Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Anadan olduğum kənd kimi qayıdacam sənə - Məmməd İsmayılın şeirləri


Bu gün tanınmış Azərbaycan şairi Məmməd İsmayılın doğrum günüdür. Hazırda Türkiyədə yaşayan şairin 81 yaşı tamam olur. Bu münasibətlə Məmməd müəllimi təbrik edir və onun seçmə şeirlərini təqdim edirik.

Təzədən mən sənə qayıdacağam
Düşüb aralığa həftələr, aylar,
Qalmısan ömrümün ötən ilində.
Bir həsrət sinəmdən səni haraylar,
Məhəbbət, sədaqət, sevgi dilində.
Bir eşqin uğursuz qədəmi kimi
Demə, aramızı soyudacağam.
Limana qayıdan bir gəmi kimi-
Təzədən mən sənə qayıdacağam.
Şöhrətdən gözümə gur işıq düşüb,
Elə bilmişəm ki, yenilməz dağam.
Bircə xəyalına gətir sən məni,
Fikrim də, yolum da dolaşıq düşüb, -
Həmişə narahat edirsən məni.
Kimi oyatmamış de, həsrət, kimi –
Anadan olduğum doğma kənd kimi,
Təzədən mən sənə qayıdacağam.
Yolundan, qəlbindən, yadından çıxıb,
Haçansa mən səndən buxarlanmışam.
Eşqin alovundan, odundan çıxıb,
Dolan bulud kimi qübarlanmışam.
Bir çılğın şimşəyə bəndəm ki, yağam, -
Quraqlıqda yağan yağışlar kimi,
Nifrəti soyumuş baxışlar kimi,
Təzədən mən sənə qayıdacağam.
Demə ki, ay aydan, il ildən keçib;
Hicranın görüşlə bağrını yarıb,
Döyüb könülləri, ünvan axtarıb,
Neçə gözdən keçib, könüldən keçib,
Hələ xoş duyğular oyadacağam.
Duyub gileyini, duyub ərkini,
Ünvanı səhv düşən bir məktub kimi
Təzədən mən sənə qayıdacağam.
Surətin – gözümdən çəkilən yuxu,
Bulud kirpiklərin yağışla dolu.
Mənim bu gecikmiş peşimanlığım
Həyat yollarımda bələdçim olub.
Bu yeni fərəhlə, fikirlə, hisslə
Elə bilirəm ki, körpə uşağam.
Ayların, illərin uzaqlığından
Sinəmə saldığın cığırla, izlə
Təzədən mən sənə qayıdacağam.
Təzədən mən sənə qayıdacağam!
Bağlı gözlərini kim açar indi?!
Dünya da gözəldi...Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi...

Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın...

Vaxtı da unudar baxtı unudan,
Baxdı oyaq qalan yatmaya bilər.
Hardan biləsiydin gözünü tutan,
Axırda sözünü tutmaya bilər...
İnsanı azdıran insan ağlıdı,
Nədən qaçılsa da, bəxtdən qaçılmaz.
Hər şeyin bir yerə başı bağlıdı
Dərddən bu dünyanın başı açılmaz...
Gələcək ölümmüş illərin ardı
Sirr dedin, sirrin də yeri bilindi.
Qolun bağlı olsa, kimsə açardı,
Bağlı gözlərini kim açsın indi?!
Qışın çiləsindən üzü yazaydın,
Nəydi uduzduğun, udduğun onda.
Əlinə keçmişdi...buraxmasaydın,
Bəxtin qollarıymış tutduğun onda...

Nağıl quyusunun görünməz dibi
Kəsilən kəndiri ölüm-itimdi.
Axırda, nə əl var, nə əl sahibi
Nədə ki üç kəlmə: – Tap görüm kimdi!

Ümid – korun-korun sönəcək ocaq,
İçində səssizcə inləyən uddu...
Bağlayan bağladı gözünü, ancaq
Qayıdıb açmağı çoxdan unutdu..

Gör harda fürsəti verdin əlindən
Gözünü bağlayan korun bəxtimi?
Sən xoşbəxt olmadın dərdin əlində,
Bax sənə dərd verən dərd, xoşbəxtdimi?
Sübh namazları...
...Bahar gecəsində sübh namazları,
Bulaqda su olur, könüldə arzu
Gecə yerlə göyün bu təmasları...
Bir gəmi dənizdə açır səhəri
İman namazından keçir bir gəmi,
Tanrı gözəllikdən pay əsirgəmir.
İlahi səslərə qulaq kəsilən
Sahil qayaları donmuş fikirdir,
Səcdəyə qapanan təkbirdi hər dağ.
O boğaz suları, o sahil, bu mən
Səhər namazına olmuşuq ortaq.
Unudulmuş limanlar...

Ümidləri kül olub saqqalında, saçında
Buludu tüstü bilər vaxtsız sönən ocaqlar.
Qismətinə düşən nə qərib yol ayrıcında
Qatarları yan keçən səssiz dayanacaqlar...

Görünən əməlimi görünməz mələklərin
Ömrün durğun gölündə qəfil fırtına çıxdı.
Çox şey vardı içində gələcək diləklərin,
Bircə qürbət yoxuydu, o da kartına çıxdı.
Gediş-dönüş yolları...Köçəri quşlar...Səma!
Göydən xəbər almada yer durna lələyindən.
Hicrət günortasından ömür düşdü axşama
Xəbər gətirəni yox səhər gələcəyindən..
Gecənin qucağında tənha bir bayquş səsi,
Özünə yoldaş gəzər əzik giley-güzarı.
Nə keçmiş geri dönər, nə gələcək gələsi,
Ürəyi – sevənlərin tərk edilmiş məzarı...
Sızım-sızım sızlayar dağlanmış bir ney kimi
Duyğuları qürbətin yağmurundan, qarından.
İlham ənginlərində arayışlar peykimi
Yeniliklər boylanar əski misralarından!
Heç əzəldən yoxuymuş səsi-sorağı sanki,
Soruşsan, xəbər verən tapılmaz həyatından.
Sahildə unudulmuş limanmış. Bir liman ki,
Yan almaq gəmilərin çoxdan çıxıb yadından...

Ömrün keçmiş zaman şəkilçiləri...

Sən bu təşnəlikdə milyonda birdin
Uzaqdan duyular sədası dəfin.
Özün də bilmirdin, niyə sevirdin
Haraya qaçırdın, nəydi hədəfin...
Bir yerə yozacaq bu şeiri hamı
Fərqi nə, yüz yerə yozsunlar bir də..
İlk görüş, boranlı şubat axşamı
Xəyalın gerçəyə döndüyü yerdə...
İsti bir ürəyə soyuq bir ölkə,
Nə getmək asandı, nə qalasıydın.
Sən elə Allahın lütfüydün bəlkə,
Ya elə şeytanın baş bəlasıydın.
Yaxın da deyildin, gələm yaxına
Köçəm qonşunuza, yaxında qalam.
Qürbətdən qürbətə girəm yuxuna,
Üç gecə, beş gecə yuxunda qalam.
Saçım-saqqalımdı qışın qarında,
Bəlkə sevilərdim... sevən deyildim.
Görünür arzunda, xəyallarında
Qurub yaratdığın mən, mən deyildim.
İnsan neyləməli zaman gecdisə
Nə illah elədim mən, mən olmadım.
Yəqin ürəyindən nələr keçdisə
Keçdi, ürəyindən keçən olmadım.
Yoxsa yalanıydı göydən gələn səs
Yoxsa boşunamı getdi bu səyim?
Yəni doğrudanmı örtüşə bilməz
Sənin xəyalınla, mənim gerçəyim...
Desəm bir başqası verər yerini
Ya daşam, dəmirəm, desəm, inanma.
Axşamdan sabaha zəng səslərini
Susub gözləmirəm desəm, inanma.
Nə qaldı aradan keçən bir ildən,
Tale arxasınca baxıb deyinir.
Ölüdirildəndin, ölüdirildən
Adam öldürərmi diriltdiyini?..
Üyüdüb tökdüyüm nəydi səhərdən
Qatıb-qarışdırsaq fərqi nə çıxar;
Dərələr dağlara yalvarar hərdən
Nə olar məni də zirvənə çıxar...
Başlara gələnlər gələsi tez-gec
Fərqi nə, sırası arxadı, öndü.
Arada özündən soruşdunmu heç
Yelinə uçduğun yel niyə söndü.
Gündüz xəyalındım, gecə yuxun mən
Vaxtsız ayrılıqlar hansı an olur?!
Bunamı layiqdi unutduğun mən
İnsan bu qədərmi unutqan olur?
Kimdi ünvanına çalıp-çapdığın
Nəydi yaşaması, öləcəyi nə?!
Uzaq keçmişimdə nəydi tapdığın,
Qoymadı baxasan gələcəyinə?!
Arzu tükənəndə göz niyə doymaz
İnsanın uzalı qalar bir əli;
Gələcək zamana keçməyə qoymaz,
Ömrün keçmiş zaman şəkilçiləri...
Geriyə dönəcək qış
İşığını söndürüb
əvvəlcə pəncərələr yumur gözünü
sonra
daş-divar yuxuya dalır,
dünən dünəndə qalır
və…
dünya
daha bir gün də qocalır.
Bir az aşağıda
səssiz-səmirsiz
dənizə açılır boğaz,
qara dönüşür yağış…
Günü, saatı bəlli
Və sabah yenə
Köçəri quşların qanadlarında
Geriyə dönəcək qış…

Qürbət
Sənə nələr demədim
Keçən bu on üç ildə…
Sən də pıçılda, qürbət,
Sən də bir şey pıçılda…
Üzünü görmək də pul,
Bircə dərdin havayı.
Həsrəti bilməyənə
Öyrədərdin havayı.
Üzü yox ki görəsən,
Üzünə gülən deyil.
Qürbət, əllə tutulub,
Gözlə görülən deyil.
Belə, özün-özünü
Aldadardın ən azı.
Olmasaydı yaxında
Çanaqqala boğazı.
Ya bir yaz axşamında,
Ya payız gecəsində
Səsi duyulmasaydı
Martıların səsində.
Qürbəti qəribsədər
Qərib durna qatarı.
Qayığa yelkən olan
Qağayı qanadları.
Sənə nələr demədim
Keçən bu on üç ildə…
Sən də pıçılda, qürbət,
Sən də bir şey pıçılda…
İşdi yalan söyləsəm,
Çıxart yalanı, qürbət..
Bircə Ana-vətənmiş
Yerdə qalanı, qürbət.

Yaşadım
Onsuz həyat boşunadı, boşadı,
Boşanmazdım, dünya məni boşadı.
Arxasıyla sürüklədim boş adı,
Boş-boşuna o boş adı yaşadım.
Harası var, gedə hara gəncliyim?
Dönüb getdi kərdiyara gəncliyim.
Kaş öləydim, səndən sonra gəncliyim,
Ömür adlı bir boyadı yaşadım..
Ölüm payız dumanıydı bələndə,
Nə biləydim nə olacaq gələndə…
Mən onsuz da öləsiydim öləndə,
Nə qədər ki o yaşadı, yaşadım.
Gələnləri vurulmuşdu adıma,
Gedənləri getdi mənim badıma.
Yada düşdü, daş düşəydi yadıma,
Ölüm-zülüm mən o yadı yazdım.
Dalğa kimi dərd döydükcə döşünə,
Tənha könlüm üşüm-üşüm üşünər.
Ömür demə, gün tutular, “göy kişnər,
bulud ağlar” bir bayatı yaşadım.

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10