Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar


Bu gün rejissor Arif Babayevin doğum günüdür. Bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir.

Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Ailədə beş qardaş olublar. Evin ən böyük uşağı Arif olub. Uşaq olanda futbolu çox sevib. Bir də kiçik yaşlarından kinoteatrda filmlərə baxmağı. O, böyük maraqla futbolçuların şəkillərini toplayır, kino sənətinə dair kitablar, qəzet materialları oxuyurdu. 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində daxil olur.
***
Gənclik illəri cazın inkişaf etdiyi dövrlərə düşən Arif Babayevin də musiqiyə həvəsi yaranır və o, bir müddət trubada ifa edir. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırır. Onun bu sevdasına ən çox etiraz edən atası olur. Hacıağa müəllim oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasına narazılıq edir.

Arif Babayev 1947-1953-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi ona da Qorodniçi obrazını tapşırır. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərilir. Həmin teatrın səhnəsində Qoqolun “Evlənmə” pyesini səhnələşdirir.
***
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə "Rejissor pultunun Paqaninisi" tituluyla qayıdır.

1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər.
***
Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: “Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır”, - dedi.

Qardaşı rejissor Vasif Babayev müsahibələrində onu belə xatırlayır: "Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, nə olar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı. Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi. Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı”.
***
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.

Deyilənə görə bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranır. Buna görə də Moskvadan montajçılar çağırılır.
***
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. "Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb" - deyirdi.

Şəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur.
***
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10