Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məsələ təkcə Yaqublu məsələsi deyil


Tofiq Yaqublunun qondarma ittihamlarla həbs olunmasına, onun bu ədalətsizliyə qarşı nümayiş etdirdiyi dirənişə cəmiyyətdən böyük etiraz və dəstək var. Bəzi deputatlar, hökumətyönlü şəxslər də daxil olmaqla, ən müxtəlif təbəqələrin nümayəndələri hakimiyyəti T.Yaqublunu azadlığa buraxmağa çağırırlar. Beynəlxalq təşkilatlar, ABŞ başda olmaqla Qərb dövlətləri, insan haqları təşkilatları da Azərbaycan ictimaiyyətinin bu tələbi ilə həmrəydirlər. Hökumətin reaksiyasına gəldikdə isə, aclığın 6-cı günü Ombudsman ona baş çəkib, məhkəmə apellyasiya şikayətini icraata götürüb. Ehtimallar var ki, növbəti instansiyada onun barəsində verilmiş məhkəmə hökmü dəyişdirilə bilər. Bu, siyasi hakimiyyətin verəcəyi qərardan asılıdır, ədalətsiz hökmün qüvvədə saxlanılması da mümkündür.
Cəmiyyətin Tofiq Yaqubluya verdiyi böyük dəstək, əlbəttə, ilk növbədə onun şəxsiyyəti ilə bağlıdır. Yaqublu Qarabağ qazisidir, təmiz reputasiyaya malikdir, fədakardır, ardıcıldır, hakimiyyətə qarşı birmənalı müxalifətçi mövqedə dayanır və opportunist deyil. Ona qarşı törədilmiş təxribatın ifşa olunması, məhkəmədə etdiyi sərt çıxışlar, ittihamların absurdluğu da onun müdafiəsinin genişlənməsinə səbəb olan amillərdən biridir.
Bir həftədir gündəmi zəbt edən bu hadisəyə iqtidar-müxalifət mübarizəsi prizmasından baxdıqda qəribə mənzərə yaranır. Ölkədə populyar olan bir siyasətçini, müharibə veteranını qondarma ittihamlarla həbs etmək hakimiyyətə nə verir? Bunun bəhrəsini nədə görürlər və ya iqtidar bu addımı atmaqla hansı məqsədinə nail olmaq istəyir?
Ən soyuqqanlı şəkildə versiyalar irəli sürüb, sırf praqmatik maraqlardan çıxış etdikdə belə, Tofiq Yaqublunun həbsindən hakimiyyətin hansısa dividentlər əldə etdiyini görmək olmur.
Bu hadisə cəmiyyətdə qorxu mühitini gücləndirdimi? Əksinə, ictimai rəy hakimiyyətin əleyhinə işlədi, T.Yaqublunun çıxışları sosial şəbəkələrdə geniş yayıldı, daha çox insan onun mübarizəsindən xəbər tutdu. Hüquq-mühafizə orqanlarına, məhkəmə hakimiyyətinə etimadsızlıq daha da dərinləşdi. Eyni zamanda, bu sahədə islahatların nə qədər vacib olduğu bir daha ortaya çıxdı.
Siyasi müstəvidə Tofiq Yaqubluya qarşı irəli sürülən ittihamların müdafiəsiz qalması başqa bir məsələdir. Heç bir hakimiyyət nümayəndəsi, parlament üzvü ittihamı müdafiə mövqeyindən çıxış etmədi. “Azərbaycan hüquqi dövlətdir, məhkəmələr müstəqildir” kimi ənənəvi arqumentlər də çox zəif səslə ifadə olundu. Bəlkə də ictimai rəylə hesablaşmayan hökumət nümayəndələri üçün bu, adi mənzərədir, amma siyasi baxımdan olduqca pis nümunədir. Cəmiyyətin, beynəlxaq ictimaiyyətin sərt basqıları altında əzilmək, ictimai etimadı itirmək, qarşıdurma vəziyyətinə gəlmək bir siyasi qüvvə üçün kiçik itki sayıla bilməz. Bunun nəticələri bu gün ortada görünməsə də, perspektivdə mütləq özünü göstərəcək.
Yaqublu hadisəsinə cəmiyyətdən verilən reaksiyalar həm də insanların bu tip olaylardan yorulduğunu, bezdiyini göstərir. Nə zamana qədər belə olacaq? Siyasi qadağalar, əsassız həbslər, repressiyalar ölkənin siyasi gündəmini nə vaxta qədər tutacaq? Onillərdir Azərbaycanda siyasi məhbus problemi həll olunmur, müxalifət dövlətin, xalqın düşməni kimi təqdim edilir, parlamentə, bələdiyyələrə buraxılmır, həbs olunur, döyülür… Dövlətin resursları fasiləsiz olaraq bu işlərə səfərbər edilir.
Postsovet məkanında bu şəkildə idarə olunan cəmi bir neçə ölkə qalıb. Əksər dövlətlər ya demokratiyaya keçid edərək normal siyasi sistem qurub, ya da yumşaq avtoritarizm mövcuddur. Azərbaycanın bəzi yaxın qonşuları demokratikləşmə prosesində ilk sıradadırlar. Onların uğurları o həddədir ki, böyük təbii resursları olan Azərbaycan artıq iqtisadi inkişafda da onlardan geri qalmağa başlayıb. Səbəb pis idarəçilik, sərt avtoritarizmdən irəli gələn başqa mənfi tendensiyalardır. Halbuki Azərbaycan bütün parametrlər üzrə daha böyük potensiala malikdir, lakin şəffaf idarəetmə, rəqabətli mühit, azadlıqlar yoxdur. Tofiq Yaqublu olayı göstərdi ki, bu məsələ artıq cəmiyyətin tələbinə çevirilib. İnsanlar təkcə müxalifətçi aktivistə azadlıq tələb etmir, həm də ölkəni buxovlayan, onu geriyə atan pis idarəçilikdən yaxa qurtarmaq istəyir.
pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10