Prezidentin keçmiş köməkçisi Əli Həsənov FETÖ ilə işbirliyində ittiham edilir. Bu barədə Türkiyə mediasında iddialar yer alıb. Bildirilir ki, Əli Həsənov vəzifədə olarkən hər nə qədər özünü Türkiyə ilə sıx münasibətlərin tərəfdarı kimi göstərsə də, o FETÖ ilə əlaqələri olan və xarici güclərə xidmət edən bir şəxsdir.Bununla bağlı danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Həsənov Rusiyada təhsil aldığınagörə onun maraqlarının təmsilçisi kimi vəzifəyə gəldi: “Görünür, bir müddətdən sonra FETÖ hansısa yolla Əli Həsənovla münasibət qurub. Bilirsiniz ki, Əli Həsənov Azərbaycanda FETÖ-ya uyğun təhsilin yaradılmasına xeyli vəsait qoymuşdu. Türkiyədən öncə Azərbaycanda qəzetdə Əli Həsənovun FETÖ-çu olması ilə bağlı məlumatlar çıxmışdı. Ardıcıl olaraq onun FETÖ-çu olması ilə bağlı ittihamlar səsləndirilirdi. Xüsusilə Türkiyədə üsyan olanda yenidən bu məsələ aktuallaşdı. Mən də Əli Həsənovun Türkiyə meyilli olduğunu bilirdim. Amma hansı qüvvə ilə əlaqədə olduğunu bilmirəm”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, Əli Həsənov müəyyən dövrdən sonra Rusiya platformasından imtina edib, Türkiyə tərəfə keçdi: “Ona görə də Ramiz Mehdiyev Əli Həsənovu cəzalandırmaq istəyirdi. Ramiz Mehdiyev Əli Həsənovu mövqeyini dəyişdiyinə və Türkiyədə müəyyən qüvvələrlə kontakta girdiyinə görə cəzalandırmağa çalışırdı. Bu gün Türkiyə tərəfi belə yazı yazıbsa, deməli, bu günə kimi Əli Həsənovun FETÖ-çu olması ilə bağlı yayılan xəbərlər doğrudur. Bununla bağlı Azəırbaycan dövləti lazım olan araşdırma aparmalıdır. Təkcə Əli Həsənov deyil, Azərbaycanda FETÖ ilə əlaqəsi olan bütün şəxslər barəsində ölçü götürülməlidir. Çünki onlar həm Türkiyə, həm də Azərbaycan üçün təhlükəlidir. Ona görə də bütün FETÖ-çuları tapıb, neytirallaşdırmaq lazımdır. FETO-çular Türkiyə ilə düşməndir. Onlar Rusiya ilə birləşib, eyni mövqeydən çıxış edirlər. Bəzən anlaşılmazlıq olur ki, bəzi insanlar ruspərəst şəxslərin və 5-ci kolonun üzvlərinin mövqelərindən çıxış edirlər. Bu da onunla bağlıdır ki, FETÖ-nun Azərbaycan-Türkiyə münasibətlərinə mövqeyi Rusiya ilə eynidir. Ona görə də bu məsələni diqqətdə saxlamağımız mütləqdir”.
Natiq Səlim,
KONKRET.az