Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kainatın rəqsi: Biz yoxuq, O, var


Hansı istiqamətə hərəkət etsək də, sadəcə Allahın camalını görürük
 
Təsəvvüf İslam dininin inancına görə, pisliklərdən təmizlənmək və həqiqi biliyə çatmaq yolu, dərin sevgi bağı, mənəvi bir səyahət və ilahi sevgi yoludur. Başqa sözlə desək, təsəvvüf ilahi varlığın nəzarəti altında olmaq və bu şüurla yaşayıb yaratmaqdan ibarətdir.
 
Təsəvvüf həm də insana “mənlik” iddiasından və ehtiraslardan təmizlənməyi öyrədir. Nəfsi idarə etmədən isə bunu reallaşdırmaq mümkün deyil. Güclü iman və ilahi sevgi isə bütün bunların əsasını təşkil edir.
 
Təbii ki, təsəvvüf deyəndə ağla gələn ilk şəxslərdən biri də Mövlanə Cəlaləddin Rumidir. Mövlanə ürəyi ilahi eşq atəşi ilə yanan böyük şair, sufi şəxsiyyəti ilə bütün dünyada tanınan böyük alim və mütəfəkkirdir.
Şeb-i Arus nedir? Mevlana Celaleddin Rumi ölüm yıl dönümü - Son ...
O da məlumdur ki, Mövlanə deyəndə yadan düşən ilk şeylərdən biri “Səma” rəqsidir. Danışacağım mövzunun məğzi də “Səma” rəqsi ilə bağlıdır.
 
“Səma” sufilərin vəcdə gəlib fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə “eşitmək” mənasını verən və “səmi” sözündən gələn “Səma”nın fəlsəfi mənası isə musiqi, nəğmə, rəqs deməkdir.
 
13-cü əsrdən etibarən Mövlanə və Şəms Təbrizi tərəfindən “Səma”nın təməli qoyulur, dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir. Hətta, 2008-ci ildə UNESCO-nun Mədəniyyət İrsinə daxil edilir.
 
“Səma” həm də ruhun qidası və müalicəsidir. Yeddi əsrdən artıqdır ki, sufilər, ələlxüsus da mövləvilər fırlanaraq edilən bu gözəl rəqsi bu günə qədər qoruyub saxlamağı bacarıblar.
 
“Səma”nın əsas simvollarından biri də bütün kainatın fırlanması ilə bağlıdır. Yəni, kainata nəzər salsaq, qalaktikanın, Günəş sisteminin, yaxud daha yaxına diqqət yetirsək, bədənimizdəki qanın, atomlardakı elektron və proton qədər kiçik şeylərə qədər hər şeyin fırlandığını, hərəkət etdiyini görərik. Elm də zaman-zaman varlığımızın fəaliyyətinin bu fırlanma hərəkəti ilə bağlı olduğunu təsdiq edib.
 
“Səma” rəqsi də kainatın bu hərəkətini təqlid edir. Lakin “Səma”nın başqa simvolları da var. Belə ki, “Səma” rəqsində sağ əlin yuxarı - göy üzünə doğru qalxması, sol əlin isə aşağı - yerə doğru enməsi, Allahdan aldığımız mənəviyyatı və elmi insanlığa verməyi simvolizə edir.
 
“Səma”nın digər simvollarından biri də, sadəcə Allahın üzünü və izini görməkdən ibarətdir. Yəni rəqs zamanı hansı istiqamətə hərəkət etsək də, sadəcə Allahın camalını görürük. Ki, bu da qəlbimizə, yəni daxili dünyamıza doğru istiqamətlənmiş bir baxışla mümkündür. Muhiyiddin ibn Ərəbinin də dediyi kimi: ““Sən və O - iki ayrı varlıqdır” inancı yanlışdır. Çünki, sadəcə Allah var”.
 
“Səma”nın digər tərəfi də müalicəvi olması ilə bağlıdır. “Səma”, adətən mənəvi kamillik yolu olaraq istifadə olunur, fəqət eyni zamanda, bir müalicə olaraq da təsir edir. Gerçək mənada isə ikisi də bir-biri ilə möhkəm bir əlaqəyə sahibdir.
 
“Səma” özünü tanımağı, fərq etməyi təmin edir. Çünki musiqi və rəqs həm də daxili duyumları sitimullaşdırmağa kömək edir.
 
Beləliklə, “Səma” bir tərəfdən meditasion üsulla insanın özünü gördüyü bir ayna, yəni bütün xarakterimizin inteqrasiyası və inkişafına yol açan bir hərəkət, digər tərəfdən də mütəmadi praktika və dərin transformasiya ilə itirilmiş duyğuları bərpa edir.
 
Musiqi və rəqs eşq və mərhəmət kimi gizli qalmış pozitiv duyğuların üzə çıxmasını və bununla da əsas elmə yetişməyi təmin edir. Sufilər də bərabərlik və birləşmə prinsipini əsas götürdükləri üçün bütün təcrübələri bu məqsədə yönəlir.

ayna





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10