Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin nikahdankənar oğlu: Xruşşovun “məxfi” qrifi altında arxivə göndərdiyi ilginc məlumatlar


Bütün dövrlərdə siyasi liderlərin şəxsi həyatı cəmiyyətdə böyük maraq yaradıb. Birincilərin həyat tərzi, şəxsi münasibətləri nə qədər gizli saxlanılsa da, zaman-zaman tarixçilər, bioqraflar, jurnalistlər bu sahədə araşdırmalar apararaq ortaya maraqlı faktlar çıxarıblar.

30 il SSRİ-yə rəhbərlik edən İosif Stalin haqqında da neçə onilliklərdir ki, bir-birini təkzib edən, mübahisəli, müzakirəyə çevrilən faktlar səngimir. “Xalqlar ata”sının rəsmi tərcümeyi-halında onun iki həyat yoldaşından üç övladı, iki oğlu və bir qızı olduğu göstərilib, bu, Stalinin ailə üzvləri ilə bağlı rəsmi faktdır, qeyri-rəsmi isə onun nikahdankənar övladları olduğu da üzə çıxıb.

Ötən saylarımızda Stalinin nikahdankənar oğlu Konstantin Kuzakov haqqında yazı təqdim etmişdik. Yazıda qeyd etmişdik ki, Stalinin Kuzakovla heç bir əlaqəsi olmasa da, ona gizli olaraq hamilik edib, vəzifə karyerasında Kuzakovun Stalinin oğlu olması böyük rol oynayıb. Stalinin digər bir nikahdankənar oğlu, Aleksandr Davıdov isə atasının imkanlarından heç vaxt yararlanmayıb, hətta Stalinlə görüşməyə belə cəhd etməyib.
sinStalina.jpg (75 KB)

Aleksandr Davıdov həqiqətənmi Stalinin nikahdankənar oğlu olub?
Bununla bağlı ilk araşdırmalar 1956-cı ildə Nikita Xruşovun göstərişi ilə aparılıb.
Belə ki, İosif Stalin 1914-cü ildə Krosnayarskdan 1500 kilometr aralıda yerləşən Kureyka qəsəbəsində sürgündə olarkən, valideynlərini erkən itirmiş 7 bacı və qardaşın yaşadığı kiçik və köhnə bir evdə məskunlaşıb.

Burada yaşadığı zaman 34 yaşlı Koba həmin ailənin üzvlərindən biri olan 14 yaşlı Lidiya Perepıgina adlı qızla “isti” əlaqələr yaradıb. Bu əlaqələr Lidiyanın hamilə qalması ilə nəticələnib. Məsələdən agah olan Lidiyanın böyük qardaşı Stalinlə bağlı jandarma idarəsinə şikayət edib, yetkinlik yaşına çatmayan qızla əlaqədə olduğuna görə onun cəzalandırılmasını istəyib. Stalin jandarma idarəsinə çağırılıb, ittihamları dinləməsinin ardınca Lidiya Perepıgina ilə yetkinlik yaşına çatdıqdan sonra rəsmi nikaha girəcəyini yazılı surətdə bəyan edib. Bir aydan sonra Stalin sürgün müddəti başa çatmamış, sürgündən qaçıb. Lidiya Perepıginaya bildiriblər ki, Stalin Birinci Dünya müharibəsində cəbhədə ölüb.
original (1).jpg (99 KB)
Uşaq anadan olduqdan sonra Lidiya qonşu qəsəbəyə köçüb və həmin qəsəbədə balıqçılıqla məşğul olan Yakov Davıdovla ailə həyatı qurub. Davıdov Lidiyanın oğlunu rəsmi övladlığa götürərək, soyadını ona verib. Beləliklə, Stalinin nikahdankənar oğlu Aleksandr Davıdov ad, soyadı ilə böyüyüb.
Stalin hakimiyyətə gəldikdən sonra Lidiya Perepıgina onun şəklini qəzetlərdə görəndə bilib ki, oğlunun atası kimdir.

Stalin yalnız 1947-ci ildə Aleksandrla maraqlanıb, şəxsi katibi Poskrebışevə tapşırıq verib ki, onun haqqında məlumat toplasın. Poskrebışev Krasnoyarsk diyar Partiya Komitəsinə məsələni araşdırmağı göstəriş verib. Araşdırma nəticəsində məlum olub ki, Lidiya Perepıgina İqark qəsəbəsində bərbər işləyir, oğlu Aleksandr isə mayor rütbəsində hərbçidir, Böyük Vətən müharibəsinin iştirakçısı olub, iki dəfə yaralanıb. Bu haqda Stalinə yazılı məlumat verəndə onun heç bir qərarı və göstərişi olmayıb.

Lidiya Perepıgina oğluna atasının kim olduğunu açıqlayanda Aleksandr Davıdov da heç bir reaksiya verməyib və anasına bildirib ki, 1947-ci ilin dekabrında “NKVD”-nin Krosnayars üzrə idarəsinə çağırılıb, ona yazılı şəkildə xəbərdarlıq edilib ki, Stalinin oğlu olması haqqında bir kəlmə də olsun danışmamalıdır.
1956-cı ildə DTK sədri İvan Serov Xruşova göndərdiyi rəsmi arayışda da bunları qeyd edib:
“...Araşdırmalar nəticəsində məlum olub ki, 1914-cü il təvəllüdlü Aleksandr Davıdov həqiqətən də İosif Stalinin nikahdankənar oğludur. Amma onların heç bir əlaqəsi olmayıb. Stalin heç bir sahədə ailəyə köməklik göstərməyib. Aleksandr Davıdov xidmət etdiyi hərbi hissədə nümunəvi zabit kimi tanınıb, müharibənin 3 ilini cəbhə xəttində xidmət edib. “NKVD”-nin Krasnoyarsk diyarı üzrə idarəsinə çağırılanda o, özünü müsbət tərəfdən göstərib, verilən suallara dəqiq cavab verib və İosif Stalinlə heç vaxt əlaqəsi olmadığını, buna cəhd etmədiyini bildirib...”
262780bf85.jpg (95 KB)

18 səhifəlik bu arayışı Xruşşov “məxfi” qrif altında arxivə göndərib.

1996-cı ildə həmin sənəd araşdırıldıqdan, Kureyka qəsəbəsində yaşayanların ifadələrindən sonra dəqiqləşib ki, Aleksandr Davıdov, həqiqətən də, Stalinin oğlu olub. Ancaq bu dəqiqləşmələrə baxmayaraq, mövzu ətrafında mübahisələr davam edib. Nəhayət, 2016-cı ildə Aleksandr Davıdovun oğlu bütün mübahisələrə son qoymaq üçün “DNK” analizi verməyə qərar verib. Yuri Davıdovun analizlərinin nəticəsi Stalinin qız nəvəsinin, Svetlana Alliluyevanın oğlu İosiflə 99.38 faiz uyğun gəlib. Bununla da Aleksandr Davıdovun Stalinin oğlu olması təsdiqlənib.

Qeyd edək ki, Aleksandr Davıdov mayor rütbəsində ordudan tərxis olunduqdan sonra Novokuznetsk şəhərində yeməkxana müdiri vəzifəsində işləyib. O, 1987-ci ildə vəfat edib.
Mətbuatdan uzaq olan Aleksandr Davıdov verdiyi azsaylı müsahibələrdə heç vaxt Stalinin adını hallandırmayıb, jurnalistlərin bu məsələ ilə bağlı suallarına qısa və konkret cavab verib: “Qadağaların və yaxud da görüşün mümkün olmasına baxmayaraq, mən heç vaxt Stalinlə görüşməyə cəhd etməmişəm...”

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10