Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məmurların ən son arzusu, yaxud kürsüdə ölənlər dünyasına səyahət


İstefa anlayışı demokratiyanı ifadə etməklə yanaşı, həm də siyasi əxlaqın göstəricisidir
 
Son günlər Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ətrafında baş verən hadisələr ölkə gündəmini zəbt etməklə yanaşı, ictimaiyyətin dərin hiddətinə də səbəb olub. İnsanları hiddətləndirən əsas səbəb isə sadə vətəndaşlardan karantin qaydalarına əməl edilməsini, əks təqdirdə isə cərimələrin sərtləşdirilməsini tələb edən şəxslərin, məhz özlərinin qaydaları pozmaları və buna haqq qazandırmalarıdır. Ölkə vətəndaşları birmənalı olaraq bu hadisə ilə əlaqəli olan məmurların, deputatların tutduqları vəzifələrdən istefa vermələrini tələb edirlər.
 
Bütün bunlar isə Azərbaycanda formalaşmayan istefa mədəniyyətini yenidən gündəmə gətirib. Hesab edilir ki, məmurlar vətəndaşları və dövləti talamaq və biabırçı şəkildə vəzifədən getmək əvəzinə, vaxtında siyasi mədəniyyət göstərərək istefa verməyi bacarmalıdırlar. Çünki siyasi mədəniyyətdə istefa anlayışı demokratiyanı ifadə etməklə yanaşı, həm də siyasi əxlaqın göstəricisidir.
 
Müstəqil Azərbaycan tarixində könüllü istefalar olsa da, bu proses kütləvi və miqyaslı olmayıb. Milli Hüquq Evinin (MHE) rəhbəri Nicat Gözəlov şərhində, ilk növbədə istefa mədəniyyətinin hüquqi tərəflərinə toxunub: “Ümumiyyətlə, istefa mədəniyyətinin hüquqi tərəfləri nisbətən azdır. Çünki hüquqsuzluq olan yerdə istefa mədəniyyəti də olmur. Cəmiyyətin ağır problemlərinin yaşandığı yerdə, özünü cəmiyyətdən üstun tutanlar belə bir mədəniyyətdən uzaqdırlar. Yəni bu, hüquqdan daha çox əxlaq və insanın öz mədəniyyəti ilə bağlıdır”.
Feysbukda canlı yayım açan namizəd kimdir? - Foto
“Etiraf etmək lazımdır ki, Azərbaycanda istefa mədəniyyəti yaranmaq istəyirdi, lakin sonradan birdəfəlik boğuldu. Çünki təyinatlar heç də ictimai fikrə xidmət etmədi, ictimai rəy nəzərə alınaraq həyata keçirilmədi, bu sahəni idarə edənlər heç vaxt əhalinin fikrini önəmsəmədilər və həmin şəxslərin də cəmiyyətə nə verə biləcəyini öyrənmədilər. Hətta, həmin adamların problemlər yaşada biləcəyini bilsələr belə, başqa yanaşmalardan istifadə edildi. Ona görə də bizdə istefa mədəniyyəti yoxdur. Həmin adamlar ancaq qanunsuzluqla vəzifələrini qoruyub saxlamaq, məddahlıq etmək, insanları incitmək və bununla da özlərinə xallar qazanmaq istəyirlər”, - həmsöhbətimiz deyib.
 
Lakin o, insanların artıq bundan bezdiyini və ictimai qınağın kütləviləşdiyini bildirib: “Ona görə də baş verən son hadisələrdən heç kim canını qurtara bilməz. Ombudsman da, deputat da, nazir də istefa verməlidir. Çünki yararsızlıq və yarıtmazlıq heç bir halda cəzasız qalmamalıdır. Ümumiyyətlə, ictimai fiqur olan adamlar “şəxsi həyatımdır” prinsipindən uzaqlaşmalıdırlar. Yəni, sən artıq ictimai fiqursansa, bir çox meyarlarda doğru-dürüst olmalısan. Sən, hətta, tənqid obyekti də ola bilərsən. Amma təniqdə məruz qalan şəxslər insanların fikirlərini qulaqardına vurub “sizin dediyinizin əhəmiyyəti yoxdur” deyirlərsə, bu, artıq qorxulu tendensiyadır”.
 
“İctimai qınaq isə kiminsə xətrinə təşkil olunmamalıdır. İctiami qınaq daxildən və istəkdən doğmalıdır. Çünki sifarişlə olan ictimai qınaq özü də başqa bir xoşagəlməz hadisədir. Vətəndaş cəmiyyəti isə buna öz mövqeyini bildirməlidir. Güman və ümid edirəm ki, tezliklə Azərbaycanda bu mədəniyyət formalaşacaq və insanlar dedikləri sözləri, etdikləri hərəkətləri sifarişlə və kiminsə xoşuna gəlmək üçün yox, öz istəkləri ilə edəcəklər”, - Gözəlov vurğulayıb.
 
Psixologiya üzrə fəlsəfə dokrotu Limunət Əmrahlı AYNA-ya açıqlamasında istefa mədəniyyətinin psixoloji tərəflərindən danışıb: “Məsələnin siyasi, hüquqi və sosial tərəfləri də var. Azərbaycan variantında isə bu, sırf siyasi mədəniyyət və siyasi psixologiya ilə bağlıdır. Ümumiyyətlə, bizdə olan hazırkı vəziyyət insanların birbaşa dəyərlərinə bağlıdır. Yəni dövlət məmurunun dəyəri nədir? Adətən, inkişaf etmiş ölkələrdə dövlət məmurunun dəyərləri dövlətçiliklə bağlıdır. Yəni, məmur hansısa bir vəzifə tutursa, ölkəni, cəmiyyəti, xalqın maraqlarını qorumalı və təhlükəsizliyinin təminatını verməlidir. Amma bizdə bu dəyərlər xalqın, cəmiyyətin maraqlarına yox, şəxsi maraqlara bağlıdır. Ona görə də Azərbaycanda siyasi istefa mədəniyyəti formalaşmayıb”.
Limunət Əmrahlı: "Azərbaycan psixologiyası dibçəkdə böyüdülən otaq ...
“İkinci məsələ - bəzi insanlar üçün vəzifənin özünü qiymətləndirmə ölçüsü olması ilə bağlıdır. Yəni bir şəxs vəzifə sahibidirsə, dəyərini, qəbul ediləcəyini və sayılacağını vəzifəsinə görə təyin edir. Amma bəzi insanlar üçün bu, bir o qədər də önəmli deyil və onlar yalnız cəmiyyətə, xalqın maraqlarına xidmət etməyə çalışırlar. Məsələn, bir müddət əvvələ qədər Ramiz Mehdiyevin sözünün kəsəri var idi, böyük səlahiyyət sahibi idi və demək olar ki, hamı onun qarşısında farağat dayanırdı. İndiyə qədər onun yazılarına, kitablarına, fikirlərinə heç kim cəsarət tapıb söz deyə bilmirdi. Mənim yaxşı yadımdadır: onun bir məqaləsi çıxmışdı və ölkənin bütün elm-təhsil müəssisələrində bu məqalədən bir fikir axtarırdılar ki, Ramiz Mehdiyevin adından bütün ölkədə təbliğ etsinlər. Amma tapmamışdılar. Çünki Ramiz Mehdiyev həqiqətdə elm adamı deyildi. Amma Ramiz Mehdiyev Prezident Administrasiyasındakı vəzifəsindən azad edilib, AMEA-ya rəhbər təyin ediləndən sonra bəzi-bəzi adamlar onun arxasınca danışmağa başladılar. Amma həmin adamlar vaxtında onu tənqid etmirdilər və ondan qorxurdular”, - psixoloq söyləyib.
 
“Məsələn, biz hakimiyyəti tənqid edirik və bunu ölkənin həll edilməyən problemləri ilə əlaqələndiririk. Bəs, hakimiyyət dəyişsə, biz yenə də tənqid edəcəyik? Təbii ki, xeyr! Çünki həmin hakimiyyət artıq iqtidar deyil və cavab vermək üçün səlahiyyəti yoxdur. O cümlədən də hər bir məmur tabe olduğu sahələrə üz tutan insanlar qarşısında məsuliyyət daşımalıdır. Yox, daşıya bilmirsə, istefa verməldir və bacardığı işlə məşğul olmalıdır”, - Əmrahlı əlavə edib.
 
Mütəxəssis istefa mədəniyyətinin olmamasını, həm də məmurların başqa sahədə bacarıqlı olmamaları ilə əlaqələndirib: “Ona görə də onlar öz dəyələrini dəyərsiz maddiyyatlar və vəzifələrlə ölçürlər. Elə insanlar var ki, vəzifə sahibi olmaq üçün hər cür imkanları var. Amma xalqa xidməti öz sahələrində daha yaxşı bacardıqlarını deyirlər. Çünki həmin adamların dəyəri, bacarığı, peşəkarlığı var və cəmiyyətdə özlərini təsdiq edə bilirlər. Amma digərlərinin dəyəri və maddiyyatı vəzifədə olana qədərdir. Məhz bu səbəblərə görə, bizdə istefa mədəniyyəti adında anlayış kütəvi hal almayıb. Düzdür, bizdə də istefa verənlər olub. Amma onlar az olduqlarına görə tanımamışıq. Əgər, idarəetmə mədəniyyətinin formalaşmasını istəyiriksə, insanlar özlərini başqa işdə yoxlamalı, bacarırlarsa, həmin işlə məşğul olmalıdırlar. İnsan özünə dəyər verməli, qiymətləndirməli və heç bir ideologiyanın, qurumun, şəxsin quluna, nökərinə çevrilməməlidir”.
 
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də AYNA-ya şərhində, istefa mədəniyyətinin olmamasını məmurların vəzifələrindən asılı olması ilə əlaqələndirib: “Məmurlar vəzifələrindən o qədər asılıdır ki, həm də cəmiyyətdəki yerini və mövqeyini də vəzifəsi müəyyənləşdirir deyə, vəzifələrindən uzaqlaşmaq və istefa vermək istəmirlər. Çünki bundan sonra onlara qarşı fərqli yanaşmalar, fərqli mövqelər ortaya çıxır. Hətta, bəzi hallarda təzyiq və təqiblərlə də üzləşirlər. Ona görə də bacardıqları qədər vəzifədə qalmağa çalışırlar. Lakin sivil və demokratik cəmiyyət olsaq, təbii ki, istefa mədəniyyəti də formalaşar və insanlar da normal halda istefa verə bilərlər. Amma təəsüf ki, bizdə bu hələ formalaşmayıb”.
PA-nın şöbə müdiri İqbal Ağazadə ilə görüşüb
Siyasətçinin sözlərinə görə, istefa mədəniyyətini demokratik cəmiyyət formalaşdırır: “Belə olan halda insanların vəzifədən asılılığı olmur və vəzifə onların cəmiyyətdəki rolunu və maddi vəziyyətini müəyyənləşdirmir. Lakin bu gün Azərbaycanda vəzifə təkcə cəmiyyətdəki yer və mövqe deyil, həm də külli miqdarda puldur. Ona görə də həmin vəzifə sahibləri istefa vermək istəmirlər. Amma azad, demokratik və şəffaf cəmiyyət yaradılsa, insanlar da ictimai rəyi nəzərə alaraq istefa mədəniyyətini özlərində formalaşdıracaqlar. Amma bu, hələ ki, mümkün deyil”.
 
“Məsələn, Siyavuş Novruzov partiyadakı vəzifəsindən istefa verdi. Amma əslində, istefa verməli olduğu birinci yer seçkili orqan idi. Çünki ora daha böyük yerdir. Lakin o, kiçik vəzifədən istefa verir, amma böyük vəzifədə qalır. Bəs, böyük vəzifədən istefa verə bilirmi? Əlbəttə ki, yox! Çünki vəzifəsindən asılıdır”, - Ağazadə fikrini yekunlaşdırıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10