Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Pikap”ların yığılması nə dərəcədə zəruri və qanunidir?


Hüquqşünas: “Səfərbərlik rejimi yoxdursa, insanın əlindən avtomobilini almaq və cərimə meydançasına qoymaq olmaz”

Mülki vətəndaşların “pikap” ban növlü avtomobillərinin yol polisi tərəfindən ordunun ehtiyacları üçün yığılması son günlərin aktual mövzularından biridir. Prinsipcə, vətəndaşlar orduya əllərindən gələn hər cür yardım etməyə hazırdırlar, amma suallar yaranıb ki, bu addım nə dərəcədə qanunidir və hazırkı mərhələdə belə tədbirlərə ehtiyac varmı?
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli, 96 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları”na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlarla birlikdə yoxlanılması nəzərdə tutulur. “Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillər kateqoriyasına aid olduqlarına görə, həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.
Hərbi məsələlər üzrə ekspert Abuzər Əbilov bildirdi ki, “pikap” avtomobilləri və yüksək keçidə malik digər avtomobillər insanlardan alınmır:
“Yalnız onların vəziyyəti, texniki durumu, olduğu ərazi və s. kimi məsələlər müəyyənləşdirilir. Müharibə şəraitində dövlət bu kimi avtomobilləri insanlardan qanun əsasında, müqavilə əsasında ala bilər. Avtomobil sınarsa, zədələnərsə, yaxud məhv olarsa, dövlət ziyanı vətəndaşa ödəməlidir”.
Hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov qeyd etdi ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 8-ci maddəsinə əsasən müharibə dövründə ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq İH orqanının müəyyən etdiyi qaydada, dövlət tərəfindən ödənilməsi şərti ilə, binalar, tikililər, nəqliyyat vasitələri və mülkiyyətində olan digər əmlak vətəndaşlar tərəfindən təqdim edilir:
“Yəni bu, səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşların vəzifəsi kimi göstərilib. Vətəndaşın ona məxsus əmlakı götürülür, istifadə edilir, daha sonra ya dəyəri ödənilir, ya da alınması təmin edilir. İndiki halda isə əmlakın təqdim edilməsi müvafiq sənədləşməyə uyğun həyata keçirilməlidir, ondan sonra vətəndaşlar özləri də müvafiq qaydada səfərbərlik zamanı və müharibə dövründə cəlb oluna bilərlər. Hazırda səfərbərlik elan olunmayıb, sadəcə, ehtiyatda olan hərbçilər növbədənkənar təlimə cəlb olunurlar. Bu təlimə səfərbərlik adı yapışdırmaq biabırçılıqdır. Bu gün səfərbərlik yoxdur, kiminsə maşınını hərbi hissənin qarajında saxlamaq heç bir halda düzgün deyil. Onu da qeyd edim ki, səfərbərliyin elan olunması prezident və Milli Məclisin səlahiyyətlərinə aiddir. Digər tərəfdən, səfərbərlik rejimi yoxdursa, insanın əlindən avtomobilini almaq və cərimə meydançasına qoymaq qətiyyən olmaz”.
“Dövlət orqanlarının sərəncamında bu tip avtomobillər yetərli deyilmi” sualını hüquqşünas belə cavablandırdı:
“SOCAR kifayət qədər bu tip avtomobillərə sahibdir, üstəgəl, həmin avtomobillər daha yararlıdır. Ordunun da kifayət qədər imkanları var. Dövlət müəssisələrində səfərbərliyə zəruri olan kifayət qədər nəqliyyat vasitələri mövcuddur. Burada sui-istifadə və savadsızlıqdan başqa bir şey görmürəm”.


pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10