Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Taksilərin vahid qiymət konsepsiyasına ekspertlərdən açıqlama


Bakı Nəqliyyat Agentliyin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib. Görüşdə bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqların mövcud olması qeyd edilib. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, BNA konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.

Bəs ekspertlər taksilərin vahid qiymət sisteminə keçməsini necə şərh edir? Bu sistem necə yaradıla bilər?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakupost”a bildirib ki, taksi fəaliyyəti ilə bağlı müəyyən nizam-intizama ehtiyac var:


“Keçirilən görüşdə mən də iştirak edib, təkliflərimi səsləndirdim. Konsepsiyanın qəbul olunması yaxşı addımdır. Taksi fəaliyyəti elədir ki, nizamlamaq, tənzimləmək, hansısa bir çərçivəyə salmaq çox çətindir. Amma ümid edirəm ki, BNA bunun öhdəsindən gələ biləcək. Taksi fəaliyyəti ilə bağlı nə qədər sərt qərarlar qəbul ediriksə, bir o qədər də onların işləməsi, xidmət göstərməsi üçün şərait yaratmalıyıq. Sürücü fərqlənmə nişanı alırsa, vergi verirsə, sosial müdafiə ödənişlərini və digər rüsumları vaxtında ödəyirsə, onlar üçün taksi parkı yaradılmalı, normal şəraiti təmin edilməlidir. Bu gün taksi sürücüləri axtobuslardan daha ucuz qiymətə işləyir və hansısa şirkətlər tərəfindən istismar olunur. Hansı ki, həmin şirkətlərin bəziləri adlarını taksi şirkəti qoyub. Amma onlar taksi şirkəti deyil, sadəcə operator xidməti göstərir. Yəni müştərini harasa yönləndirir. Yönləndirmə sayəsində də ödəniş tələb edir. Sürücünün boğazına şərik olur ki, mən sənə müştəri verdim, sən də pul ver. Bu hadisələrin fonunda sürücülər çox əziyyət çəkir. Konsepsiyada vahid qiymətlərin tətbiq edilməsi, komfortun yaradılması, küçələrin tanınması və s. məsələlərdə sürücülərin bilik və bacarıqlara yiyələnməsi çox vacibdir. Bu gün bir çox insan taksi sürücülərinin gecikməsi, ünvanı tanımaması ilə bağlı şikayət edirlər. Bu baxımdan bu konsepsiyanın gerçəkləşdirilməsi biraz zaman alsa da, çox uğurlu ola bilər”.

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov konseptin tətbiq olunmasının olduqca vacib olduğunu vurğulayıb:

“Bazar iqtisadiyyatı şəraitində bu gün ayrı-ayrı şəxslər taksi xidmətlərindən istifadə edir ki, onların da təklif etdiyi qiymət çox aşağıdır. Yəni minimumdur. Bəlli məsələdir ki, ölkədə şirkətlər müştəri özlərinə cəlb etmək üçün daha aşağı qiymətlə xidmət göstərirlər. Amma onların göstərdiyi xidmət keyfiyyəti əksər hallarda çox aşağı səviyyədə olur. Yəni taksi saatlarla gecikir, istifadəyə yararsız bir avtomobil, eyni zamanda sürücünün də taksi sahəsindəki fəaliyyət bacarıqları çox aşağı olur. Başa düşürəm ki, bazar iqtisadiyyatı səviyyəsində bəzi hallarda mərkəzləşdirilmiş iqtisadiyyat sisteminin tətbiq edilməsi müəyyən mənada narazılığa səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, sistemin üstün cəhəti müştəriləri cəlb edərkən daha çox xidmət keyfiyyətinə görə insanların cəlb olunmasıdır:

“Məsələn, qiyməti çox aşağı olan taksini seçirik. Amma onun avtomobili, göstərdiyi xidməti çox aşağı səviyyədə olur. Xidmət dedikdə bir neçə nöqtədən yanaşmaq olar. Amma vahid qiymət olduğu təqdirdə şirkəti ona görə seçmirsiniz ki, qiyməti aşağıdır. Çünki qiymət hamısında eynidir. Taksini ona görə seçirsiniz ki, onun xidmət keyfiyyəti yüksəkdir. Bu səbəbdən də ayrı-ayrı şirkətlər artıq rəqabətdə iştirak edəcəklər. Məsələyə bu tərəfdən yanaşdıqda, vahid qiymət sisteminin müsbət tərəflərini görə bilərik. Amma bununla yanaşı taksi şirkətləri də xidmət keyfiyyətlərini inkişaf etdirməlidir. Belə olduğu təqdirdə müştərilər qiyməti aşağı olduğuna görə deyil, xidmət keyfiyyəti yüksək olduğun üçün həmin taksi şirkətini seçəcəkdir”.

İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov isə əlavə edib ki, taksi xidmətlərinin keyfiyyəti yüksək deyil:

“Çox təəssüf ki, son illər bu sektorda xidmət keyfiyyətinin artmasını müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artımlar var. Amma bu şirkətlərin sayının çoxalması xidmət keyfiyyətinin artmasına gətirib çıxartmır. Pandemiya dövründə belə, bəzən taksi sürücülərinin koronavirusa yoluxmaqla bağlı bir sıra qaydalara əməl etməməsi də müşahidə olunub. Xüsusən də tibbi maskalardan istifadə etməməsi kimi hallar var. Ona görə də xidmət keyfiyyətinin artması ilə bağlı standartların olması məqsədəuyğun olardı”.

V. Bayramov vahid tariflərin tətbiq olunması praktikasının bir sıra inkişaf etmiş ölkələrdə, xüsusi ilə qonşu Türkiyədə də olduğunu qeyd edib:

“Vahid tarif çərçivəsində taksi xidmətlərinin həyata keçirilməsi reallaşır. Hələlik tariflər elan olunmadığı üçün konkret tariflərin müzakirəsi mümkün deyil. Amma elə müəyyənləşməlidir ki, sərnişinlər yəni müştərilər üçün də xüsusi maliyyə ağırlığı artmasın. Sərnişinlərin ödəmə qabiliyyətinə uyğun olsun, taksi şirkətlərinin gəlir əldə etməsinə imkan versin. Bu sektorda gəlirliliyi artırmaq mümkün olsun. Bu baxımından vahid tariflər müəyyənləşəcəksə, bunun optimal tariflər formasında tətbiqi məqsədəuyğun olardı”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10