Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu il beynəlxalq festivallarda iştirak edən Azərbaycan filmləri - SİYAHI


Ölkəmizin kino sənayesinin inkişafı ilkin nəticələrini verməkdə davam edir. Bu il də dünyanın bir çox kinofestivalında Azərbaycan imzalı filmlər yer alıb.
Cenub.az kulis.az-a istinadla bu il beynəlxalq festivallara vəsiqə qazanan Azərbaycan filmlərini təqdim edir.
“Axşama doğru”
Rejissor oturacağında Teymur Hacıyevın olduğu onikidəqiqəlik bu qısametrajlı film, dünyanın ən nüfuzlu festivallarından biri olan Kann Film Festivalının “Tənqidçilər Həftəsi”ndə nümayiş etdiriləcək filmlər siyahısına daxil edilib. Bundan əvvəl rejissorun “Ayrılıqda” filmi hələ 2014-cü ildə bu kinofestivalın “Rejissor ikihəftəliyi” proqramında da yer almışdı.
Gallery
“Daxildəki ada”
Oskar mükafatlı rejissor Mişel Hazanaviçiusun jüri prezidenti olduğu Sarayevo Film Festivalında yarışacaq “Daxildəki ada” filmi Rüfət Həsənovun rejissorluğu ilə ərsəyə gəlib. Filmdə təzyiqlərə məruz qalan bacarıqlı qrossmeysterin özünü kəşf etmək üçün cəmi bir sakini olan uzaq adaya səyahətindən söz açılır. Qeyd edək ki, film, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə lentə alınıb.
Gallery
“Məhbus”
Orxan Ağazadə imzalı “Məhbus” tammetrajlı filmi Kann Film Festivalının “Cinefondation La Residence” proqramında iştirak hüququ əldə etmiş 6 layihədən biri olmaq uğuruna yiyələnib.
Gallery
“Pıçıldaşırlar, bəzən isə fəryad edirlər”
Azərbaycanın şimal bölgəsində yerləşən bir pir və ora baş çəkib dərd-sərini danışan qadınlar. Lalə Əliyevanın rejissoru olduğu “Pıçıldaşırlar, bəzən isə fəryad edirlər” filminin mövzusu məhz belədir. Bu qısametrajlı film, İsveçrənin “Visions du Réel” festivalında təqdim olunub. Filmdə göz oxşayan təbiət mənzərələri də diqqət çəkən məqamlardan biridir.
“Qadın”
Cəmiyyətimizdə tez-tez rast gəlinən ənənəvi qadın profilini bir şəxsdə cəmləşdirən ana obrazından danışılan “Qadın” filmi, Kaliforniyanın “Palm Springs” qısametrajlı film festivalında “Ən yaxşı xarici film” nominasiyasında mükafata namizəd olub. Filmin rejissoru, senari müəllifi və prodüseri Təhminə Rafaelladır.
Gallery
“Bic”
Hər dəfə Avropanın fərqli şəhərlərində təşkil edilən Dəyişən Perspektivlər Beynəlxalq Film Festivalı bu il İstanbulda təşkil olunmuşdu. Müsabiqənin əsas mükafatına isə Daniel Quliyevin “Bic” filmi layiq görüldü. Filmin əsas mövzusu ailə dramı ətrafında cərəyan edir. Daniel Quliyevun bu qısametrajlı filmi ABŞ, Çexiya, Belçika və Fransa kimi ölkələrin film müsabiqələrində də adından söz etdirməyi bacarıb.
Gallery
"Səpələnmiş ölümlər arasında”
Beş böyük film festivalından biri olan (digərləri Kann, Berlin, Toronto, Sandens) Venesiya Film Festivalının film arenasındakı nüfuzu, yəqin ki, hamıya bəllidir. Dünyanın ən qədim film festivalına daxil olan filmlər Lido adasındakı Palatso del Sinema sarayında nümayiş etdirilir. Sevindirici haldır ki, bu il Festivalın əsas müsabiqə hissəsində yarışacaq filmlər arasında Azərbaycan istehsalı olan ekran işi də yer alır. Hilal Baydarovun rejissorluğunda ərsəyə gələn “Səpələnmiş ölümlər arasında” filminin pərdəarxasında azərbaycanlı kino işçiləri ilə yanaşı, Fransa və Amerika kino sənayesində çalışan şəxslər də var. Festivalın jüri heyətinə isə tanınmış aktrisa Keyt Blanşet rəhbərlik edir.
Gallery
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10