Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bomj səliqəsi - Salam Sarvanın yeni şeiri


Salam Sarvanın yeni - "Bomj səliqəsi" şeirini təqdim edirik.
Qış parkının skamyasında uzanıb yatan bomj
ayaqqabılarını çıxarıb yerdə elə dəqiq cütləmiş ki:
vay-vaay... bu nə simmetriyadı,
bu nə sahmandı belə.
Ey yaşıl ağacların sarı kölgəsi...
Xırda-xırda budaqlarımın –
xırda-xırda sevgilərimin gövdəsi.
Özümüzü, Qaraca çoban kimi,
bağlandığımız ağaca söykənmiş kimi göstərməkdən yorulduq.
Yoruldu dükana gedib-gələn ayaqlarımız:
indi bir uzun yola düşüb dincini almaq gərək –
məsələn ya Sibir sürgününə,
ya 100 illik müharibələrin birinə.
Budu da insan yaşayışı:
boz və balaca olduğuna görə
yaşıl ağacların, yekə binaların fonunda
şəkil çəkdirmək aldanışı.
Ey mənim Yalnızım, Yanlışım,
amma rəngarənglik də yeknəsəqlikdi –
elə hey eyni rənglərin kombinasiyasıdı axı:
neynirik bu əlvan çıxılmazlığı?!
Heykəllərin bədən dili tarixin qabağında qısa...
Nədənsə əminəm:
atasına görə Nəsimini danlayan o qızın rolunda
başqa cür davranardı Şəms rolundakı aktrisa.
Bax adam beləcə
eşidib-eşidib karlığa,
danışıb-danışıb lallığa,
görüb-görüb korluğa qayıtsaydı.
Allah Ol deyib yaratmaqdansa,
Rahat ol deyib yaratsaydı…
Amma sən
yekə-yekə vurnuxmağımıza baxma,
əslində hamını eyni vaxtda düşündürən
bunabənzər bir sualdı:
altıqoşa kimdədi görəsən?
Qış parkına asfalt döşənib.
Bəlkə də Oğuza qar yağıb indi.
Həə... vətənin qar yağan yerlərindən
uzaqda qalmaq da qəribçilikdi.
Ey mənim Əsintim, Əsməcəm...
Hamını unutduğum yerdə,
eləcə durduğum yerdə
özünü nəynən yadıma salırsan axı:
dişinlə-dırnağınla?
yoxsa sadəcə gözünü qırpmağınla?
Yaxınlaşıb o bomjun ayaqqabılarının
heyrətamiz səliqəsini pozmaq istəyirəm...
Aləmi bir-birinə vurmaq
sonra bu qarışıqlığın içində azmaq istəyirəm.
Xaraba qalsın adamı itməyə də qoymayan
dünya nizamı.
Ancaq o yandan gələn bir adam
qəfildən çırpılır mənə –
ətrafa səpilmiş qırıntılarıma baxıb deyir:
sən bütöv olanda görünmürdün axı.
Mənsə qırılıb yerə tökülmək yox,
partlayıb göyə sovrulmaq istəyirdim.

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10