Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tofiq Yaqublu mülki xəstəxanaya köçürüldü



Müxalifət fəalı Tofiq Yaqublu həbsdə keçirdiyi aclıq aksiyasının 11-ci günündə mülki xəstəxanaya köçürülüb. 
Qızı Nigar Həzi “Press Klub”a bildirib ki, sentyabrın 20-də axşam saat 20.00 radələrində T.Yaqublu saxlanıldığı 3 saylı istintaq təcridxanasından “City Hospital”a köçürülüb. Bu, Avropa İnsan Haqları Məhkəməsinin tələbi əsasında baş tutub. T.Yaqublunun vəkili Aqil Layıc müvəkkilinin aclıq aksiyası keçirməsi və həyatının təhlükə altında olması ilə əlaqədar AİHM-ə müraciət etmişdi. AİHM isə T.Yaqublunun ən uzağı sentyabrın 15-nə qədər mülki xəstəxanaya köçürülməsini Azərbaycan hökumətindən tələb edib. 
T.Yaqublu sentyabrın 12-də səhər saatlarında ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini, təcridxanadakı həkimlərin onun hər an komaya düşə biləcəyindən ehtiyatlandığını bildirib. “Yenə gecə səhərə kimi yatmamışam. Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var. Buradakı həkimlər də həyəcan içindədir. Mənim hər an komaya düşəcəyimdən qorxurlar. Hər gün sürətlə geriyə doğru gedirəm”, – deyə T.Yaqublu qızına söyləyib. O qeyd edib ki, sentyabrın 11-də şəxsən tanıdığı həkim Adil Qeybullanın ona sistem köçürməsinə şərtlə icazə verib: “Adil Qeybulla israrla sistem köçürülməsinin vacibliyini bildirdi. Həmin sistemin qida tərkibli olmadığına məni inandırandan sonra razı oldum. Bunu da yalnız bir dəfə, Adil doktorun özünün edə biləcəyini dedim. Buradakı həkimlər də mənim hər an komaya düşəcəyimi bildirdilər. Sistem köçürülməsindən sonra da dəyişən heç nə olmadı”.
T.Yaqublunun işi üzrə “hadisə yerinə baxış protokolu”nda hal şahidi kimi adı olan Nəbi Acalov isə bəyan edib ki, onun adından atılan imza saxtadır: “Bu imza saxtadır, mənim imzam deyil. Məhkəmədə də bunu sübut etməyə hazıram. Ekspertiza təyin edilsin və hər şeyə aydınlıq gəlsin”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10