Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanda mini futbol meydançası inşa edilib


Keçmiş futbolçu Rafiq Babayevin təşəbbüsü və digər qəsəbə sakinlərinin dəstəyi ilə inşa edilən bu meydançada hər gün onlarla gənc idmanla məşğul olur.



Rafiq Babayev təkcə Ərkivan qəsəbəsində yox, bütün Masallıda, eləcə də bir çox rayonlarda “Yaxşı oğlan” adını qazanan və uzun illər bu adı ləyaqətlə daşıyan bir insandır.



2 il öncə tale Rafiqi çox ağır sınağa çəkdi. Rafiqin Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Futbol fakültəsini bitirən 26 yaşlı oğlu Vüqar qəfil xəstəlikdən dünyasını dəyişdi.

Rafiq Babayev də elə həmin vaxt onun xatirəsinə stadion tikməyi qərarı aldı
.

Rafiq bu işi “Ərkivan” Şadlıq Zalının cənub tərəfində, ona məxsus 0,50 ha torpaq sahəsində inşa etməyə qərar verdi.


Stadionun texniki direktoru Mirzəkişi Mirzəyev:



- Öncə onu bildirim ki, bu, qəsəbə gənclərinin inşa etdiyi 2-ci stadiondur. Təxminən 20 il öncə Həsənküçə məhəlləsinin aşağısında stadion inşa ediləndə oranın da yaşıllaşdırma işlərinə mən rəhbərlik etmişəm. Burada özüm və oğlanlarım nə iş görürüksə və görəcəyiksə onları təmənnasız edirik.

- Burada ilk işimizə yerin hamarlanmasından başladıq. Bura 50 maşından artıq torpaq, həmin torpağın üstünə isə 10 maşın iri çay daşları tökdük. Daha sonra həmin daşlanmış yerə doğranmış daşlar tökdük. Xüsusi texnika vasitəsi ilə həmin daşlar bu əraziyə möhkəm otuzduruldu.

- 2-ci mərhələdə Bakıdan işlənmiş yaşıl örtük yaxın dostların köməyi ilə bura gətirilib və xüsusi qaydada stadiona döşənib.

- Şəkildə göründüyü kimi uzunu 36 metr, eni 18 metr olan bu ərazi dəmir hasara alınıb, bura dəmir tor çəkilib, taxta çərçivələr qurulub. Yaxınlıqda yardımçı bina tikilib. Burada 2 soyunub - geyinmə otaqları, 4 ədəd duş və ayaqyolu yerləşir. Əlavə olaraq, quyu qazılıb, motor, çən, stol-stulla təşkil olunub.







Stadionun ətrafına 100-dən artıq söyüd, qovaq, xan çinar, palıd, dəfnə və sair ağaclar əkilib.
Yaxın günlərdə burada 200 adamın əyləşə biləcəyi oturacaqlar, girişdə günəşdən qorunmaq üçün çardaq qurulacaq.
Stadionun işıqlandırılması üçün 4 projektor quraşdırılıb ki, gənclər axşam saatlarında da oynaya bilsinlər.


Artıq iki gündür ki, uşaqlar burada futbol oynayır.



Biz bu yazını hazırlayanda Qızılaküçə və Pələngüştə məhəllələri yarışırdı.



Nəzərdə tutulub ki, burada azyaşlılar üçün məşqlər keçirilsin, nəinki ərkivanlılar, qonşu kəndlər də bu yarışmaya gəlsin.

Mirzəkişi Mirzəyev daha sonra bildirdi ki, bu işlərdə Rafiq Babayevlə yanaşı, Məşkur Qasımov, İsrail Tağıyev, Kamal Mazanov, Tarverdi Babayev, qəsəbədəki ustalar, kafel Nuruş kimi tanınan Habil Əşrəfov və başqalarının da əməyini qeyd etmək lazımdır.

Yeni stadionun öz qanunları var-oynayarkən söyüş söymək, qışqırmaq, eləcə də azyaşlıların bura valideynsiz, ya müəllimsiz gəlməsi qadağandır.
Bunu ərkivanlı könüllülərin yeni uğuru kimi də dəyərləndirmək olar.


Abdul Əsgərli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10