Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəriblərin ərazi nümayəndəsindən kimlər və niyə narazıdır?


Doğrudanmı, ərazi nümayəndəsi kəndin mollası Hüseyn Mehtiyevi təhqir edib və digər saxtakarlıqlara imza atıb?

Hər şeyi Qəriblər kəndinin sakini, kəndin mollası  Hüseyn Mehtiyevin dilindən eşidək:

  • Qəriblər kəndi olduqca özünəməxsus gözəllikləri olan bir kənddir. Təbiət buradan heç nəyi əsirgəməyib-dağ, çay, meşə, bulaq, digər təbii sərvətlər. Lakin və təəssüf ki, son illər kəndə rəhbərlik edənlərin fəaliyyəti bu gözəlliklə tərs mütənasiblik təşkil edir. İstər bələdiyyəyə, istər ərazi nümayəndəliyini elə şəxslər təyin edilir, yaxud “seçilir” ki,  adam onların əməllərindən utanır, xəcalət çəkir. Uzun illər bəd əməlləri ilə nəinki kəndə, eləcə də rayona xəcalət gətirən bir bələdiyyə sədrinin zülmü altında qalası olduq. İndi isə, İcra hakimiyyəti başçısının Qəriblər İnzibati Dairəsi üzrə nümayəndəsi   Elvin Ağayevin xoşagəlməz əməlləri ilə üz-üzəyik. Bu adam nə hökumət deyənə əməl edir, nə xalq deyənə.
  • Hökumət deyir ki, pandemiya dövrüdür, insanlara saxta arayış verib, koronovirusun yayılmasına şərait yaratma, bu adam  isə 10-dan artıq kənd sakininə saxta arayışlar verməklə ciddi qanun pozuntusuna yol açmışdır.
  • Bu barədə  Masallı Rayon Prokurorluğunun  məlumatına əsasən Oxu.az və digər saytlar məlumat yaymışlar.
  • Həmin məlumatda bildirilir ki, ərazi nümayəndəsi Elvin Ağayevin qanunsuz əməlləri sübuta yetirilmiş və sənədlər məhkəməyə göndərilmişdir.

Hər şey nədən başladı? Elvin Ağayev səlahiyyəti olmadığı halda qardaşım Fariz Mehdizadəyə arayış verib ki, rayona sərbəst gedib-gələ bilər. Halbuki, şəxsi ticarətlə məşğul olan şəxslərə belə arayışı vergilər nazirliyinin elektron portalından keçməklə almaq olarmış.  Həm də maraqlıdır ki, bu arayış elə-belə yox, maddi maraqlar müqabilində olub. Qardaşım da bu sənədə inanıb rayon mərkəzinə gələndə onu 100 manat cərimə elədilər. Məhz bundan sonra araşdırıldı ki, Elvin Ağayev 10-dan artıq şəxsə, həm də tam təsadüfi adamlara belə arayışlar verib. Hətta mağazası olmayana arayış verib ki, filankəs mağazasına mal gətirir. İndi hamısı araşdırılır. Onunla bağlı cinayət işi hazırda rayon məhkəməsindədir. O isə hər yerdə danışır ki, guya, danışıb, işi öz xeyrinə həll etdirib.

Nəhayət, onun sonuncu xoşagəlməz əməli barədə.

Bu il aprel ayının sonunda kənd sakini Hacı Cəsarət ərazi nümayəndəsinə öz şəxsi işi ilə bağlı zəng edir. Elvin Ağayevsə heç mətləbə dəxli olmadan söhbəti fırladıb mənim üzərimə gətirir və nəinki mənim haqqımda, eləcə də ailəm haqqında olduqca təhqiramiz ifadələr işlədib. Həm də biabırçı haldır ki, o təhqiramiz ifadələr işlətdiyi telefon danışığınıdakı səsi xeyli adam arasında yayıb. Görün, ərazi nümayəndəsi nə ilə öyünür? Biz də həmin səs yazılarını Masallı icra hakimiyyətindən tutmuş, DTX-nin Masallı şöbəsinə, eləcə də Prezident Aparatına ünvanladıq.

Nə demişiksə, nə yazmışıqsa, arxasındayıq. Biz bunu digər saytlarda və sosial şəbəkələrdə də paylaşacaq, eləcə də düşünürük ki, cənub xəbər tv internet kanalında çıxış edib bu cür əməl sahibini və onu müdafiə edənləri detallı faktlarla cəmiyyətə təqdim edək.

Həm də onun bu hərəkəti təkcə bizim ailəyə qarşı yox, çoxlarına qarşı olub və olur.

Belələrini müdafiə edənlər özlərini pis vəziyyətə qoyur.

Dediklərim səhvdirsə, gəlsin, çıxaq ekrana, dediklərimi təkzib etsin.

Redaksiyadan. Biz deyilənlərə aydınlıq gətirmək üçün, yazıda  adın hallanan, İHB-nin Qəriblər Ərazisi Dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin də mobil telefonuna zəng vurub, yazılanları diqqətinə çatdırdıq. Elvin müəllim öncə bildirdi ki, yazılanlar qərəzlidir. Həmin şəxslər bizi bu vəzifədə görmək istəməyən, hər işə qərəzlə yanaşanlardır. 

Saxta arayış məsələsi ilə əlaqədar bildirdi ki, bu məsələ araşdırma zamanı təsdiqini tapmadığı üçün, işə baxılmasından imtina edilib. Nəhayət, şikayətçilərin sonuncu iddiası – Hüseyn Mehtiyevin telefonda təhqir olunması və həmin səsin kənar şəxslər arasında yayılması olayı ilə bağlı bir az tərəddüdlə danışıb, “arada vaxt tapıb görüşərik” bildirdi. Biz də hər vaxt görüşməyə hazır olduğumuzu dedik. Sonda bildirdim ki, dediklərinizi də yazıya əlavə edib, həmin yazını sayta yerləşdirəcəyik. O da “Buyurun” dedi və sağollaşdıq.

Bütün hallarda Elvin müəllimin əlavə sözü olarsa, ona səhifəmizdə yer ayırmağa hazırıq.

Elcan. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10