Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tofiq Yaqublu aclığı dayandırmayıb



Qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq aclıq edən Tofiq Yaqublu sentyabrın 12-də Şüvəlandakı 3 saylı istintaq təcridxanasından mülki xəstəxanaya – “City Hospital”a köçürülsə də, aclığı dayandırmayıb. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
Hospitalda T.Yaqublunun vəziyyətinə nəzarət edən professor Adil Qeybulla sentyabrın 12-də bildirmişdi ki, bir gün sonra o, reanimasiyadan palataya köçürüləcək. Amma bu, hələlik baş verməyib. “Həkim nəzarəti altında aclığı davam etdirir. Bu gün ayağa qaldırıb, gəzdiriblər. Amma renimasiyadadır. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”,  – deyə N.Həzi söyləyib.
T.Yaqubluya qida tərkibi olmayan sistem köçürülür. Çünki aclıq dövründə normal qaydada su qəbul etməyib. İndi susuzluğun fəsadları aradan qaldırılır. Xəstəxanada T.Yaqublu Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altındadır. N.Həzi qeyd edib ki, atasının istər ailə üzvləri, istərsə də vəkilləri ilə əlaqəsinə hələlik imkan verilmir. Sentyabrın 12-də vəkili Aqil Layıc, sentyabrın 13-də isə Nemət Kərimli onunla görüşməyə cəhd göstərsələr də, icazə ala bilməyiblər.
Ailəsi T.Yaqublunun “City Hospital”a gətirilməsini sosial mediadan öyrənib, onlara bu barədə məlumat verilməyib. Vəkil Aqil Layıc köçürülmə məsələsinə aydınlıq gətirərək bildirib ki, bu, Avropa İnsan Haqları Məhkəməsinin tələbi əsasında baş tutub:
“Tofiq Yaqublunun səhhətinin kritik olmasını, geridönməz halların baş vermə ehtimalını, hər an kliniki koma vəziyyətinin yaşana biləcəyini nəzərə alıb, ailəsinin razılığı ilə “aralıq tədbirlərin görülməsi” üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdik. Onun təcili müasir təminatlı xəstəxanaya köçürülməsini istəmişdik. Eyni zamanda, ailəsinin seçdiyi həkimin – professor Adil Qeybullanın nəzarətində olmasını tələb etmişdik. Avropa Məhkəməsi ilə iki dəfə kommunikasiya oldu. Sentyabrın 11-də olan sonuncu kommunikasiyadan sonra tələblərimiz dərhal dövlətə yönəldi. Sentyabrın 12-də Tofiq Yaqublunun “City Hospital”a köçürülməsi həmin prosesin nəticəsidir. Onun “City Hospital”a köçürülməsi aclığı dayandırması anlamına gəlmir. Sadəcə, kliniki koma vəziyyəti olacağı halda, reanimasyon tədbirlərə hesablanıb”.
Penitensiar Xidmət də T.Yaqublunun köçürülməsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, T.Yaqublunun xəstəxanaya köçürülməsi üçün Adil Qeybulla müraciət edib:
“Tofiq Yaqublunun özünün xahişi ilə tanıdığı həkim Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a Tofiq Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib. Tofiq Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülüb”.
Xatırladaq ki, martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 2-dən aclığa başlayıb. O, qanunsuz həbs olunmasına və haqqındakı ədalətsiz hökmə etiraz olaraq bu addımı atdığını söyləyib.
T.Yaqublu Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10