Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Xruşşov dövründə tikilmiş kənd məktəbi uçulub-dağılır – VİDEO


Masallının Qəzvinoba  kəndinin tam orta məktəbinin yerləşdiyi bina uzun illərdir təmir edilmədiyindən uçub-dağılmaq üzrədir. Bu barədə virtualaz.org-a kənd sakinləri məlumat veriblər. Şikayətçilər məktəbdən çəkilmiş kadrları redaksiyaya  göndəriblər.
“Hansı zəmanədi ki, bizim uşaqlarımız bu cür məktəbdə oxuyur? Heç Nigeriyada da belə məktəb yoxdur”,-adı məktəb olan bu yarıuçuq tikilinin görüntülərini redaksiyamıza yollayan sakinlərdən biri yazır.
Görüntülərdən bəlli olur ki, birmərtəbəli binanın taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb. Məktəbin damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Pəncərələrin, qapıların qırılmış yerlərinə taxta parçaları ilə yamaq vurulub, pəncərələrin şüşələr yapışqan ilə yapışdırılıb.
Məktəb binası təxminən 1960-cı illərdə istifadəyə verilib. Şikayətçilər bildiriblər ki, məktəbin kanalizasiya sistemi çöküb, nəinki tualet, hətta əl yumaq üçün su belə yoxdur. Yalnız indi məktəbin həyətində sanitar qovşağı tikilir.
Kitabxananın yerləşdiyi otaq uçub-dağıldığından kitablar sinif otaqlarının birinə yığılıb. Yağan yağış siniflərə dolduğundan kompüterlər sıradan çıxıb.
“Döşəmədəki iri deşiklərə diqqət yetirin. Şagirdlərdən biri yıxılaraq zədə almışdı. Bundan sonra deşikləri gördüyünüz bu dəmir parçaları ilə tutmağa çalışıblar”,- şikayətçilərdən biri vəziyyəti izah edib. Məktəb binası tam yararsız hala düşdüyündən qışda qızdırılması da çətindir. Bununla belə, sinifləri odun yandırmaqla isitməyə çalışırlar.
Valideynlər  məktəbin hər an uça biləcəyindən narahatdılar. “Dünyanın heç bir ölkəsində bu cür məktəb binası yoxdur. Divarlarda 4-5 santimetr dərinliyində çatlar var, suvaq tökülüb, daşlar görünür”,- şikayətçilər bildiriblər.
Məktəbin ərazisi hasarlanmayıb. Buna görə də həyətə mal-qara girir. Məktəbin idman zalı da yoxdur, həyətə iki dəmir dirək vurmaqla idman meydançası kimi istifadə etməyə çalışırlar. Lakin əraziyə mal-qara girdiyindən təhlükəli vəziyyət yaranır. Məktəbin yardımçı tikilisi isə xarabalığı xatırladır.
Şikayətçilər əmindilər ki, ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva vəziyyətdən xəbər tutsa, onların məktəb problemi dərhal həllini tapar.
Qəzvinoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Leyla Əzizova bildirib ki, vəziyyətdən Masallı Rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi xəbərdardır. Məktəb binasına baxış keçirilib, Təhsil Nazirliyinə məlumat verilib. Məktəbdə təxminən 140-a yaxın şagird təhsil alır. Yeni məktəb binasının tikilməsi nəzərdə tutulub: “Doğrudur, bina uçub-dağılır, siniflər qışda odunla qızdırılır. Bu binanın təmiri mümkün deyil, yeni bina tikiləcək”.
Masallı rayon təhsil şöbəsindən məsələyə münasibət bildirməyiblər.
Təhsil Nazirliyindən isə deyiblər ki, 2019-cu ildə məktəb üçün nazirlik tərəfindən yeni sanitar qovşağları tikilib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram”nda məktəbin tikintisi nəzərdə tutulub. Yerində 132 şagird yerlik məktəbin tikintisi planlaşdırılır. (Virtualaz.org)

 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10