kimi göndərirlər. Hətta yaxın keçmişdə belə bir “qara yumor” da var idi ki, nalçanı azyaşlı qıza at, yıxılmasa ərə gedə bilər.

2000-2016-ci illərdə bu sahədə vəziyyət çox acınacaqlı olub

Həmin 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı 6 dəfə, 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2 dəfə artıb. Statistikaya nəzər salaq:


Bu rəqəmlər hökuməti həyəcan təbili çalmağa məcbur edib. Belə ki, 2011-ci ildə Azərbaycanda ailə quran oğlan və qızların nikah yaşı 18-ə qaldırılıb. Bundan əlavə mütəmadi olaraq, bütün istiqamətlərdə   təbliğat işləri aparılıb, bu işə rəvac verənlər ciddi cəzalandırılıb. Problem tam aradan qaldırılmasa da inzibati və ictimai nəzarət artırılıb. Yekunda bu sahədə nisbətən irəliləyişlər yaranıb.

Göründüyü kimi, 2009-2011-ci illərdə nikaha girən qızların sayı ölkə üzrə 4-5 min nəfər olurdusa, hökumət yaş həddini 1 il artırandan sonra isə nəzərəçarpacaq dərəcədə azalaraq 1951-ə enib. Bu azalma sonrakı illərdə də davam edib. (2014-ci il istisna olmaqla).

 Əgər əvvəllər 18 yaşa qədər nikaha girən oğlanların sayı 45-50 arasında olurdusa, yaş fərqi qaldırılandan sonra bu rəqəm bir çox yerlərdə az qala sıfıra enib.

Bəs 18 yaşa qədər icazəli nikahların sayı nə qədərdir? Cənub rayonları üzrə statistik məlumatlar araşdırılarkən məlum olub ki, ən çox icazəli nikahlar, yəni 17 yaşı tamam olan gənclərə həmin yaşda nikaha girmək üçün razılıq məktubu 2018-ci ildə Masallıda verilib - 25 nəfərə (1 nəfərin müraciəti rədd edilib.) Həmin müddətdə əhalisi Masallıdan çox olan Lənkəranda 6, Masallıdan əhalisi qismən az olan Cəlilabadda 7, əhalisi Masallıdan 2 dəfədən də az olan Astarada isə cəmi 1 nəfərə razılıq məktubu verilib.

Masallıda rəsmilər bunu onunla izah edirlər ki, hər şey aşkar və qanuni olsun, kimlərsə  rəsmi nikahdan kənar ailə qurmasın deyə bu sahədə hər addımı rəsmiləşdiriblər.

Doğrudanmı, 30-35 yaşlı qızlar “qarımış” qızlardır?

Nikah yaşı “cavanlaşdıqca”, 30-35, bəzən 27-28  yaşlı qızlara da vaxtı keçmiş qızlar kimi baxır. Yaxşı ki, belə düşünənlər çox deyil.  Bu barədə statistik məlumatlar mövcud  olmasa da, ən təxmini hesablamalardan görünür ki, bölgələrdə, xüsusən ucqar kəndlərdə ailə qurmayan, dində “rəşidələr”, el arasında isə “qalmış qız” kimi adlandırılan qızların sayı kifayət qədər çoxdur. 

1-ci yazınının sonu.

Cenub.az-ın yaradıcı qrupu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10