Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaralı əsgərə yardım aksiyası başa çatdı


Əsgər isə sağalaraq evinə qayıdıb və yaxın 

günlərdə yenə cəbhə bölgəsinə gedəcək


Xəbər verdiyimiz kimi, 2020-ci ilin aprel ayında, Tovuz döyüşlərində ağır yaralanmış, rayonun Sığıncaq kənd sakini Nurlan Quliyevin yaşadığı evin bərbadlığı barədə xəbər vermişdik. Bununla bağlı “Ümidim sənsən” İctimai Birliyi və Cenub az saytı xeyriyyə aksiyasına start verdi. Olay ictimailəşəndən sonra rayonumuzla yanaşı, ölkəmizin, eləcə də dünyanın bir sıra ölkələrindən səsimizə səs verənlər oldu.

Artıq aksiya uğurla başa çatıb

1.Ciddi ehtiyac içində olan ailə üçün həyətdə quyu qazılıb.

2. Həyətdə 50 metrə yaxın sahəyə hasar çəkilib.

3. Evə və həyətin giriş qapısına yüksək keyfiyyətli  darvaza və qapı qoyulub.

4. Rayondakı tanınmış elektron mağaza ailəyə soyuducu, tozsoran, paltaryuyan və digər avadanlıqlar verib.

5. Ayrı-ayrı şəxslər tərəfindən ailəyə televizor, qaz  sobası və digər məişət əşyaları hədiyyə olunub.

6. Bundan əlavə evi bərbad gündə olan döşəmə və tavanları təmir olunub. Evin arxasında hamam-sanuzel qurulub və müvafiq avadanlıqla təmin edilib.

7. Müxtəlif təşkilatlar ailəyə ərzaq və digər yardımlar ediblər.

Ailə adından, yaralı əsgərin əmisi Xalid Quliyev yardımda əməyi olan hər təşkilata, hər kəsə minnətdarlığını bildirib. Xüsusi ilə qeyd edib ki, Millət vəkili Məşhur Məmmədov evin əsas təmirini, hamamın tikilməsinin və digər yardımçı işlərin görülməsinin əsas yardımçısı olub. Eləcə də “Ümidim sənsən” İB-nin rəhbəri Fidan Abbaslı başda olmaqla onun komanda üzvləri Nemət Əliyev, Fərid Nağıyev, İntiqam Hüseynov, Sübhan Şiriyev və başqaları bu ailəyə çox yardımçı olub, dəfələrlə bu uzaq yolu gəlib, qayğılarımızla maraqlanıblar. ABŞ-da bizə dəstək olan Jalə Nəsimliyə də çox minnətdarıq. YAP-ın Masallı təşkilatının gənclər və qadınlar qrupunun üzvləri də yardımçılar sırasında olub.

Sonuncu dəfə avqustun 13-də, axşam Nurlangildə olduq. Özü ilə söhbətləşdik. Artıq yaralarının çoxu sağalıb. Bir neçə gündən sonra yenidən cəbhə  bölgəsində gedir. Nurlan şəhid generalımız Polad Həşimovu və şəhid mayor Anar Novruzovu da xatırladı. Bildirdi ki, general Polad Həşimov bizimlə birgə yemək yeyər, bəzən gecələr elə bizimlə eyni səngərdə yatardı. Həmin gün öncə biz atəşə məruz qaldıq. 1 şəhid verdik və mən qarışıq bir neçə nəfər yaralandı. Polad müəllim bizdən daha ucada olan yüksəklikdən enib, bizi yoluxmağa gəldi. Geri qayıtdıqdan 20-25 dəqiqə sonra isə bu faciəli hadisə baş verdi. Nurlan onu da qeyd etdi ki, Tovuz əhalisi çox qonaqpərvərdir. Həmin günlərdə ərzaq dükanları hər birimizə ən bahalı, yüz manatlarla dəyəri olan pulsuz ərzaq paylayırdı.

Görüşün sonunda əsgərin əmisi Xalid Quliyev bir daha bütün yardımsevərlərə təşəkkür edərək bildirdi ki, bundan sonra daha heç bir yardıma ehtiyac yoxdur. Adi ailələr kimi öz həyatımızı yaşayacağıq.

Son söz əvəzi

Bir daha bəlli oldu ki, hər şeyi inam həll edir. Xalq aşkarlıq görəndə, həqiqət görəndə hər yardıma hazırdır. Təki etibarı itirməyəsən.

Eləcə də “Ümidim sənsən” İB rəhbərliyi adlarının açıqlanmasını istəyən və istəməyən hər kəsə təşəkkür edir. Hər bir yardımçının nə ödədiyi və hədiyyə etdiyi isə tam aşkardır. İnstənilən şəxslər maraqlana bilər..

Hazırladı: Elcan







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10