Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zamin Hacıdan dəhşət dolu müharibə hekayəsi: "Sulduz"


“Hekayə günü”ndə Zamin Hacının “Sulduz” hekayəsini təqdim edirik.
Viskonsində yaşayırdı Sulduz. Öldü. Onu yandırmağımızı istəmişdi. Külünü okeana səpdik. Hərdən okean üzərində təyyarədə uçanda pəncərədən sulara baxıram, elə bilirəm ordan mənə Sulduzun hüceyrələri baxır. Məncə hüceyrələrin də gözü var, onlar dünyanı bizdən daha böyük görürlər.
***
Adının mənasını soruşmuşdum, deyirdi, babalarım haçansa Güney Azərbaycandan Arazın bu tayına köçəndə yaşadıqları Sulduz şəhərini unutmayıblar, mənim adımda yaşatmaq istəyiblər. “Nəslimizdə ikinci Sulduzam mən”. O, müharibədən sonra qaçqın düşərgəsinə yardım paylamağa gələn bir amerikalı qadınla sevişmişdi. Yardım növbəsində qayda yaratmaqda amerikalıya kömək edə-edə aşiq olmuşdular. Yaradıcı adam idi, şeir də yazırdı. Bir dəfə bir banka tut arağı içəndən sonra mənə nəsə oxumuşdu. Şeirdə qızılgül, qızın qönçə dodaqları, həsrət və sairə belə mövzular vardı, açığı, bədii cəhətdən zəif şeir idi, ancaq onu oxuyan adamın heyvərə görkəmini görsəydiniz mənim heyrətimi anlayardınız. Heç vaxt ağlıma gəlməzdi, Uzaq Şərqdə sovet dəniz desantında əsgərlik çəkmiş, pulemyotla ayı ovuna gedən, girov tutduğu düşmən əsgərini boğazacan quma basdırıb sonra qulağını kəsən bu yekəpər və kobud adam belə romantik-sentimental şeir yaza bilər.
Sulduzgilin bölüyü Füzulidə, Veysəlli kəndi yaxınlığındakı, adına niyə Qızılqaya deyildiyini heç kimin bilmədiyi yerdə qış aylarında bir döyüş əməliyyatına girmişdi. Qar çox yağmışdı, əsgər ayaqqabılarının boğazına qədər çatırdı, bəzən ayağa dolub barmaqları göyərdirdi, onda don atmasın deyə spirtlə ovuşdururdular. Hər bölüyün donvurmaya qarşı öz spirt ehtiyatı var idi, ancaq əsgərlər spirti içirdilər, kimsə bəlaya düşəndə isə spirt tapılmırdı. Axırda “kombat” buna əlac tapmışdı: bütün taboru səhər yerbəyerinə düzüb əsgərlərin gözü önündə paylanacaq növbəti spirt partiyasının içinə işəmişdi. Demişdi indi gedin için.
Beləcə, spirt var idi, ancaq o gün döyüş ağır olmuşdu, heç kimin yadına “kombat”ın “distillə əməliyyatı” düşmürdü, döyüşdən sonra sağ qalanlar blindaja dönəndə spirtin hamısını qarla qarışdırıb içmişdilər.
Bölük komandiri Sulduz əsgərləri saymışdı, 94 nəfərdən 30-u əvvəldən fərari idi, 10 ölü və 7 əsgər yaralı çıxarılmışdı, hospitala aparılmışdı. İndi blindajda qalanlardan başqa 2 əsgər çatmırdı: sabirabadlı Duman, imişlidən Müşfiq. Uşaqlar bir qədər axtarıb Dumanı da tapmışdılar, köhnə, yarıuçuq, indi istifadə olunmayan qazmada mərmi yeşiklərindən özünə evcik düzəldib içində oturmuşdu, hərdən də avtomatın lüləsini əmzik kimi sümürürdü. Başa düşdük ki, Dumanın axırı çatıb, havalanıb. Onun rusdan qalma həsir şinelin arasında, əl-qolunu bağlayıb hospitala yolladılar. Müşfiq isə axşamacan tapılmadı. Yalnız gecə yarısı əsgərlərdən biri dedi: “Deyəsən Müşfiqi dərənin başında, böyürtkən kolluğu tərəfdə vurdular.”
Səhər açıldı. Müşfiqin meyitini gətirməyə heç kim getmək istəmirdi. Kolluq ara zolaqda, neytral bölgədə idi, ancaq ora getmək açıq risk idi – düşmənin pulemyotu bütün dərəni nəzarətdə saxlayırdı, elə bizim 10 itkinin az qala yarısı orda vurulmuşdu. Sulduzu axşama yaxın qərargaha çağırırlar, bir də səhər qayıdır. Beləcə, Müşfiq yaddan çıxır. Müharibə vaxtı diri adamlar heç kimin yadına düşmür, ölüləri düşünməyin nə mənası? Bir də 3 həftə sonra Müşfiqin anası tabora gələndə hamı meyiti xatırlayır. Ana tək oğlunu çox istəyirmiş, hər ay ona baş çəkməyə gəlirmiş. Sulduzgil savaşa qədər bütün ömrünü aranda keçirən bu sadə qadının ətrafdakı təpələrə də dağ deməsinə gülərmişlər. Həmin gün Müşfiqin ölümünü heç kim anaya deməyə cürət eləmir. Hardasa yaxında olmalıdır, kəndə gedib qayıdar bəhanələri ilə yaşlı qadının başını aldadırlar, qazmada ona isti yatacaq düzəldirlər, müsibətlə uzun yol gəlmiş qadın yuxuya gedir. Gecə yarısı Sulduz təkbaşına Müşfiqi gətirməyə gedir. Hər yan süd kimi ağ imiş. Yerdə qar, göydə ay işığı, elə bil, qaranlıq neytral zolağın üzərindən harasa cəhənnəm olmuşdu. Belə gecələrdə adam günah da olsa Ayı söymək istəyir. Taborda maskalanma xalatı yox idi, Sulduz döşək ağlarına bürünüb sürünərək gedir. Səhərə yaxın kolluğa çatır. Müşfiq böyrü üstündə düşüb qalıbmış, heç ona güllənin hardan dəydiyi də bilinmirmiş. Onun açıqda, havada qalmış üzünü qurd-quş yemişdi, sümükləri ağarırdı.
“Meyiti çevirdim, qarın içindəki üzü sağ-salamat idi, yanağındakı qoşa qara xala qədər”.
İnsan ölüsünün hansısa hissəsini salamat görmək də müharibə vaxtı xoşbəxtlik sayılır. Üz az qala tam simmetrik - alının, burunun, ağızın, çənənin ortasından keçməklə iki hissə idi. Çürümüş və yeyilmiş, sümükləri ağaran üz, sanki diriymiş kimi qarın qoruduğu üz. Cəmi 5-6 ildə parça-parça olmuş hər çür insan meyiti görmüş bu cəsur əsgər mənzərənin ziddiyətindən sarsılmışdı. Sulduz Müşfiqi gətirib blindajın yanındakı çuxurda basdırmışdı, istəmirdi əsgərləri də bu dəhşəti görsünlər. Ananı səhər yola salmışdılar, bir həftə sonra oğlunun vətən uğrunda döyüşlərdə itkin düşdüyü deyilmişdi. Sulduz bölüyə də elə bu cür məlumat vermişdi – meyiti tapa bilmədim, ola bilsin yaralanıb əsir düşüb.
Sonra amerikalı arvadı onu da özü ilə apardı, uzun illər Sulduzu görmədim. Mən diplomatik xidmətə işə düzəldim, arada Amerikaya göndərişlə gedirdim. Bir dəfə Viskonsin ştatında yerlilərimizin diaspor qurumunu yaratmaq üçün konfrans düzənləmişdik. Sulduzu Miluoki şəhərində bir supermarketdə gördüm, burda kassir işləyirdi. Dedi, arvadı Afrikada hansısa əcaib qızdırmadan ölüb, uşaqları isə heç olmayıbmış. Ya da bəlkə varmış, indi bunu xatırlaya bilmirəm – dostlarım məni etibarsız adam saymaqda haqlıdırlar. Məndən adresimi istədi, köhnə yaraların baş qaldırdığını, çox ömrü qalmadığını, öləndə dəfninə kömək eləməyimi istədi. Zarafata da saldı, dedi mən indi Rembo filminin qəhrəmanı kimiyəm, ancaq öz vətənimdə yox, qürbətdə çürüyən Remboyam.
Köhnə dostumun bu halına üzüldüm, ancaq diaspor konfransı başımı qatdı, Sulduzu bir də Amerika səfirliyindən mənə zəng ediləndə - 3 il sonra xatırladım. Ölmüşdü. Meyitini həyətdə basketbol oynayan zənci uşaqlar tapmışdı. Top Sulduzun pəncərəsini qırıb içəri düşübmüş. Uşaqlar topun dalınca gediblər 4 gün heç kimin xəbəri olmadan otaqda qalmış meyiti tapmışdılar.
İndi təyyarədə okeanın üzərindən uçanda mənə dalğalar arasından bir üzünü quşlar yemiş, o biri üzü isə dipdiri bir əsgərin də baxdığını hiss edirəm. Hə, Sulduzdan bir bayatı da qalıb yadımda: “Kaş səni, Ay ürəyi daş səni, Gözlərim kor olaydı, Görməyəydi kaş səni”.

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10