Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dərmanların qiyməti BAHALAŞACAQ? - Gömrüklə bağlı qərarın...


Yayılan məlumatlara görə, dərmanların qiymətlərində payız mövsümünün gəlişi və yeni gömrük qərarı ilə bağlı olaraq yaxın günlərdə bahalaşma müşahidə olunacaq.

Cenub.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi məsələ ilə bağlı News24.az-ın sorğusunu belə cavablandırıb:
“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi mütəmadi olaraq həyata keçirilir. Bu məqsədlə 19.06.2020-ci il tarixində Şuranın son iclası keçirilib. Ümumilikdə ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək 12114 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilib”.
Bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin qiymətləri istinad ölkələrindəki dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrinə əlavə dəyər vergisi çıxılmaqla ən aşağı rəsmi satış qiymətləri əsas götürülərək müəyyənləşdirilir: “Bu baxımdan dərman vasitələrinin qiymətləri müəyyənləşdirilərkən mövsümlik deyil istinad ölkələrindəki qiymət nəzərə alınır”.
Qeyd olunub ki, gömrüklə bağlı yeni qərar dərmanların qiymətinə təsir etməyəcək: “Tarif (qiymət) Şurası tərəfindən ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Nazirlər Kabinetinin 03.06.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Tarif (qiymət) Şurasının 21.07.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq aparılır.
Qiymətləri dövlət tərəfindən təsdiq olunan dərman vasitələrinin idxalı gömrüklə bağlı qəbul edilmiş yeni qərarla tənzimlənmədiyi üçün onun dərmanların qiymətinə təsiri yoxdur”.
Həmçinin, nazirliyin açıqlamasında o da qeyd olunur ki, 19.06.2020-ci il tarixində Tarif (qiymət) Şurasının son iclasında dərman vasitələrinin qiymətlərinin siyahısına əlavə və dəyişikliklər edilib: “Yeni dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri mütəmadi olaraq tənzimlənir və qiymətləri tənzimlənən dərman vasitələrinin siyahısına əlavə edilir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10