Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir daha Tofiq Yaqublunun işi haqqında…


İşin materiallarında yazılıb ki, hadisə saat 15.25-də baş verib, bu haqda “102” xidmətinə Cəvahir Cəbrayılova telefonla xəbər verib. “102”yə zəng isə saat 15.21-də olub. Vəkillər soruşur ki, C.Cəbrayılova 4 dəqiqə sonra qəza, dava olacağını necə bilib ki, öncədən nazirliyə zəng edib?

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Ona uzunmüddətli həbs cəzası veriləcəyi gözlənilir. Məhkəmə prosesində yaşananlar belə deməyə əsas verir.
T.Yaqublu özü prosesin “məhkəmə”, prosesi idarə edənin isə hakim adlandırılmasının əleyhinədir. Hakim Nəriman Mehdiyev “məhkəmə zalında qaydaları hakim olaraq mən müəyyən edirəm, otur aşağı…” deyəndə T.Yaqublu belə cavab verdi: “Nə vaxt hakim olarsan, onda müəyyən edərsən. Sən hakim deyilsən. Məni şərləmək üçün istifadə olunan, məlum kateqoriyalı iki nəfərlə eyni səviyyəlisən. Hakim olan kəs həqiqətin ortaya çıxması, ədalətin bərqərar olmasına üçün çalışar. Sən isə əksinə, həqiqətin ört-basdır edilməsinə çalışırsan. Bizim telefon anten məlumatları ilə bağlı vəsatətimizi niyə təmin etmirsiz?”
T.Yaqublu bu məlumatların ortaya qoyulmasıyla ona böhtan atıldığını sübut etməyə çalışır.
Cinayət işinin materiallarında yazılıb ki, T.Yaqublu “8-ci kilometr bazarı”nın qarşısında maşınını saxladığı yerdən hərəkətə gətirib, sola doğru yola çıxanda öz yoluyla gələn maşını vurub. Sonra da aşağı düşüb, həmin maşınının sürücüsü Elxan Cəbrayılovu təhqir edib, vintaçanla onun sinəsindən vurub. Həyat yoldaşı Cəvahir Cəbrayılova da maşından düşüb gəlib, bu zaman T.Yaqublu onu da təhqir edib. T.Yaqublu qayıdıb gəlib öz maşınında oturub getmək istəyəndə C.Cəbrayılova onun arxasınca gəlib. Bu zaman maşının qapısıyla C.Cəbrayılovaya xəsarət yetirib.
Ər-arvad Cəbrayılovlar məhkəmədə də eyni cür ifadə verdilər. T.Yaqublu isə bəyan etdi ki, onların danışdıqlarının hamısı yalandır: “Həyat yoldaşım və bir qohumumla bazara getmişdik. Mən maşında onları gözləyirdim. Dayandığım yerdə maşın gəlib soldan çırpıldı mənim avtomobilimə. Əvvəl düşündüm ki, qəzadır. Görəndə ki, ikisi də mənə tərəf hücum elədi, maşının şüşələrini döyəcləyib, səs-küy salırlar, anladım ki, təxribatdır. Qapıları, pəncərələri də açmadan təxminən 12 dəqiqə maşında gözlədim ki, polis gəlsin. Əslində, mən bunların planlarını pozmuşam. Planlaşdırılıbmış ki, mən düşüm, bunlar mənə hücum eləsinlər, o dava-dalaşın da videosunu kənarda gözləyənlər çəkib, sonra əleyhimə istifadə eləsin. Mən də düşməmişəm, bu plan pozulub. Ona görə məcbur olub, bu cür həyasızcasına şərləmə yolu seçiblər”.
T.Yaqublu deyir ki, həmin vaxt telefonla baş verənləri çəkib. Telefon müstəntiqdə olsa da, o görüntülərdən istifadə olunmur, telefonunu ailəsinə də qaytarmırlar.
Cəbrayılovlar Xırdalan şəhərində yaşayırlar. Məhkəmədə vəkillər maraqlandı ki, həmin gün “8-ci kilometr bazarı”nın yanında nə işləri vardı? Cavab verdilər ki, Bakıxanov qəsəbəsindəki ticarət mərkəzindən (“Razin tolkuçkası”) bazarlıqdan qayıdırdılar. Ona görə T.Yaqublu və vəkilləri tələb edir ki, bu adamların telefon anten məlumatları alınsın, onların həmin gün dedikləri trayektoriya üzrə hərəkət edib-etmədikləri müəyyənləşdirilsin, ümumiyyətlə, Cəbrayılovların o ərəfədə Nizami rayon Polis İdarəsinin əməkdaşlarından kimlərləsə ünsiyyətdə olub-olmadığı araşdırılsın: “Bax, onda ortaya çıxacaq ki, bu adamlar yalan danışır, həmin gün “tolkuçkaya” gedib-eləməyiblər. Məni güdüblər, bazarın yanında gözləyib, əmr gələn kimi, hücuma keçiblər. Bəs, deyirdilər Bakıdan Sarkisyanın otağını dinləyə bilirik?! İndi bunların əlində hadisənin görüntüsü yoxdur ki, ortaya qoyub məni ifşa eləsinlər? Əlbəttə ki, görüntü var, amma onu ortaya çıxarmaq bunlara sərf eləmir. Çünki mən ümumiyyətlə, maşından düşməmişəm. Maşın da yerindən tərpənməyib”.
Hakim isə Cəbrayılovların telefon danışıqlarını, onların hara olmasını müəyyənləşdirmək üçün məlumatların mobil operatorlardan alınması haqda vəsatəti təmin etmir.
İş materiallarında yazılıb ki, hadisə 22 mart saat 15.25-də baş verib, bu haqda Daxili İşlər Nazirliyinin 102 xidmətinə də Cəvahir Cəbrayılova telefonla xəbər verib. “102”yə zəng isə saat 15.21-də olub. T.Yaqublunun vəkilləri də soruşur ki, C.Cəbrayılova 4 dəqiqə sonra qəza, dava olacağını necə bilib, öncədən nazirliyə zəng edib?
Hazırda bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Şahid kimi məhkəməyə çağırılanlar isə bazarda işlədiyini, yaxud ora bazarlığa gəldiyini deyənlər, bir də Nizami rayon Polis İdarəsinin əməkdaşlarıdır.
Məhkəmədə şahidlər dindirilməzdən öncə tribunada yazılı şəkildə qoyulmuş mətni ucadan oxuyurlar: “Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları söyləyəcəyimə and içirəm!”
T.Yaqublu isə bu andla kifayətlənmir: “Qanun, hüquq olmayan yerdə mənə başqa çarə qalmır. Ona görə mən məcburam adamların qarşısında bu seçimi qoyum ki, onları yalan danışmaqdan çəkindirim. Mənim yeganə istəyim onların yalan danışmamasıdır”.
Hər şahidin dindirməsi başlayanda T.Yaqublunun belə bir əlavəsi olur: “Yalan danışanın nəsil-nəcabətində nə qədər adam varsa, əxlaqsızdır. Əgər siz yalan danışsanız, sizə aid olsun, mən yalan danışsam, mənə…”
Buna etiraz edib, təhqir kimi qiymətləndirən şahidlərə isə T.Yaqublunun cavabı belə olur: “Yalan danışmırsınızsa, niyə narahat olursunuz ki?! Bu, yalan danışanlara aiddir. Həm də, tərbiyəsizlik başqasını şərləmək, yalan danışmaq, böhtan atıb, üzə durmaqdır”.
Şahidlər isə ittihamda yazılanlara uyğun danışırlar, T.Yaqublunun qəza törətdiyini, ardınca da düşüb, Cəbrayılovları söydüyünü, vurduğunu iddia edirlər.
Hələlik bu barədə ifadə verən sonuncu şahid Nizami Rayon Polis İdarəsinin əməkdaşı, əslən Cəbrayıl rayonundan olan İlqar Mehdiyev olub. Şahid-polis dindirmədən sonra zaldan çıxıb gedəndə T.Yaqublu ona dedi: “Gedib ailənə, qohum-əqrəbana deyərsən ki, Cəbrayıl uğrunda döyüşmüş qaziyə böhtan atmaqdan gəlirəm. Onu şərlədim və əvəzində ünvanıma deyilənləri qəbul elədim…”
T.Yaqublunun qızı Nigar Həzi bildirir ki, atası ümumiyyətlə, dava-dalaşa, söyüşə meylli adam deyil. Elə T.Yaqublu özü də məhkəmədə demişdi ki, hətta Qarabağda döyüşəndə hətta erməni qadınlarına münasibətdə də aşağılayıcı ifadəyə, hərəkətə yol verməyib.
“Tofiq Yaqublunun təbiətində söymək, vurmaq yoxdur. İndinin özündə də görün, onu hansı həddə çatdırıblar ki, şahidlərə xitabən elə fikir səsləndirir. Çünki utanıb-qızarmadan başqasına böhtan atanlara başqa nəsə təsir eləməz. Belə görünür ki, heç bu da təsir eləmir. Çünki bunu da qəbul edib, yenə yalan danışırlar”, – deyə NƏ Həzi söyləyir.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10