Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paytaxt sakinlərinin canı boğazına yığılıb: “Bu qədər biabırçılıq olar?!”


“BakıKart”a onlayn pul yükləmək məsələsi niyə gecikdirilir?
 
Hələ 2015-ci ildə, o zaman “BakuBus” MMC-nin direktor müavini olan Vüsal Kərimli yerli mətbuata açıqlamasında bildirmişdi ki, “BakıKart”a onlayn qaydada pul yükləmək mümkün olacaq. O vaxtdan bu yana illər keçməsinə baxmayaraq, səsləndirilmiş bu fikir reallaşmayıb. Bakıətrafı qəsəbələri nəzərə almasaq, şəhər daxilində bir çox avtobuslarda gedişhaqqı ancaq kartla ödənilir. İctimai nəqliyyatdan istifadə edənlərin isə “Bakıkart”a pul yükləməklə bağlı vaxtaşırı şikayətləri səslənir.
 
Belə ki, bəzi dayanacaqlarda ya ümumiyyətlə, terminal yoxdur, ya da var, amma işləmir. Hazırda pandemiya dövrünü yaşayırıq. Metro bağlıdır, insanlar ictimai nəqliyyat olaraq müxtəlif marşrut xətlərindən istifadə edirlər. Bu marşrut xətləri üzrə də gedişhaqqı kartla ödənir. Buna görə də Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yerləşdirilmiş ödəmə məntəqəsində, eləcə də sərnişin sıxlığı yaşanan digər dayanacaqlarda “BakıKart”ına pul yükləyənlərin avtobuslarda olduğu kimi terminallar önündə sıxlığı müşahidə olunur.
 
Sosial şəbəkədə vətəndaşlardan biri “Bakıkart”ına pul yükləmək üçün işlək terminal tapa bilmədiyindən gileylənərək, bu problemin biabırçılıq olduğunu yazıb: “Şikayətim “BakıKart” və BNA-dandır. Bilmirəm, bu məsələyə hansı qrum nəzarət edir. Bu qədər biabırçılıq olar?! Avtobusa minmək üçün bu gün kartıma pul yükləməyə yer tapa bilmədim. Çünki heç bir dayanacaqda balansı artırmaq üçün normal bir terminal yoxdur. Ancaq “Milliön”ə bənzər aparatlardır, onların da heç biri işləmir. Sahil tərəfə gəldim, yazıldı ki, “xidmət müvəqqəti çalışmır”. 28-ə, Mərkəzi Bankın önünə düşdük, orada da yazdı ki, işləmir. Dəmir yolu vağzalı tərəfə gəldim, orada da dayanacaqda terminal yox idi. Belə şey olar?! Biz gəncik, amma yaşlı, hamilə, uşaqla olan sərnişinlər var. Onsuz da metro işləmir, niyə bu məsələyə baxılmır? Məcbur olub sonda taksi sifariş vermişəm. Onsuz da karantin rejimi yetəri qədər insanları streslə boğdu. Heç olmasa, bu məsələlərə ciddi nəzarət edilsin. Heç bir yerdə normal işləyən terminal yoxdur. Təcili şəkildə bu məsələ həllini tapmalıdır!”
Mais Ağayev də koronavirusa yoluxdu - VİDEO
Məsələ ilə bağlı danışan BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, “BakıKart”ın balansının onlayn qaydada artırılması Bakı Nəqliyyat Agentliyinin gündəmində olan ən əsas məsələlərdən olsa da, pandemiyaya görə bu istiqamətdə işlər ləng gedir: “Bu, nağdsız ödəniş sisteminə keçidlə bağlı nəzərdə tutulan kompleks tədbirlərdəndir. Ötən il bu çərçivədə mühüm işlər görüldü. Bütün xətlər üzrə avtobusların “BakıKart”a inteqrasiyası üçün texniki məsələlərin böyük bir qismi həll olundu. Keçən ilin dekabrında marşrut xətlərinin mərhələ ilə “BakıKart”a inteqrasiyasına başlanıldı. Lakin pandemiya səbəbindən bu işlər bir qədər gecikir. Bizim planımız bu ilin iyul ayına qədər onlayn ödəniş sisteminin işə salınması idi. Amma qeyd etdiyim kimi, pandemiyadan irəli gələn obyektiv səbəblərdən bir qədər işlər ləng gedir”.
 
Onun sözlərinə görə, metronun işinin dayandırılması nəticəsində stansiyalardakı “BakıKart”a məxsus 148 ödəmə terminalına əlçatanlıq itirilib: “Sərnişinlərin rahatlığı üçün BNA və Bakı Metropoliteninin rəhbərliyi operativ qaydada məsələnin həlli üçün işlər gördü. Qısa vaxtda sərnişin axını çox olan stansiyaların giriş hissəsi ödəmə terminallarından istifadə üçün açıldı”.
 
Ağayev terminalların quraşdırılması məsələsinə də toxunub: “Terminalların quraşdırılması bir qədər zaman alan məsələdir və hər dayanacaqda terminalın qoyulması iqtisadi baxımdan da səmərəsiz olduğu üçün POS-terminallar qoyulur. Bu POS-terminallar, əsasən qəsəbələrdə hamının tanıdığı hamı üçün əlçatan olan dükanlarda razılıq əsasında qoyulur. Həmin obyektlərin önündə məlumat da yerləşdirilib. Biz tövsiyə edərdik ki, vətəndaşlarımız “BakıKart”ın balansını artırarkən bir qədər tədbirli davransınlar. Həftəlik və ya ongünlük karta gediş haqqı vurularsa, bu zaman hər dayanacaqda kart axtarmağa da ehtiyac olmaz. Bu, sərnişinlərimizin öz rahatlığı və əlavə vaxt itkisi yaşamaması baxımından da vacibdir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10