Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Faşistlərin Estoniyadakı həbs düşərgəsində törətdikləri ağlasığmaz cinayətlər – Sonu Nürnberqdə bitən “əyləncə”


“Cəhənnəmin Estoniyadakı səfirliyi” – Faşist Almaniyasının işğal etdiyi Estoniya ərazisində yaratdıqları Klooqa həbs düşərgəsi qeyri-rəsmi belə adlandırılıb. Əslində hərbi əsirlər üçün nəzərdə tutulmuş bu düşərgədə daha çox dinc mülki əhali saxlanılıb.
Düşərgə almanlar tərəfindən 1943-cü ilin yayında Tallin şəhərindən 38 kilometr aralıda Klooqa qəsəbəsinin ərazisində salınıb və bu düşərgə Estoniyada yaradılmış 20-ci düşərgə olub. Klooqa düşərgəsinin ərazisinin böyük olması üçün böyük bir meşə massivi məhv edilib.
Klooqa düşərgəsində əsasən yəhudi, rus və polşalı əsir və girovlar saxlanılıb. Cəmisi bir il fəaliyyət göstərən düşərgədə on minlərlə insan məhv edilib.
Düşərgədə saxlanılanlardan işçi qüvvəsi kimi istifadə edilib. Digər düşərgələrdən fərqli olaraq Klooqada iş saatı 12-16 saat deyi, 20 saat müəyyənləşib. İş planını yerinə yetirmə bilməyənlər isə elə yerindəcə güllələnib. Yuxu üçün verilən 4 saat isə kamera nəzarətçilərinin “əhvalına uyğun” işgəncələrlə keçib.
0-16942_ft.jpg (132 KB)
Klooqada daxili rejim qaydaları heç bir qanunla tənzimlənməyib. Hər bir nəzarətçinin öz iş prinsipi, öz cəza metodları olub.
Düşərgədə saxlanılan qadınlara uşaq dünyaya gətirmək qəti şəkildə qadağan edilib. Hamilə vəziyyətdə düşərgəyə gətirilən qadınların bətnindəki uşaqlar xüsusi kimyəvi maddələrlərlə və fiziki yolla məhv edilib. Bir illik fəaliyyəti dövründə Klooqada cəmisi 3 uşaq dünyaya gəlib. Ratner adlı məhbus sonralar öz müsahibələrində həmin uşaqların taleyi ilə bağlı dəhşətli açıqlamalar verib:
“1944-cü ilin fevralında düşərgədə iki uşaq anadan olmuşdu. Sözsüz ki, onları nəzarətçilərdən gizlətmək mümkün deyildi. Düşərgə rəhbərliyi bundan xəbər tutanda görünməmiş bir vəhşiliyə əl atdılar. Onlar hamının gözü qarşısında hər iki körpəni yanan sobanın içərisinə tulladılar. Həmin ilin may ayında isə düşərgədə üçüncü uşaq doğuldu. Onu isə düşərgənin ən qəddar nəzarətçisi Brats anasının gözü qarşısında boğub öldürdü...”
0fc03a72704666ce8da7999c03e9c941.jpg (127 KB)
Klooqada sanitar-həkim kimi işləyən Qent isə düşərgədən şəxsi sınaq laboratoriyası kimi istifadə edib. O, bir il ərzində 86 nəfəri öz sınaqlarının qurbanına çevirib, sərxoş və qəzəbli olanda isə 27 nəfəri diri-diri baltalayaraq qətlə yetirib. İnsanlığa qarşı törətdiyi bu cinayətlərə görə Qent Nürnberq məhkəməsində ən ağır cəzaya, güllələnməyə məhkum edilib.
Klooqa düşərgəsində iş qabiliyyətini itirənlər, işləməyə gücü olmayanlar bir gündən də artıq saxlanılmayıb. Onlar düşərgədə ayrılmış xüsusi ərazidə güllələniblər. Nəzarətçilər öz işlərini “yüngülləşdirmək” üçün əvvəlcə onları qəsəbə yaxınlığındakı dəmiryolu stansiyasına aparıblar. Onlara yük qatarları ilə gətirilmiş odunlardan bir neçəsini daşımaq əmr edilib. Odunlarla geri qayıdan məhbuslar cəza meydançasında güllələndikdən sonra nəzarətçilər ölmüş məhbusların əllərindəki odunları yandırıblar.
12773291.jpg (124 KB)
Düşərgədə qadın və uşaqlara qarşı daha amansız münasibət göstərilib. Qadınların zorlanması, uşaqlara işgəncə verilməsi nəzarətçilər üçün adi hala çevrilib.
Klooqada daha çox işgəncə verənlər, daha amansız olanlar 3-cü Reyx rəhbərləri tərəfindən mükafatlandırılıb, vəzifə rütbələri artırılıb. Məsələn, bir yumruğu ilə yeniyetmə məhbusun həyatına son qoyan sıravi nəzarətçi Şvarts bu xidmətinə görə Estoniyada fəaliyyət göstərən digər əsir düşərgəsinə rəis təyin edilib.
Klooqa düşərgəsində gündəlik olaraq işgəncə saatları keçirilib. Bu tədbiri adətən işdən sonrakı vaxta salıblar. Belə ki, məhbuslar düşərgənin həyətində quraşdırılmış xüsusi qurğuya salınıb ki, qurğu heç kimin müdaxiləsi olmadan dəmir parçası ilə cəzaya məhkum olunana zərbələr endirib. Məhbuslardan zərbələr dəydikcə onların sayını yüksək səslə səsləndirmək tələb olunub. Kim huşunu itiribsə, onu buzlu su ilə ayıldaraq zərbələrin sayını sıfırlayaraq yenidən başlayıblar.
1024px-Klooga_terroriohvrite_ühishaud.jpg (188 KB)
Heç bir nizam-intizam qaydalarına əməl etməyən düşərgə əməkdaşlarının gecə fəaliyyətləri daha qəddar və amansız olub. Sərxoş olan nəzarətçilər məhbusları hədəf seçərək kimin neçə metrdən daha sərrast atəş açmasını sınaqdan keçiriblər.
Düşərgədə saxlanılan Luiz Berç sonralar nəzarətçilərin “gecə əyləncələri” haqqında aşağıdakıları yazıb:
“Yatmağa cəmisi dörd saat vaxt verilirdi. Yaşamaq üçün bu da bəs idi. Amma bu dörd saat ərzində də məhbusları rahat buraxmırdılar. Gecə növbəsində olan nəzarətçiləri ayıq görmək mümkün deyildi. İçib kameralara girirdilər. Kimi istəyirdilərsə, onu da seçib aparırdılar. Dəmir barmaqlıqlar arasından dəhlizdə baş verənləri görürdük. Nəzarətçilərin arasında mübahisə düşürdü. Onlar hədəfi uzaqdan vurmaq uğrunda yarış keçirirdilər. Hədəf isə çölə çıxarılan məhbus olurdu. Müqavimət göstərəndə isə seçilmiş məhbus rahat ölümdən də məhrum edilirdi, diri-diri yanan sobaya atılırdı...”
Klooqa düşərgəsinin fəaliyyətinə 1944-cü ilin sentyabrında son qoyulub. Sovet qoşunları əraziyə yaxınlaşanda Berlindən düşərgədə olan məhbusların hamısının məhv edilməsi əmri gəlib. Bir günün içərisində 3 mindən artıq insan güllələnərək yandırılıb. Digər məhbuslar isə başqa düşərgələrə aparılıb.
загружено.jpg (110 KB)
Sonralar düşərgənin ərazisində muzey və xatirə kompleksi yaradılıb.
Bəli, faşistlərin insanlığa qarşı bu cür cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlərə görə onlar öz layiqli cəzalarını alıblar. Amma təəssüf ki, faşist ənənlərini davam etdirən Ermənistan rəhbərliyi, xüsusilə də Nikol Paşinyan yaxın tariximizdə baş verən hadisələrdən nəticə çıxarmaq istəyində deyil. Yəqin ki, baş nazir Azərbaycanın şəhər və rayonlarını raket atəşinə tutmağın, dinc mülki əhalini hədəf seçməyin nə ilə nəticələnəcəyini hələ də anlamır.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10