Lazar Mayılov buradakı ovçulardan çalaxoruzu lələklərinı kütləvi şəkildə niyə alırdı?
1918-ci ildə Xırmandalı kəndinə hücum edən rus-erməni silahlı dəstələri Mayılovların vətəgəsini qarət edib, min metrlərlə balıqçı torunu, rezin geyimləri, taxta çəlləkləri və qayıqları yandırmışdılar.
Masallı rayonunun Xırmandalı kəndi zəngin tarixi keçmişi və dəyərli adət-ənənələri ilə tanınır. Bu kəndin şimalında yerləşən və milyonçu Mayılovun soyadı ilə Mayılov vətəgəsi adlandırılan ərazini bildirən toponimin də maraqlı tarixi vardır.
Kürü kralı Mayılov qardaşları niyə Xırmandalını seçdi?
Bakı milyonçusu, kürü kralı kimi tanınan Mayılov qardaşları kommersiya şirkətinin təsisçilərindən olan Danil Mayılov Rusiya imperatoru II Aleksandrın (1855-1881) 1860-cı il sərəncamı ilə mülk olaraq onlara verilmiş Xırmandalı kəndinin Xəzər dənizi sahilində balıq vətəgəsinin əsasını qoymuşlar. 1917-ci ilə kimi tam gücü ilə işləyən bu vətəgə balıq ovlanması və emalı ilə məşğul olan və öz dövrünün istehsal gücünə görə seçilən çox mükəmməl kapitalist müəssisəsi olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanda fabrik-zavod istehsalı XIX əsrin ortalarında meydana gəlmişdir, onda Mayılovun Xırmandalıda fəaliyyətə başlayan balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar.
Balıq ovu gəlirli sahə olduğu üçün vətəgələr və ov yerləri iltizama verilirdi. Belə ki, 1814-cü ildə Şəki xanlığının sərhədlərindən başlayaraq, Xəzər dənizinə qədər Kür çayında balıq tutmaq ayrı-ayrı adamlara 20 il müddətinə iltizama verilmişdi. 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycanın işğalını başa çatdıran çar Rusiyası Azərbaycanın təbii sərvətlərinə xüsusi maraq göstərirdi.
1829-cu ildə Xəzər dənizi sahilindəki balıq vətəgələri Salyan xəzinə qəyyumluğ adlı kommersiya şirkətinin ixtiyarına verildi. Şirkətin fəaliyyəti dövründə Kür çayındakı balıq vətəgələrində 660,8 min ədədə qədər balıq ovlanmışdır.
Balıqçılıq təsərrüfatına kapital qoyan yerli sahibkarlardan biri də Danil Lazareviç Mayılov idi. Onların Xəzər dənizi sahillərində, Kür və Araz çaylarında yüzlərlə balıq vətəgələri var idi. Mayılovun Xırmandalı kəndində yerləşən vətəgəsi isə daha çox qazanc verən uzunömürlü balıq emalı müəssisəsi olmuşdur.
Mayılovlar çalaxoruzu lələklərini niyə alırdı?
Bu qardaşlar - Danil, İvan və İlya Mayılovlar Qafqazda tanınmış tacır Lazar Mayılovun oğlanları olmuşdur. Lazar Mayılov XIX əsrin əvvələrində çox gəlirli sayılan vağ və ya çalaxoruzu lələyinin ticarəti ilə məşğul olurmuş. Rusiya zadəganları, Fransa və digər Avropa ölkələrinin kübar ailələri belə lələklərin həvaskar alıcıları idilər. Onlar bu lələklərdən qadınların baş geyimləri və paltarlarının çiyinlərini bəzəmək üçün istifadə edirdilər. Vağ lələklərini almaq üçün L. Mayılovun göndərdiyi tacirlər həftələrlə Xırmandalı kəndində ovçuların qonağı olar və onlardan aldıqları lələkləri toplayaraq satmq üçün aparardılar. Əldə etdiyi vəsait hesabına varlanan Lazar sonralar Kürün mənbəyində nüfuzlu balıq vətəgəsi sahibinə çevrilir və nərə balıqlarının ovlanması ilə məşğul olan şirkət yaradır. İlk vaxtlar nərə balıqlarının özü qiymətli məhsul kimi satış bazarına çıxardılırdı. Balığın kürüsü isə balıqçıların özləri tərəfindən qida kimi istifadə edilir, ya da duzlanardı. Lakin Avropa bazarlarında kürü alıcıları artdıqca, Lazar bu dadlı məhsulun ona daha çox qazanc gətirə biləcəyi qənaətinə gəlir. Beləliklə, Kürün mənsəbində nərə balıqlarından əldə edilən yüksək keyfiyyətli kürünün Avropa bazarlarında satışından böyük qazanc əldə edən sahibkar oğlanlarını da bu işə cəlb edir. Bundan sonra Mayılov qardaşları Xəzər sahilində balıq vətəgələrinə və kürü emalı sexinə sahib olurlar. Kürü kral olan Mayılovlar kimdir?
Kürü kralı adını qazanmış böyük qardaş Danil Lazareviçin doğum tarixi dəqiq məlum olmasa da, İstanbulda vəfat etdiyi məlumdur. Qeyd edək ki, D.Mayılov erməni mənşəli Bakı milyonçusu kimi təqdim edilir. D.Mayılovun Azərbaycan dilində sərbəst danışdığı, ermənicə isə bir iki kəlmə bildiyi haqqında Xırmandalıdakı vətəgədə uzun illər faytonçu, təsərrüfat müdiri və b. işlərdə çalışmış uzunömürlü kənd sakini İba baba da maraqlı xatirələr danışırmış. İba baba Bankəvə Akkuşa vətəgələrində olan Mayılovu dəfələrlə faytonla Xırmandalı vətəgəsinə gətirdiyini , onun yekəpər, zarafatcıl, cüssəli kişi olduğunu xatırlayardı.
Mayılov niyə Xırmandalı kəndini seçmişdi?
D.Mayılovun balıq vətəgəsi yaratmaq üçün Xırmandalının dəniz sahilini seçməsi heç də təsadüf olmamışdır. Vaxtı ilə Xəzər dənizi indiki kəndin mərkəzinə qədər gəlib çatmışdı və kəndin ilk sakinləri ləpədöyən qumlu sahilin hündür təpələri üzərində məskunlaşmışdılar. Tarixi məlumatlara görə, Araz çayı Kür çayına birləşmədən əvvəl Xırmandalının şimal hissəsi ilə axaraq Xəzər dənizinə tökülərmiş. Araz çayı yaz daşqınları dövründə öz məcrasından çıxaraq hektarlarla əraziləri sel suları altında qoyar, kəndin ətrafında çoxlu göllər əmələ gətirərdi. Daşqından sonra ovçular balığı elə gölməçələrdə ovlayardılar. Xüsusilə, şirin çay suyu ilə dənizdən qalxan balıqlar Mayılovun gələcək vətəgəsinin ətrafında kürü tökər, yerli camaatın dediyi kimi, kürsək edərdilər. Dəniz sahili başdan-başa tuğay qamışlıq idi və sahildən uzaqlaşdıqca su dərinləşirdi. Kəndin ilk sakinləri ilin bütün fəsillərində balıq və quş ovlamaq üçün hər cür şəraitin olduğu belə dəniz sahilində məskunlaşmaqla, həm də özlərini qida ehtiyatları ilə təmin edərdilər. Buralar çəki, kütüm, sif, çoxlarının ağ balıq adlandırdığı nərə, ziyad və başqa balıq növləri ilə xeyli zəngin olurdu. Belə bir əlverişli mövqe sahibkar D.Mayılovun da nəzər-diqqətindən kənarda qalmamışdır. Vətəgənin ərazisinin ələ keçirilməsi üstündə balıq sahibkarları arasında başlanan mübarizədə D.Mayılov uğur qazanır. Vətəgənin ərazisi dəqiqləşdirildikdən sonra tikinti işlərinə başlanır. Balıq emalı müəssisəsinin tikintisinə Rusiyanın Həştərxan şəhərindən mütəxəssislər cəlb edilir. Tikintidə Xırmandalı və qonşu kəndlərdən gələnlər də muzdlu fəhlə kimi çalışırdılar. Burada inşaat işlərində istifadə edilən taxta-şalban və qırmızı kərpic yük gəmiləri ilə Bakı və Həştərxan limanlarından gətirilirdi. Sonralar Xırmandalı və Hacıtəpə kəndlərində bişirilən qırmızı kərpicdən də şirkət istifadə etmişdir.
Şirkətin Xırmandalıdakı balıq vətəgəsi emal sexi, anbar, soyuducu kamerası, dülgər sexi, fəhlə yataqxanası, kontor(ofis) binası və.s yerləşdiyi on hektardan artıq ərazini əhatə edirdi.
Yaşlı yerli sakinlərin bildirdiyinə görə, Balıq vətəgəsinin açılış mərasimi çox təmtəraqlı keçirilib. Deyilənlərə görə, açılış mərasimində Xırmandalı camaatının Danil xozeyin adlandırdıqları sahibkar D.Mayilov və onun yaxınları da iştirak ediblər. Hətta balıq tutmaq üçün ilk toru da Mayilov özü dənizə salmış və xeyir-dua vermişdir.
Burada urxana adlanan
süni adalar niyə yaradılırdı?
Balıq vətəgəsində tikinti işləri aparılan vaxt dənizdə də işlər görülməkdə idi. Mütəxəssislər tuğay qamışlıqda gəmilərin gəliş-gedişini asanlaşdırmaq üçün dərin arxlar qazır, gəmilərlə kənardan torpaq daşıtdırıb süni adalar yaradırdılar. Camaat bu adaları urxana adlandırardı. Urxanaların üzərində yaşayan fəhlələr tutulan balıqları çeşidləyir, yarıb duzlayırdılar. Köndələn, Səlyan yolu, Seyid Xaraba, Adıgözəl, Xol, Saleh, Qareyçə, Kürdədi və b. gəmi yolları üzərində salınan urxanalar, balıq tutmaq uçun qazılmış və zaman-zaman korlanıb dayazlaşan nəhəng kanallar, o illərin yadigarı kimi kəndin Zavaladlandırılan hissəsində hələ də qalmaqdadır.
Həştərxandan bura 500 qadın niyə gətirilib?
Xırmandalı balıq vətəgəsində təqribən 3500-ə qədər fəhlə çalışırdı. Ov mövsümündən asılı olaraq bəzən fəhlələrin sayı azalırdı. Balığın yarılıb təmizlənməsi və duzlanması, kürü emalı, həmçinin balıqların qurudulması ilə Həştərxandan gətirilmiş 500 nəfərdən cox rus qadın məşğul olurdu. Növbəli iş rejimində çalışan fəhlələr balıqları çeşidlərə ayırır, təmizlənmiş balıqları duzlayır və taxta çəlləklərə yığır, məhsulları arabalarla anbarlara və gəmilərə daşıyırdılar. Dənizdə ovlanmış balıqlar sahilə yan almış qayıqlardan arabalara yüklənir, ya da xərəklə daşınardı. Balıq ovuna cəlb olunmuş ovçulara əmək haqqı olaraq 12 rubl pul, həmçinin yarım girvənkə (200 qr.) çay, 4 girvənkə (1 kq 600 q) qənd verilərdi.
Müəssisənin hazır məhsulları Rusiya və Avropa bazarlarına göndərilir, az bir hissəsi isə Cənubi Qafqaz bazarlarında satışa çıxarılardı. Mayılov Almaniyanın Dikman və Qanzensəhmdar cəmiyyəti ilə balıq və balıq məhsullarının satışını təşkil etmək üçün müqavilə bağlamışdı. Bu səhimdar cəmiyyət vasitəsi ilə Azərbaycanın qara kürüsü Avropa və Amerika bazarlarına satışa cıxarılırdı.
Maylıov Bakıda Opera və Balet teatrını niyə tikdi?
Balıq vətəgələrindən və Abşerondakı neft mədənlərindən əldə etdikləri milyonlar Mayılovları, Bakıda, Tiflisdə neçə-neçə əzəmətli binaların və villaların sahibinə çevrmişdi. Bunlardan ən möhtəşəmi Bakıda, indiki Nizami küçəsində yerləşən Opera və Balet Teatrının binasıdır. Bina Mayılov qardaşlarının Tarqovi küçəsindəki şəxsi mülkiyyəti olan ərazidə arxitektor Nikolay Bayevin layihəsi əsasında inşa edilib.
Binanın inşasının çox maraqlı tarixçəsi var. 1910-cu ilin əvvəllərində Bakıya çox gözəl səsi olan qadın opera müğənnisi gəlir. Bəziləri onun italyan, digərləri isə onun rus opera müğənnisi Antonina Nejdanova olduğunu söyləyirlər. Müğənni öz gözəlliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir. Mayılov qardaşlarından Danil isə ona bərk vurulur. Qastrol başa çatandan sonra xanımın şərəfinə Kazino da böyük bir ziyafət təşkil olunur. Söhbət zamanı xanımdan soruşurlar ki, bizim şəhərə bir də nə vaxt təşrif gətirəcəksən? Xanım başını bullayaraq cavab verir: Yəqin ki, heç haçan. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin. Burada bir il sonra opera binası hazır olarsa, Bakıya qayıda bilərəm Danil Mayılov isə öz adından söz verir ki, gələn ilin bu vaxtında burada opera binası hazır olacaq. İnşa işləri üç növbədə davam etdirilir. Gecələr fəhlələr projektor işığında da işləyirlər. Mayılovun arzusu gərçəkləşir. Bir il tamam olmamış, 1911-ci ilin fevralın 28-də teatrın binası təhvil verilir.
Xırmandalı balıq vətəgəsi 1917-ci il inqilabından sonra
1917-ci ildə Rusiyada Sovet hakimiyyəti qurulduqdan sonra əmlakları əldən çıxan sahibkarlar ölkəni tərk etməyə məcbur olurlar. Mayılov qardaşları da ölkəni tərk edərək Parisə köçürlər. Onların xaricə mühacirət etməsindən sonra vətəgənin iş rejimi də pozulur. Əmək haqlarını ala bilməyən fəhlələr sahibsiz qalmış vətəgənin kontorunu yandırırlar. 1918-ci ildə Xırmandalı kəndinə hücum edən rus-erməni silahlı dəstələri Mayılov vətəgəsini qarət edib, min metrlərlə balıqçı torunu, rezin balıqçı geyimlərini, taxta çəlləkləri və qayıqları yandırırlar. Rus əsgərlərinin qırğınlarından sonra Prişib (Göytəpə) ruslarının növbəti hücumu dövründə də vətəgə bir daha talan edilir. Sovet hökuməti dövründə vətəgənin kərpicləri kənddə idarə binasının tikintisində istifadə etmək üçün daşınır. Beləliklə, küru kralı Danil Mayılov və onun Xırmandalı vətəgəsi haqqında reallıqlar xatirələrə çevrilir. Böyük qardaş Danil Mayılov 1937-ci ildə İstanbulda vəfat edir. O vaxta qədər digər 2 qardaş artıq dünyalarını dəyişmişdi. 1931-ci ilin iyulunda kiçik qardaş İlya, üç ay sonra İvan Parisdə ömürlərini başa vururlar.
Mürvət Abbasov,
tarix üzrə fəlsəfə doktoru, Xırmandalı kəndi