Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakaşvilinin Gürcüstana dönüşü ehtimalı belə, erməniləri vahiməyə salıb...


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Gürcüstana qayıtmaq və 31 oktyabr parlament seçkilərində iştirak etmək niyyəti haqqında xəbər Ermənistanda böyük narahatlıqla qarşılanıb və xəbərin onlar üçün “hədsiz xoşagəlməyən” olduğunu, bu işdən yaxşı heç nə gözləmədiklərini qeyd ediblər.

Müstəqil Gürcüstanın ilk prezidenti Qamsaxurdiyanı faşist adlandıran erməni mediası Saakaşvilinin “qızılgül inqilabının” da ermənilər üçün qorxunc bir xatirə olduğunu vurğulayırlar. Ermənilər bunu necə izah edirlər? Əsasən ermənilərin yaşadığı Cavaxetiya bölgəsinin Axalkalaki şəhərində yerləşən Rusiyanın 62-ci hərbi bazasının Saakaşvili tərəfindən çıxarılmasını bağışlaya bilmirlər. Bu bazanın yerli erməni əhalisinin qazanc mənbəyi olduğunu deyən erməni siyasətçiləri, üstəlik Türkiyənin lap yaxınlıqda olduğunu və guya müdafiə olunmaqdan məhrum edildiklərini göstərirlər. 

Deməli, Rusiya hətta Gürcüstan ərazisində hərbi baza yerləşdirərkən, məhz ermənilərin çox yaşadığı yerləri əbəs yerə seçmirmiş. Ermənilərin zamanında tabe olduqları imperiyaları satdıqlarını, xüsusilə Osmanlını satıb Rusiyaya üz tutduqlarını unutmayan ruslar, vaxt gələndə rmənilərin sığındıqları gürcü torpaqlarında Gürcüstan dövlətini də satmağa hazır olduqlarını təbii ki, bilirdilər.

Cavaxetiyada birbaşa Saakaşviliyə erməni ədəbiyyatı və dilinin tədrisi ilə bağlı əsassız tələblər irəli sürən Vahan Çaxalyanın həyasız hərəkətlərini biz də unutmamışıq. Gürcü kilsələrinin erməniləşdirilməsinə də Saakaşvilinin vaxtında son qoyuldu və tarixi gürcü kilsələrinin adı özünə qaytarıldı. Ermənilər bunu unutmadıqlarını da deyirlər. Üstəlik, şovinist xarakterli və saxta erməni dərsliklərinin Gürcüstana gətirilməsini də məhz Saakaşvilinin qadağan etdiyini deyən ermənilər bu siyasətçinin vətəninə dönməsini faciə kimi qarşılayırlar.

Amma, ermənilər daha çox Saakaşvilinin hər zaman Azərbaycanı yaxın qonşu, dost ölkə kimi tanımasından narahatlıqlarını ifadə edirlər. Qarabağ məsələsində Gürcüstanın Azərbaycanı dəstəklidiyini bağışlaya bilmirlər. Görün, son Tovuz hadisələrində Gürcüstanın mövqeyini erməni siyasi şərhçi necə qeyd edir:

”Uzağa getməyək, iyulda Tovuz istiqamətində gürcülər prinsip olaraq öz ərazilərindən Ermənistana silahların gətirilməsinə icazə vermədilər, amma bilirdilər ki, bu silahlarsız bizə çox çətin olacaq”. 

Biz erməni jurnalistin bu yazısını RF MN naziri Şoyqunun nəzərinə çatdırmalıyıq ki, erməni özü etiraf edir ki, Rusiya Ermənistana vacib olan silahı Gürcüstan üzərindən keçirə bilməyib.

Oktyabr seçkilərində Saakaşvili qələbə qazanarsa, vəziyyətin ermənilər üçün əhəmiyyətli dərəcədə pisləşəcəyini qeyd edən media Saakaşvilidə hələ də Azərbaycan və Türkiyəyə məhəbbəti olduğunu təəssüflə yazır. Saakaşvilinin aşağıdakı nitqini sitat gətirən erməni yazar şərhə ehtiyacın qalmadığını söyləyir.

“Azərbaycanla münasibətlərimiz elə bir səviyyədədir ki, onlara qarşı atılan hər bir addım Gürcüstan xalqına qarşı, bölgədəki sülhə qarşı, mənim şəxsi prinsiplərimə qarşı bir addımdır. Bunu təşkil edən insanlar cəzalandırılmalıdır. Bu, illər ərzində Azərbaycanın Gürcüstanla etdiyi yaxşı işlərə cavab olaraq böyük bir naşükürlük olardı. Minnətdarlıq anlayışı yalnız insanlar üçün deyil, həm də beynəlxalq münasibətlər üçün bənzərsizdir. Azərbaycana nankor olmağımız üçün bir səbəbimiz yoxdur. Əksinə, uzun illərdir davam edən qardaş kömək əlinə görə Azərbaycana daha da dərin minnətdar olmalıyıq”.

Sonda ermənilər bu nəticəyə gəlir ki, Saakaşvili qalib gələrsə “Paşinyanın baş ağrıları artacaq” və bu qələbənin əksinə, plan hazırlamağın vacibliyini vurğulayırlar.

Sözardı: Əgər Saakaşvili 31 oktyabr parlament seçkilərində iştirak edərsə, yəqin Azərbaycan tərəf də mümkün imkanlar daxilində onun qələbəsinə yardım etməyin perspektivdə bizim üçün böyük əhəmiyyəti olacağını nəzərə alacaq.

Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10