“Məktəb direktorları, direktor müavinləri, Rayon Təhsil Şöbələrinin (RTŞ) metodistləri indiyə qədər diaqnostik qiymətləndirilmədə iştirak etmirdilər. Lakin bu ildən onlar da diaqnostik qiymətləndirilmədə iştirak edə biləcəklər”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
“Bu və ya digər səbəblərə görə, 6 saatdan daha artıq dərs demək istəyirlərsə, diaqnostik qiymətləndirilmədə iştirak edə bilər və onlara topladıqları bala uyğun olaraq tədris saatları verilə bilər”, - sektor müdiri vurğulayıb.
C. Valehov qeyd edib ki, RTŞ-nin metodistlərinə dərs saatının verilməsi isə diaqnostik qiymətləndirilmənin nəticəsi və Təhsil Nazirliyinin müvafiq razılığı əsasında mümkün ola bilər: “Əvvəl Rayon Təhsil Şöbələrində çalışan metodistlər adətən diaqnostik qiymətləndirilmədə iştirak etmədən dərs deyə bilirdilər.
Amma indi isə bu, diaqnostik qiymətləndirilmədə iştirak və Təhsil Nazirliyinin müvafiq razılığı ilə mümkün olacaq.
Daha çox pedaqoji fəaliyyət göstərmək istəyən metodistlər diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.
Bundan sonra isə onların dərs saatlarının artırılması məsələsinə baxılacaq” (APA)