Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda rəsmi 2 min. Qeyri-rəsmi 5 min narkoman var. Onlardan cəmi 3-4 nəfəri müalicə olunur


Qonşu rayonlarda da oxşar vəziyyətdir

“Məhəlləmizdə 10-a yaxın narkotik aludəçisi var. Aralarında cavanlar çoxdur.
Özü də bu gənclər abırlı ailədəndirlər. Valideynləri hörmətli adamlardır, normal ailədirlər.
Ancaq bir övladları narkomandır. Ailə buna görə üzülür.
Məhəllələrin hamısında narkoman var. İndi belə işlərə adi baxırlar.”


Bu sözləri adının çəkilməsini istəməyən bir Lənkəran şəhər sakini deyir. Onun dediyinə görə, məhəllədə narkotiklə bağlı tutulanlar da az deyil:

“Polislər mübarizə aparır. Gəlirlər-gedirlər. Nəticə yoxdur. Kimlərsə narkotiki gizli şəkildə burada yayır ”.


“Lənkəranda narkomanların reabilitasiya mərkəzi inşa edilməli idi…”

Lənkəran şəhər sakini,İltifat Rəhimzadə də deyir ki, narkomanların sayı artmaqda davam edir:

“Kəndlərdə də narkomanlıq yayılmaqdadır. Narkomanlar vaxtaşırı olaraq cinayət edirlər. Kriminal hadisələr artır. Ən pisi odur ki, narkomanların müalicəsi üçün ciddi iş görülmür. Lənkəranda narkomanların reabilitasiya mərkəzi inşa edilməli idi. Bunun üçün yer də ayırdılar. Tikinti isə getmədi…”


“100 nəfər narkomandan 3-4 nəfəri müalicə ala bilir ”

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyevin yerli mətbuata verdiyi məlumata görə, təkcə Lənkəranda 2000 nəfər narkoman qeydiyyatdadır. Həkimin sözlərinə görə, reallıqda Lənkəran rayonunda 5 minə yaxın narkotik aludəçisi var. O deyir ki, 100 narkomandan yalnız 3-4 nəfəri müalicə oluna bilir.

Verilən məlumatlara görə, narkomanlar arasında QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) tutulanlar da çoxdur. Cənub bölgəsində QİÇS-ə tutulanların sayının isə 400 nəfəri ötdüyü söylənilir.


Astara rayon sakini Vaqif Əhmədoğlu deyir ki, narkomanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən bir neçə dəfə çoxdur:




Vaqif Əhmədoğlu


“Rəqəmi heç kim dəqiq bilmir. Fakt odur ki, narkomanların sayı hər gün artır. Buna əsas səbəb də qonşu ölkələrdir. Biz bilirik ki, dünyada ən çox narkotik Əfqanıstanda becərilir. Narkotik bu ölkədən yayılır. Narkotiklərin müəyyən hissəsi İrandan keçir. Bura narkotiklərin tranzit yoludur. Ona görə də, narkotik bu bölgədə çox asanlıqla yayılır. Ailələr dağılır, gənclərmiz bədbəxt olur. Narkomanların içərisində qadınların, yeniyetmələrin olması ürək ağrıdır.
Dindarlarımız da bu işdə yaxşı kömək edə bilərlər. Gərək cəmiyyət bu bəla ilə mübarizə apara. Bu təkcə polislik iş deyil. Narahatıq …”


26 iyun Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Günüdür.


Lənkəranda hesab edirlər ki, narkomaniya ilə kompleks mübarizə aparılmalıdır. Bu həm maarifçilik işinin gücləndirilməsini, həm də məşğulluğun artırılmasını zəruri edir.


Statistika


Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, ötən ilin sonuna onlarda 29.448 nəfər qeydiyyatda olub.
Məlumata görə, onlardan 24.056 nəfər dispanser, 5.392 nəfər profilaktik qeydiyyatda olanlardır. Onlardan 5 nəfərin 18 yaşı hələ tamam olmayıb. 612 nəfər qadındır.
2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.
(azadliq.org)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10