Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xoşçobanlı kəndi niyə mavi qaza həsrət qalıb?



Necə deyərlər, Masallıda mavi qaz düzü-dünyanı tutub, gedib Xoşçobanlıya çatmayır, neyçün?


Masallı Təklə Ərazi vahidi rayonun qərb tərəfində, əsasən Cəlilabad rayonuna yaxındır.
Bir ucqar ərazi kimi buranın da özünəməxsus problemləri var.
Lakin, bu ərazidəki Xoşçobanlı kəndinin dərdi başqa dərddir.
Belə ki, Təklə ərazisindəki bütün kəndlərə mavi qaz verilsə də, Xoşçobanlı kəndindəki 1500 nəfərlik əhali qaza həsrətdir.


Bu günlərdə redaksiyaya gələn bir neçə kənd sakini ürək yanğısı ilə bildirdi ki,

sağımızdakı, solumuzdakı bütün kəndlərə qaz verilir, lakin Xoşçobanlıya qaz verilmir.



Təsəvvür edin ki, qonşu kəndlərin qaz xətti bizim kəndin 3-4 metrliyindən keçir, onlar mavi qaz alır. Lakin bizim kəndə qaz xətti çəkilsə də mavi qaz verilmir ki, verilmir.

Şikayətçilər bildirir ki,

şikayət etmədiyimiz ünvan, üz tutmadığımız rəhbər qalmayıb. Lakin dərdimizə əlac edən tapılmır. Biz hətta ana xətdən evə çəkiləcək qaz xəttinin də pulunu ödəməyə hazırıq. Lakin problem həll olunmur.

Mütəxəssislər deyir ki, cəmi 150 qaz sayğacı alıb xəttə qoşmaq kifayətdir ki, xoşçobanlıların da mavi qaz həsrətinə son qoyulsun.
Son sözləri budur ki, hökumətin 150 qaz sayğacı almağa pulu yoxdur.


Sonda şikayətçilər onu da xatırlatdı ki, xoşçobanlıların dərdi təkcə mavi qaz dərdi deyil.
İki ildir ki, bu kəndə su xətti çəkilib, lakin su gəlmir.

Şikayətçilərin dediyinə görə, kənddə işıq da bir problemdir.

Belə ki, elə gün olur, 9-10 saat elektrik işığına həsrət qalırıq. Qışda, payızda yağış yağan vaxt isə çayların daşması nəticəsində kənd az qalır suyun altında qalsın.

Məsələyə aydınlıq gətirmək üçün Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini Nəsir Muxtarlı ilə əlaqə saxladıq.

O bildirdi ki,

son illər rayonda onlarla kənd qazlaşdırılıb, hətta ucqar Tiyaqani kəndinə qaz çəkilib. Lakin vəsait olmadığı üçün Xoşçobanlı, eləcə də Qodman ərazisindəki bəzi kəndlərin qazlaşdırılması başa çatdırıla bilmir.
İçməli su məsələsi də onun kimi.
Muğan kəndlərinə 23 kilometrlik içməli su xətti çəkilib. Məhz vəsait olmadığından həmin iş də tam başa çatdırıla bilməyib.


Abdul Əsgərli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10