Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Danabaşın Kərbəla ziyarəti - Filosof yazır...


Filosof Rahid Uluselin "Göydələnlər təpəsində danabaşlıq,yaxud çağımızda Xudayar bəyin zoğal ağacına yerikləmək"essesini təqdim edirik.
Yüz otuz il bundan əvvəl Danabaş kəndində qandondurucu, göz­bə­rəl­­­di­ci, qulaqşaxaldıcı bir hadisə baş verib. Yox, Məhəm­məd­həsən əminin eşşəyinin itməkliyini demirəm. Ayrı bir zadı deyirəm.
Həmin gün planetin səhər açılan bütün məmləkətlərində hamı bir işin qulpundan yapışmaq üçün evindən bayıra çıxan­da, danabaşlıların da bir qismi evindən bayıra çıxır. Ancaq bir işin qulpundan yapışmaq üçün yox! Məhəmməd­həsən əminin küçə qapısında niyyəti Kərbəla ziyarətinə getmək olan bu kişi ilə böyür-böyürə çömbəlib oturmaq üçün. Və həmin ümumdünya əhəmiyyətli böyük tarixi hadisə də onların arasında adi bir söhbətdə baş verir. Ziyarətə getməkliyin savab və şərtlərindən bəhs edən mükamilənin şıdırığı yerində danabaşlıların biri ərz edir:
“ – Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: “Ziyarətin qəbul olsun!”, aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var. Allah salamatlıq versin, sağ və səlamət qayıdasan evinə. İndi söz yox, Allah qoysa, qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcəyik. İndi görək bizlər sənə deyəcəyik: “Ziyarətin qəbul olunsun”, bu sözün, bu görüşməkliyin sənə xeyri var, ya yox? Mən ki, deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!”
And olsun Diogenin günəş altında ləzzətlə qızındırdığı bədəninə ki, bütün yunan sofistlərinin buqələmun canına ki, bu dünyada heç kim metafizikanın dərinliyinə bu qədər getməyib. Mənim hər kəlməsinə quzu kəsməyə hazır olduğum danabaşlı həmvətənim zaman və məkan kombinasiyasına xəlvət bir guşədən girərək onu real bir görüntüdə göz önünə gətirir:
Birinci akt və onun iki nəticəsi: Danabaş ziyarətə gedir. – a) Allah bu ziyarəti qəbul edir; b) Allah bu ziyarəti qəbul etmir (məgər ziyarətə getmək – onun “qəbul olunması” üçün­dürmü? Danabaş aqnostikası bunun fərqinə varmır. Onu hələ İlahi Məqsədin fayda, xeyir tərəfi düşündürür).
İkinci akt və onun bir nəticəsi: Danabaş ziyarətdən qayıdır. – Allah bu ziyarəti qəbul edibsə də, etməyibsə də, digər danabaş­lıların bir müddət sonra ona “Ziyarətin qəbul olunsun” deməyinin nə faydası?! Birinci – İlahi Akt zamanı ziyarətin qəbul olunub-olunmayacağına, İkinci – Ziya­rət­çinin ziyarəti Aktı zamanı edilən hərəkətin və deyilən sözün heç bir dəxli, təsiri yoxdur.
İlkin İlahi Aktla Ziyarətçinin ziyarəti Aktı arasındakı hətta Kantın özünü belə cəncələ sala bilən bu antinomiyalardan mənim danabaşlı həmvətənim ritorik də olsa, düzgün substansial-məntiqi nəticə çıxarır: Sonradan olan və olacaq – İlkin olmuşun Mütləq Anındakı Həqiqəti dəyişdirə bilməz. Olmayacağı Olacaq etmək olmaz. Olacağı da Olmayacaq etmək olmaz. Əbədiyyətin hər anına Tarixin möhürü vurulub. Ancaq bizim danabaş-metafizik o Tarixi yaşamır, həmişə hadisələrin relyefində diyirlənir: özü də heç vaxt dağa qalxmır, elə həmişə dərəyə düşür. Endikcə enir... Düşdüyü yer çıxılmaz çala olunca...
Danabaşlığın dərəsindən bizlərə yazan rəhmətlik Mirzə Cəlil ziyarətə getməkliyin üç şəklini təqdim edir: piyada getmək, eşşəklə getmək, atla getmək. Hər getməyin də öz “məzənnəsi”, öz “nırxı”: piyada getmək – eşşəklə getməkdən, eşşəklə getmək atla getməkdən daha baha, daha şərafətlidir (nə qədər ləng, nə qədər əziyyətli olsa, o qədər yaxşıdır! Belə olduqda, təyyarə ilə getməyin haqq-hesabını özünüz çəkin). Bu dəyər­lər mərtəbəsində güddüyü mənfəətlə doğma danabaşımız hər hansı bir qərblidən yüz dəfə praktik, min kərə utilitardır. Bu mənfəəti tərəzinin bir gözünə qoysan, bütün İslamı tərəzinin bir gözünə, İslam qalxar göyə!..
1894-cü ildən bəri düşünürəm: mənim danabaşlı həmvə­tənim bu qədər çox bilirsə, adi bir çəpərqırağı söhbətində o yekəliyində fəlsəfəyə baş vurub, metafizik düşüncələrində zırpı-zırpı antoloji mənalar eşələyib çıxara bilirsə, hər hansı bir avropalıdan qat-qat praqmatikdirsə, bəs niyə bu qədər məzlumdur, zəlildir, ayaq altda qalandır?! Zaman və məkan dəyişsə də, centlmen danabaş komada, alaçıqda deyil, 19-cu, 29-cu, 39-cu, 49-cu mərtəbədə yaşasa da, niyə daim Xudayar bəyə və onun zoğal ağacına yerikləyir?!
Hər nəsnədən başı çıxan mənim danabaşlı qardaşlarımın fəqət bilmədiyi bir zad var: Dünyanın ziyarət olunası ən müqəddəs yeri – elə onların çömbəlib oturduqları torpaqdır!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10