Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilərin Gəncəyə atdığı “Skad”ın arxasında duran çirkin niyyət - ŞƏRH


Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə Ermənistan Silahlı Qüvvələri tərəfindən ballistik raket atıldı. Nəticədə 10 mülki şəxs dünyasını dəyişdi, içərisində qadın və uşaqlar da olmaqla, 34 nəfər yaralandı.
ANAMA-nın məlumatına görə, Ermənistan ərazisindən atılan bu ballistik raket “Skad”dır (ingiliscə “Scud”).
“Skad” ilk dəfə SSRİ tərəfindən “soyuq” müharibə dövründə - 1951-ci ildə istehsal edilmiş raketdir. Daha sonra bu raket ikinci və Ermənistan kimi üçüncü dünya ölkələrinə ixrac edilib. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 “Elbrus” adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum 5 Maxdır (saniyədə 1,7 km).



Bu raket II Dünya Müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanmış “Skad”ın ilk uçuşu 18 aprel 1953-cü ildə həyata keçirilib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb. 1955-ci ilin iyulunda R-11 orduya qəbul olunub. 
“Skad”ın dörd versiyası var, ən sonuncusu “Skad-D” 1989-cu ildə istehsal olunub. “Wikipedia”nın ingilisdilli versiyasına inansaq, ermənilərin Gəncəyə atdığı raket “Skad-D”-dir.
“Skad” hərbi əməliyyatlarda çox az istifadə edilən ballistik system sayılır. Bu raketdən ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə yeddi nəfər İsrail hərbçisi həlak olub. Həmçinin, İran - İraq müharibəsi, Əfqanıstanda vətəndaş müharibəsi, çeçen müharibələri (Rusiya tərəfindən) və 2015-2017-ci illərdəki Yəmən - Səudiyyə Ərəbistanı müharibələri (Yəmən tərəfindən) “Skad”dan istifadə olunub.
Göründüyü kimi, bu qədər müharibələrin fonunda çox az ölkələr bu cür dağıdıcı gücə malik raketdən istifadə edib. Daha maraqlı məqam odur ki, “Skad” dağıdıcı gücünə görə bunadək ancaq hərbi obyektlərə qarşı tətbiq olunub. Ermənistan isə 500 mindən çox insanın yaşadığı Gəncəni vurmaqla mülki insanları “Skad”la hədəfə alıb. Bu isə insanlığa sığmayan bir şeydir.
Bəs niyə Gəncəyə qarşı “Skad” seçilib?
Bu raketlərin sonuncusunun hələ 80-ci illərin sonlarında istehsal olunduğunu nəzərə alsaq, avadanlığın köhnəlməsi baxımından, bu günə “Skad”ın ehtimal olunan yayınma dairəsinin hətta 450 metrdən də çox olması şübhə doğurmur. Bütün bunlar onu söyləməyə əsas verir ki, erməni tərəfi məqsədli şəkildə, bilərəkdən hədəf kimi yayınmağın qeyri-mümkün olduğu böyük şəhəri - Gəncəni seçib.
Çünki adi döyüş başlığı ilə (qəlpəli-fuqas) bu raket yalnız böyük mülki hədəflərə zərbə endirmək məqsədilə istifadə olunduqda “effekt” verir. Ermənistan tərəfi də eyni addımı atıb. Qeyd olunanlar məhz bir daha sübut edir ki, erməni tərəfi mülki şəhəri məqsədli şəkildə hədəfə alıb. Çünki şəhərin ərazisi böyükdür, dəqiqliyi az olan “Skad” hansısa yerə mütləq dəyib, böyük ölçüdə zərər yetirəcək.
Səbuhi Musayev
oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10