Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Türkiyəyə “qardaş” deyiriksə, niyə Milli Məclis “PKK”nı terrorçu təşkilat kimi tanımır?..”


“Prezidentin Yunanıstan səfirinə Türkiyəyə dəstəyimizlə bağlı sərt sözünü hamı eşitdi. Bəs parlament bunlardan niyə düzgün nəticə çıxarmır?..” 
“Çünki bəziləri yaxşı bilir ki, Türkiyə ordusunun, kəşfiyyatının və digər qurumlarının Azərbaycanda yerlənməsi onların iç üzünü, dövlətə, xalqa xəyanətlərini açacaq...”


Tanınmış politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev Moderator.az-a  geniş müsahibəsində Azərbaycanda və regionda yaranmış son vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

(Əvvəli burada: https://www.moderator.az/news/342293.html )

-Cümşüd bəy, bəs sizcə, hazırda Azərbaycanda, o cümlədən hakimiyyət dairələrində Türkiyə ordusunun burada qalması ilə bağlı vahid mövqe formalaşıb ki, bu xarici düşmənlər belə həyəcan keçirirlər?..

- Təəssüf ki, Qarabağın azad edilməsi ilə bağlı Türkiyə, eləcə də Pakistanın dəstəyindən yararlanmaq məsələsində vahid mövqe yoxdur. Yalnız Azərbaycan Prezidentinin, bir də bildiyimə görə, 1-ci Vitse-prezidentin mövqeləri qətidir. Onlar hər ikisi iradələrini ortalığa qoyuiblar. Amma müxtəlif  dövlət strukturlarında, nə yazıqlar ki, tərəddüd edənlər, hətta bunun qəti əleyhinə olanlar xeylidir. Çünki bəziləri yaxşı bilir ki, Türkiyə ordusunun, kəşfiyyatının və digər qurumlarının Azərbaycanda yerlənməsi onların iç üzünü, dövlətə, xalqa xəyanətlərini açacaq... Belələrinin arasında nazirlər də, komitə sədrləri də var, deputatlar da... Nədən ki, hələ də gülənçilərin, nurçuların Azərbaycandakı kökləri tam kəsilməyib, hələ dərində olanları var... Türkiyənin Bakıya gəlməsindən narahat olan əsasən həmin iki təbəqədir...

 -Görəsən, hələ 21 il öncə- 1999-cu ildə həbs edilən terrorçu başı Abdulla Öcalanın da ifadəsində təsdiqlədiyi kimi, terrorçu “PKK” ilə bağlantısı olanlar yenə də qalır Azərbaycanda?..

- Təbii... Hələ, üstəlik, “PKK”-nın sonradan yaranan “YPG”, “PJD” kimi qanadlarıyla da bağlı olanlar var, təəssüf ki... Yeri gəlmişkən, bu günədək qaranlıq qalan məsələlərdən  biri də “PKK” ilə bağlıdır... ABŞ, Rusiya, eləcə də bir çox Avropa ölkələri “PKK”-nı terrorçu təşkilat kimi tanıyıb... Bəs Azərbaycanın Milli Məclisi qardaşımız Türkiyənin 40 ilə yaxındır on minlərlə dinc vətəndaşını, yüzlərlə hərbçisini şəhid edən bu təşkilatı niyə terrorçu bir təşkilat kimi tanımır?   Hələ 1990-cı illərdə deputat olanda da mən bu məsələni qaldırmışdım. Onun üstündə mənim başıma çox oyunlar açdılar... Biz Türkiyəyə “qardaş” deyiriksə, niyə “PKK”-nı terrorçu kimi tanımırıq? Və nə yazıqlar ki, Azərbaycanda bunun əlyehinə olan adamlar bu gün daha da gücləniblər... 
Bilirsiz, Milli Məclisdə tez-tez türkçülükdən danışanlar da yalançıdır, ikiüzlüdür, münafiqdir...  Çünki ortalığa sual çıxır: belələri indiyədək niyə bir dəfə dəyərli parlamentimizin  beşcə dəqiqə vaxtını alıb,  qanunverici təşəbbüslə çıxış edərək “PKK”-nın terrorçu təşkilat kimi tanınması məsələsini gündəmə gətirmirlər?.. Bu nə deməkdir axı? Dövlətimiz, Prezidentimiz Türkiyəni bir qardaş kimi dəstəkləyir. Dövlət başçısının Yunanıstan səfirinə necə açıq, konkret və sərt şəkildə Azərbaycanın Türkiyəyə dəstəyini çatdırdığını hamı gördü... Bundan əvvəl də neçə illər boyu Prezidentin Türkiyə ilə bağlı oxşar qətiyyətli çıxışları olub. Bəs Milli Məclis bunlardan niyə nəticə çıxarıb qardaş Türkiyənin düşmənlərinə qarşı bu gərəkli qəti  addımı atmır? Çünki bunun arxasında  başqa məsələlər var... Bilirsiz, Azərbaycanda o qədər anormal proseslər baş verir ki...
 
 -Konkret nələri nəzərdə tutursuz?

- Danışmaqla qurtarma olur e... Məsələn, elə götürək xaricdə ölkəmiz əleyhinə təbliğat aparıb ermənilərlə birbaşa, yaxud dolayısıyla müttəfiq olan internet telekanallarını... Təsəvvür edirsiz, həmin kanalları Azərbaycan xalqının, dövlətinin hesabına mayalanan, varlanan bir sıra vəzifə sahibləri maliyyələşdirirlər... Hazırda Avropadakı ən üzdə olan, aparıcı kanallardan 3-ü Azərbaycan respublikasında ən yüksək vəzifələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında çalışan adamların əlindədir. Hələlik ad çəkmirəm... Ancaq bu, belədir. Düzdür, həmin kanallar bir-birini də vururlar, çünki sahiblərinin maraqları bəzi məqamlarda üst-üstə düşmür. Amma Azərbaycanı ən çox aşağılayan kanalların arxalarında duranların kimliyi  araşdırılsa, məlum olar ki, həmin kanalları gizlicə dəstəkləyən, maliyyələşdirən məmurların ailələri Avropa ölkələrinin vətəndaşlarıdır. Bizdə olan məlumata görə, bu günlərdə artıq onlardan bəziləri  sığınacaq istəyirlər Avropa ölkələrindən... Və başa düşə bilmirəm, müvafiq dövlət qurumları üçün çətin deyil ki, bunların ailələrinin harada olduğunu araşdırmaq. Belələri arasında Haykanuşun uşaqları da var... Onu qəti bilmək lazımdır ki,  bunlar  heç vaxt bizi sevməyəcək, bizim xeyrimizə çalışmayacaq... Yəni bunlar potensial düşmənlərimizdir...

 -Cümşüd bəy, bəs bu dedikləriniz barədə müvafiq qurumlara,  o cümlədən dövlət başçısına konkret müraciətləriniz olubmu?

-Bəli, dəfələrlə müraciət etmişəm. Amma təəssüf doğuran, eyni zamanda təəccüblü hal ondadır ki, bu saat məhz bəhs etdiyimiz qüvvələrin fəaliyyəti sayəsində cənab Prezident İlham Əliyevi də, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanı da əlçatmaz ediblər. Yəni xalqın taleyüklü məsələləri ilə bağlı məsələlərin dövlətin ali rəhbərliyinə çatmasına imkan verilmir.  Onlara sözümüzü heç cür çatdıra bilmirik.  Təsəvvür edin, 3 aydır, bu dediyim məsələlərlə bağlı Prezidentə və 1-ci Vitse-Prezidentə dəfələrlə  həm  adi poçtla, həm də elektron poçt vasitəsilə müraciətlərim, təkliflərim, xahişlərim olub. Amma bu günədək heç birinə cavab verilməyib.   Və bunların hamısını sənədlə deyirəm. Əlimdə müvafiq qəbzlər, məktubların surətləri var... Bilirsiz, niyə imkan vermirlər müraciətlərimizin rəhbərliyə çatmasına?.. Ona görə ki, məhz həmin Haykanuşun, İvanın uşaqları istəmir ki, Prezidentin və 1-ci Vitse-Prezidentin ətrafında  millətini, xalqını sevən, ağıllı, elmli, cəmiyyətə doğru yol göstərən adamlar olsun. Bunlar çalışırlar ki, dövlət rəhbərliyi ətrafında olanlar qanı qarışıq, pozğun əxlaqlı, saxta, dələduz davranışlı şəxslər olsun. Belə xüsusiyyət isə vətənini, xalqını, dövlətini sevən biz ziyalılar da yoxdur və ola da bilməz... Bu yaşımızdan sonra bizim simamızı dəyişib, vicdanımızı atıb yaşamaq yox, mövcud olmaq fikrimiz də yoxdur... 

Təvazökarlıqdan uzaq olsa da, bir məsələni fakt kimi deyəcəm: təsəvvür edin, mənim – Qarabağ savaşlarında da iştirak etmiş, müstəqil dövlətçiliyimizin bərpası uğrunda illərlə meydanlarda, səngərlərdə, tribunalarda əlindən gələn mübarizəni aparmış bir vətəndaşın 65 yaşı tamam olur – dövlət qurumlarının, yaxud Milli Məclisin bir nümayəndəsinin bu yadına düşmür ki, heç olmasa,  quru bir təbrik mətni yazsınlar. Amma ağzından süd iyi gələn, üzr istəyirəm,  mütrif gədə-güdələr təbrik də edilir, onlara fəxri adlar da, mənzillər, maşınlar da verilir...  Amma bütün bunlara rəğmən biz bir ziyalı olaraq yenə də dövlətimizdən küsmürük, yenə də onun yanında olmağa, onu qorumağa çalışırıq... 

Ötən əsrin əvvəlində də bu cür məkrli planlarla milli elitanı çökdürüb dövlətimizi Rusiyaya işğal etdirdilər. Bu gün də Gürcüstan, Moldova kimi, biz də yaralıyıq, bizim də işğal altında torpağımız var. Və torpağı gedən bir xalqı bu qədər arsızlığa, mənəviyyatsızlığa,  əxlaqsızlığa alışdıran qüvvələrə bu cür meydan verilsə, Azərbaycanı yenidən diz çökdürəcəklər... Odur ki, hər birimiz bütün umu-küsünü kənara qoyub dövlətin yanında olmalıyıq... Elə əsas məqsəd də odur ki, ağıllıları, milli qeyrətliləri küsdürsünlər,  meydan çaqqallara, tülkülərə qalsın... 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10