Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sökdüyünüzü özünüz tikərsiniz


“Qurban, allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya aləmi mırdar elədin. Allah sənə lənət eləsin!”
(Mirzə Cəlil, “Usta Zeynal” hekayəsindən)
Hansısa ekspert maraqlı şərh vermişdi: “Azərbaycan 21-ci əsr, Ermənistan isə 20-ci əsr savaşı aparır”. Bunu ölkəmizin hərbi əməliyyatlarda yüksək texnologiyalardan, pilotsuz uçan aparatlardan istifadəsi ilə izah etmişdi, ancaq çağdaşlıq tək savaşın texniki tərəflərinə aid deyil. Ermənistanın dinc əhaliyə qarşı qəddar hücumları, beynəlxalq hüququ, o cümlədən humanitar hüququ tapdalayan davranışları köhnəliyin qalıqlarıdır, siyasi-mədəni arxaizmdir.
Bunların azsaylı tərəfdarları da özlərinə bənzəyir. Suriyanın ilansifət, qanlı lideri Bəşər Əsədin rus informasiya agentliyinə bir intervüsünü oxudum. Adam təmiz başını itirib, sitat verirəm, özünüz oxuyun: “Türkiyə suriyalı terrorçuları Azərbaycana daşıyır. Düzdür, bu haqda əlimizdə sübut yoxdur, ancaq bunu sübutsuz da demək olar”. Təbii. Mən də sübutum olmadan Bəşər Əsədin başının içində saman yerləşdiyini iddia edirəm. Çünki ancaq beyinsiz birisi öz ölkəsini neçə il vətəndaş savaşında darmadağın edərdi. Milyonlarla vətəndaşını çöllərə salardı, dənizlərdə balıqlara, səhralarda qurd-quşa yem edərdi. Əslində biz Əsəddən soruşa bilərik ki, niyə suriyalı terrorçuların Qafqaza gəlməsinə imkan verir. Dəxli yoxdur cəbhənin hansı tərəfinə. Əgər sən ölkəndə qayda-qanun yarada bilsəydin, ora beynəlxalq terrorizm beşiyinə çevrilərdimi?
Əlbəttə, erməniləri Bəşər Əsəd kimilərin qoruması bizim lehimizə işləyən amildir, “dostunu göstər, deyim kimsən” söhbəti baxımından. Belə müttəfiqlərdən Ermənistana gen-bol arzulayırıq. O cümlədən, Fransa, Almaniya kimi dövlətlər də Bəşər Əsədlə bir sırada durub kimisə qınayanda güzgüyə yaxşı baxsınlar. Beynəlxalq hüququn karikaturaya çevrilməsinin göstəricilərindən biri də Rusiyanı Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyünə qəsddə qınayan Fransa və Almaniya rəsmilərinin həmin Rusiyaya qoşulub Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə tanımamasıdır. Sanki Azərbaycan 1939-cu ilin Polşasıdır, indi bunu öz aralarında pay-pürüş edəcəklər. Yavaş yeyin, boğazınızda qalmasın. Bakının o məşhur şokoladlı tortu bu qədərmi unudulmaz olmuşdur? Yazıqlar əməlli tamarzı qalıbmış. Eldar müəllimdən xahiş eləyək, o tortun 30 metrliyini bişirsin, yeyin, əl çəkin.
Yeri gəlmişkən, ermənilərin Fransaya arxayın olmasında bir fayda yoxdur, çünki bu dövlət artıq lap çoxdandır hərbi sahədə zəifliyi ilə tanınır. 1940-cı ildə almanlar fransız ordusunu cəmi 1 ay ərzində tamamilə darmadağın eləmişdilər və 1 milyon əsir almışdılar. Paris ümumiyyətlə müqavimət göstərməmiş, özünü “açıq şəhər” elan eləmişdi. Hitler gəlib Eyfel qülləsinin yanında şellənmişdi. Bu baxımdan, savaşın sonunda, 1945-ci ilin mayında müttəfiq SSRİ, Britaniya və ABŞ-a təslimiyyət aktını imzalayan alman feldmarşal Keytel-in təəccübü məşhurdur. Keytel otaqda Fransa nümayəndələrini görəndə soruşur: “Biz fransızlara da uduzmuşuq?”
Əlbəttə, Fransa tək ermənipərəstlər yurdu deyil, orda Azərbaycanın haqq işini anlayan, müdafiə edən insanlar da çoxdur və ümid eləyək həm orda, həm dünyanın başqa yerlərində həqiqət zəfər çalsın.
Ermənistanın işğal elədiyi ərazilərə münasibəti də “qədimliyi” ilə seçilir. Azərbaycan Müdafiə Nazirliyi azad olunan kəndlərdən, yaşayış məntəqələrindən kadrlar yayır, biz oralarda ev adına bir tikiliyə rast gəlmirik. Hər şeyi uçurub, yandırıb, söküb-dağıdıblar. Yalnız çay daşlarından olan bəzi divarlar salamat qalıb, əhəng daşından (“kubik”) olan bütün evləri kökünəcən qazıyıblar. O daşları özlərinə bunkerlər, səngərlər tikməyə sərf ediblər, Ermənistana daşıyıblar. Bu, müharibədə “yanmış torpaq taktikası” adlanır, 1977-ci il Cenevrə konvensiyasının 1-ci protokolunun 54-cü maddəsi ilə qadağan olunmuş, insanlığa zidd hərəkətdir. Əlbəttə, bu idiotlar elə zənn edir ki, evlər dağılıbsa, kənd yer üzündən silinibsə, biz avtomatik o yerlərdən əl çəkəcəyik. Azərbaycan xalqının, dövlətinin 30 illik dözümdən sonra göstərdiyi iradə, qətiyyət, vətən sevgisi Ermənistanın bu xəyalının puça çıxdığını isbat elədi. Özü də, bizim üçün yeni ev tikmək, kənd, şəhər salmaq problem deyil. Azərbaycanın hər yerində köçkünlərə neçə şəhər salınıb, bunu Qarabağda lap asan təkrar edəcəyik. Əgər Qarabağın erməni sakinləri arzu eləsələr o tikintilərdə qalıb usta, suvaqçı, rəngsaz kimi işlərdə çalışarlar. Yaxşı maaş vəd edirik. Biz ermənilərin yaxşı bənna, dülgər olduğunu bilirik, tarixən tikililərimizdə halallıqla çalışıblar. Terrorçu Paşinyan kimilərdən sizə çörək yoxdur, “gəlin keçin bizim bayrağın altına”, adam kimi yaşayın.
Odur, Asmik xalanı Cəbrayıldan gətirib paxlava-qutaba tutmuşuq, özünü yaxşı aparsa bəlkə akademiklərdən birinə ərə verdik. Düzdür, ondan sonra qabağında durmaq çətin olacaq, ancaq ziyanı yoxdur, öyrəncəliyik.

musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10