Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusa yoluxan və vəfat edən tanınmış azərbaycanlılar - ARAŞDIRMA


Siyahıda sənətçidən məmura, jurnalistdən idmançıyadək bir sıra tanınmış şəxslərin adları var
 
Koronavirus (COVID-19) pandemiyası son günlər dünya miqyasında yayılma sürətini azaltsa da, bu günə qədər milyonlarla insanın yolxumasına, minlərlə insanın ölümünə səbəb olub. Ölkəmizdə də koronavirusa çox sayda insanın yoluxması və gündəlik ölüm hallarının olması rəsmi statistikada da öz təsdiqini tapıb.
 
2020-ci ilin ən ciddi təhlükəsinə çevrilən bu virusa həm də dünyada və ölkəmizdə tanınmış şəxslərin yoluxması və ölümü faktları da var. Azərbaycanda koronavirusa yoluxan tanınmışlarla bağlı kiçik araşdırma aparılıb. Beləliklə:
 
Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, tanınmış jurnalist Mirşahin Ağayev koronavirusa yoluxub, bir müddət sonra sağalaraq evə buraxılıb.
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva da koronavirusa yoluxması ilə bağlı məlumat vermişdi.
 
Şəfəq Əliyevanın ardından daha bir Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxmuş və sağalmışdı.
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinin redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu isə koronavirusa yoluxan və dünyasını dəyişənlər sırasındadır.
 
Virusun cəngindən yaxa qurtara bilməyən daha bir televiziya işçisi Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Samir Nemətzadə idi. Onun ölümündən əvvəl yayılan səs yazısı böyük əks sədaya səbəb olmuşdu.
 
Azərbaycan Dğvlət Televiziyasının daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev də koronavirusun qurbanlarındandır.
 
AzTV-nin daha iki əməkdaşı - idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətlinin də bir müddət əvvəl COVID-19 testinin nəticəsi pozitiv olmuş, lakin hər ikisi sağalmışdı.
 
Deputat Sahib Alıyev də COVID-19-a yoluxanlar sırasında idi. 
 
İyunun 14-də koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə isə, vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülmüşdü. Bəhram Bağırzadənin vəziyyəti uzun müddət yaxşı olmasa da, nəticədə virusa qalib gəlməyi bacarmışdı.
 
COVID-19 Xalq artisti Nəzakət Teymurovadan da yan keçməmişdi. Tanınmış xanəndənin virus testi müsbət çıxdıqdan sonra xəstəxanaya yerləşdirilmiş və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi nəzarətinə götürülmüşdü. Nəticə etibarı ilə Xalq artisti bir müddət sonra sağalaraq evə buraxılmışdı.
 
İyunun 9-da şair Şəhriyar del Gerani koronavirusa yoluxmuş və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Şair müalicə aldıqdan sonra sağalaraq evə buraxılmışdı. 
 
Bir müddət əvvəl koronavirusa yoluxan Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 1 aya yaxındır ki, xəstəxanda COVID-19-dan müalicə aldığını deyib: “Hazırda səhətim normaldır, müalicə prosesi davam edir. Səhətimdə başqa problemlər də olduğu üçün müalicə prosesi bir qədər uzun çəkir. Həkimlər səhətimin normala doğru getdiyini deyirlər”.
 
Bundan əlavə “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də özünün və ailəsinin koronavirusa yoluxması barədə sosial şəbəkə hesabında paylaşım etmişdi.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev də koronavirusa yoluxanlar sırasındadır. Sonradan sağalan BNA sözçüsü bu barədə “Facebook”da canlı yayım açaraq məlumat vermişdi.
 
Koronavirusdan əziyyət çəkən və dünyasını dəyişən şəxslər arasında tanınmış foto-jurnalist Fərman Bağırov da var. Uzun illər “Azərbaycan” qəzetində çalışmış Fərman Bağırov başqa ağır xəstəlikdən də əziyyət çəkirdi.
 
Xalq artisti Teymur Mustafayev də koronavirusa yoluxmuş və o da virusa məğlub olmuşdu.
 
Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov da koronavirusa yoluxaraq vəfat edib. O, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Koronaviursa yoluxan tanınmışlar arasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun da adları var. Hər iki başçı virusa yoluxsa da, bir müddət sonra sağalıblar.
 
Bundan başqa məşhur rəssam Tahir Salahovun qızı, rəssam-heykəltaraş Aydan Salahova sosial şəbəkə hesabında koronavirusa yoluxması ilə bağlı məlumat vermişdi.
 
Yoluxan və sağalanlar arasında pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev də var.
 
Müğənni Roza Zərgərli bir müddət əvvəl koronavirus infeksiyasına yoluxması barədə məlumat verib: “Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim. Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə”
 
Nəhayət, bugünlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. BNA-dan bildirilib ki, paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Agentliyin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb: “Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10