Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı futbolu “kəfəni” yırtmaq istəyir


Masallı futbolu “kəfəni” yırtmaq istəyir


Kubok yarışmasının ilk oyununda 5:0 hesabı ilə Qobustan komandasına qalib gələn masallılılar cavab görüşünə ciddi hazırlaşırlar.

Masallının futbol fədailəri olmazın çətinliklərə baxmayaraq, lap zəif formada olsa belə öz varlıqlarını hiss etdirirlər. Gah yüksək liqada, gah həvəskarlar liqasında güclərini sınayan, layiqli yer də tutan Masallı futbolçuları bu dəfə Azərbaycan Kuboku uğrunda yarışlarda öz qüvvələrini sınayıblar.
İlk oyun uğurlu olub. Belə ki, onlar 16/1 final mərhələsinin ilk oyununda Bakının “Qobustan” komandasına 5:0 hesabı ilə qalib gəliblər.
Cavab oyunu isə yaxın günlərdə Qobustanda keçiriləcək
.


Bir qədər keçmişə ekurs etmək istərdik.
Cənub bölgəsində Masallının “Viləş” komandasının özünə məxsus uğurları olub. Keçmiş SSRİ-nin “Sünbül” Kuboku uğrunda yarışmalarda 1-ci yerdən tutmuş, ölkə birinciliyinin bürünc medalına kimi.


Hazırda Masallı stadionu bərbad vəziyyətdədir. Deyilənə görə, buranı məşhur iş adamı Mübariz Mənsimov alıb, lakin hazırda orada futbol naminə nə isə etmək fikrindən çox uzaqdır. Qaldı ki, Olimpiya Kompleksinin həyətindəki stadiona, yolun uzaqlığına və oranın pullu olduğuna görə , çox gənclərin kompleksə getmək, orada oynamaq arzusu ürəyində qalır.

Qısası, cənub futbolu ilə bağlı hara əl vurursan “qan çıxır”. “Xəzər-Lənkəran” futbol klubu zirvələr fəth etməsinə baxmayaraq (onlar ölkə çempionu və kubok sahibi olub) necə dəyərlər, dərbədər oldu. Astarada, Cəlilabadda, dağ rayonları Lerik və Yardımlıda isə futboldan danışmağa dəyməz. Bütün bunlara qəsəbə və kəndlərdəki bərbad, yaxud yerli-dibli olmayan stadionları da əlavə etsək, danışanda ağzına çullu dovşan yerləşməyən bəzi rəhbərlərin “hünərləri” bəlli olar.


Yeri gəlmişkən bir haşiyə də çıxmaq istəyirəm. Son dünya çempionatında sensasiya yaradan Yeni Zellandiyanın maraqlı futbol tarixçəsi var.
Deməli, təxminən 10-15 il öncə bu ölkədə narkomanlıq tüğyan edirmiş. Gənclərin əksəriyyəti bu “ağ ölümün” qurbanına çevrilirmiş. Vəziyyətdən çıxış yolu kimi qısa müddətdə bu 330 minlik əhalisi olan ölkədə 150-dən artıq futbol stadionu tikilir. Bir ildən sonra ölkədə narkomaniyanın səviyyəsi 5 %-ə enir. İnsanları, xüsusən gəncləri stadiondan yığmaq olmur. Nəticə də göz qabağındadır - bu kiçik ölkə dünya çempionatında İngiltərə kimi nəhəngə qalib gəlir.


İndi bizim stadionlara da baxın, narkomanlığın dərəcəsinə də, bəzi icra başçılarının hikkəsinə də.

Söhbətimizin əvvəlinə qayıdaq. 6 cənub rayonunda futbol sözün həqiqi mənasında ölüb. Təkcə Masallı “kəfəni” balaca yırtıb.
Masallılılara rayon məhkəməsinin hakimlərindən birinin köməkçisi işləyən lənkəranlı, Elvin adlı birisi dostları ilə birlikdə yüngülvarı sponsorluq edir. Elvin həm də özü oyunçular sırasındadır. Komandaya isə Seyran, Balayar və başqaları məşqçi kimi könüllü yardım edir.
Məşqlər Ərkivan qəsəbə stadionunda keçirilir.

Komandanın yaxın hədəfi Həvəskarlar klubunda çıxış etməkdir.

Biz bu yazını hazırlayarkən AFFA-nın cənub bölgəsi üzrə Regional Bölməsinin rəhbəri, gözəl insan və bacarıqlı idmançı Sakin Məmmədovla da əlaqə saxladıq.

Sakin müəllim çox dalğın və kədərli şəkildə bildirdi ki, milyonların sevinci olan futbol bu gün cənubda, 1 milyona yaxın əhalisi olan bölgədə yüz minlərlə insanın kədərinə, ürək ağrısına çevrilib. Gənclərimiz futbol üçün açıq-aşkar çabalayır. Lakin onlara dəstək verən yoxdur. Onların da bir qismi bekarçılıqdan zərərli məşğuliyyətlərlə məşğul olur. Bir balaca dəstək olsa, Salyandan bəri 9 rayonun hər birində ən azından həvəskar bir komanda yaradılsa, onlar səfər oyunlarına uzaq rayonlara getməz, otelə, yola, yeməyə əlavə pul xərcləməz və yüzlərlə insanın asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradalar. Təəssüf ki, hay-küylü çıxışlarla başı qarışan rəhbərlərimiz sabahımız olan gənclərin qayğısına qalmaq istəmirlər.


Hazırladı: Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10