Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lay-lay, Azərbaycan, lay-lay – AXI NİYƏ?!


Bu adamlar onillərlə camaatın “başına corab hörüblər”
 
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
 
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
 
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
 
 Oxucuların diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
 
Hətta, Azərbaycanda populyar olan meyxana janrını “obıvatel” üçün sayan insanlar da ömürlərində bir dəfə yəqin ki, rəhmətlik Nizami Rəmzinin adını eşidiblər. Adam indiki “söz xiridarlarından” fərli olaraq, qafiyə xətrinə bayağılıqdan qaçmağa çalışıb, dünyada və cəmiyyətimizdə baş verən bütün siyasi hadisələrə xalqın başa düşdüyü dildə - meyxanası ilə münasibət bildirirdi. Onun “Amerikanları”, “Gəlin, yalan danışmayaq”, “Torpağımız işğal altında”, “Yalanlar gördüm bu dünyada”, “Dovşana qaç, tazıya tut deyirsən” kimi dinləyənləri düşündürən meyxanaları bu janrın həvəskarlarına yaxşı tanışdır. Bu gün rəhmətlik Nizami Rəmzinin doğum günü-filan deyil və cəmiyyətdə də meyxana və meyxanaçılarla bağlı heç bir hadisə baş verməyib.
 
Və odur ki, əziz oxucu, səndə çox haqlı bir sual yarana bilər: ilin-günün bu vaxtında, pandemiya tüğyan edir, iş yerləri yeni-yeni açılır, millət hələ koronavirusdan özünə gəlməyib, axı niyə mən həftənin mövzusu kimi meyxananı və Nizami Rəmzini seçmişəm? Axı niyə?! İzah edim.
 
1990-cı illərin əvvəllərində Nizami Rəmzinin bir meyxanasını eşitdim. O zaman, müstəqilliyin ilk illərində siyasi proseslər bir-birini sürətlə əvəzləyir, rayonlarımız dalbadal işğal edilirdi, insanlar aclıq və müharibə ilə üz-zə qalmışdılar. Amma siyasətçilər hələ də kreslo davasında idilər. O zaman Nizami Rəmzinin dediyi “Lay-lay, Azərbaycan, lay-lay” meyxanası doğrudan da o zamanın bütün problemlərini xalq dilində xalqa çatdıran, sadə meyxanaçının dilində bir üsyan idi.
 
“Youtube”-da təsadüfən yenə qarşıma çıxdı bu meyxana. Dinlədim, həm gəncliyimi yada saldım, həm də birdən mənə çatdı ki, rəhmətlik Nizami Rəmzinin dediyi müddətdən 30 ilə yaxın bir vaxt keçsə də, heç nə dəyişməyib. Elə bil, bu gün üçün deyib. Xüsusən də, onun Milli Məclislə bağlı dedikləri: Milli Məclis – dramadır, biletləri çox bahadır, biri alır, biri satır...
 
Təxminən, 10 dəqiqəlik gitara ilə bard janrında deyilən bu meyxananın sədaları altında saytları gəzişirdim ki, qarşıma keçmiş “boz kardinal” Ramiz Mehdiyevin, karantin rejimini pozaraq övladına toy edən, 15 sutka yatdıqdan sonra azadlığa çıxan kürəkəni, sabiq deputat İlham Əliyevin açıqlaması çıxdı.
 
O, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel Adıgözəlzadəni (Teymurzadə) qalmaqalda günahlandırırdı: “Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel videonu çəkərək müxalifət saytlarına ötürdü. Bunu niyə etməsi barədə çox düşünmüşəm. Bu, təxribatdır. Bu, Ramiz Mehdiyevə qarşı təxribatdır”.

Burada qəribə olan onun öz qaynatasını müdafiə etməyə cəhd etməsi, günahkar axtarışında Ayseli tapması deyil. Maraqlı başqa məqamdır. Adam “yüz il” parlamentdə - qanunverici orqanda oturub, indi isə qanunu pozduğuna görə, 15 sutka həbs yatıb-çıxıb, amma özündə qətiyyən günah görmür. “Bu adam parlamentə necə düşüb” kimi mənasız suala cavab axtarmaq fikrində deyiləm. Aydındır ki, Mehdiyevə görə.
 
Amma, görəsən özünü hələ də günahsız sayan eks-deputat İlham Əliyev, doğrudanmı hesb edir ki, Aysel olmasaydı, bu video saytlarda və sosial şəbəkələrdə yayılmayacaqdı? Doğurdanmı hesab edir ki, onun toyunda video çəkənlərin (aralarında DTX kamerası da daxil olmaqla) hamısı bu kadrları gizli saxlayacaqdı?
 
Ümid edirəm ki, yox! Çünki, əks halda belə bir “sadəlövh” adamın parlamentdə illərdir necə oturması bir yana, intriqalar ustası olan qaynatasından nəsə öyrənməməyinin özü belə, Əliyevə başucalığı gətirmir. Hamısı bilirdi ki, bu toyun sədası çox çıxacaq, sadəcə bunun, hökumətin Mehdiyevə olan münasibətini dəqiqləşdirmək üçün adamın özü tərəfindən qəsdən edilməsi ehtimalı daha məntiqli deyilmi? Amma eks-deputat bunu ya anlamır, ya da anlamaq iqtidarında deyil.
 
Və əziz oxucu, bu keçmiş deputat Milli Məclisdə oniliklərlə oturan və bizim taleyimizi həll edən qafa sahiblərinin heç də barmaqla sayılanlarından biri deyil. Belələri çoxdur: Jak Şirakın qudurmasından, qanun layihəsindən “işverən” sözünün götürülməsinin tələb edilməsindən, müəllimlərə məktəbdən sonra dolanmaq üçün fəhləlik etməyin təklif olunmasından başlayıb, çoxlu absurdları dilə gətirən nə qədər deputatlara xatırlaya bilərik ki, onlar illərlə “başımıza corab hörüblər”.
 
Elə bilirsən, əziz oxucu, indiki parlament əvvəlkindən çox fərqlidir? İndi qırmızı kresloları həftədə iki dəfə tutan insanların əksəriyyəti əvvəlki heyətdən qalanlardır. Orada da absurd təklifləri ağıllı sifətlə təklif edən kifayət qədər adamlar qalıb. Nə qədər ki, parlamentimiz, doğrudan da millətin seçdiyi vəkillərdən formalaşmayacaq, yuxarıda misal göstərdiyim tipli kürəkənlər bizə ağıl öyrədəcək, etdikləri qanunsuzluqları etiraf edərək, peşmançılıq bildirmək əvəzinə, günahı başqalarında görəcəklər...
 
Odur ki, “Lay-lay, Azərbaycan, lay-lay”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10