Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gələcəyimizə vurulan baltalar…



Hüquqsuzluq, inandırıcı olmayan ittihamlarla həbslər aparılması dövlətə inamı sarsıdır


“AXCP terror təşkilatı deyil. Leqal siyasi təşkilatıdır. Bu quruma, onun ayrı-ayrı üzvlərinə qarşı əndazəni aşan güc tətbiqi cəmiyyətin maraqlarına zərbədir. Dövlət və dövlətçilik maraqlarını güdən heç bir hakim güc alternativ siyasi qüvvələrə qarşı bu cür davranmaz. Kiminsə sübut olunan suçu varsa, ədalətli və işgəncəsiz mühakimə hüququ təmin edilməlidir. Cəmiyyətdə nifrət toxumu səpən hər bir addım gələcəyimizə vurulan baltadır”.
Bu fikirləri iqtisadçı Rövşən Ağayev sosial şəbəkədəki hesabında yazıb. O, heç bir partiyanın üzvü deyil, sosial-iqtisadi sahədə apardığı müstəqil, obyektiv tədqiqatlarla tanınır. Ölkədə baş verən hadisələr əksər ziyalılar kimi, onu da ciddi narahat edir. Son həftələr Azərbaycanda elə proseslər cərəyan edir ki, ona seyrçi qalmaq çox çətindir…
İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən orduya dəstək aksiyasında baş verən təxribatlar siyasi müxalifətə qarşı növbəti repressiyaya səbəb olub. Onlarla AXCP fəalı ağır cinayətlərdə ittiham olunur. Prosesi aparan hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti qanunların bütün sərhədlərini aşıb. Cəmiyyətin gözü qarşısında dövlət adına qanunsuzluq törədilir, siyasi fəallar açıq-aşkar zorakılığa məruz qalır. Bu zaman Rövşən Ağayevin ifadə  etdiyi kimi, cəmiyyətdə nifrət toxumu səpilir və gələcəyə baltalar vurulur. Bu gün ola bilsin, qorxu mühitində baş verənlərə adekvat reaksiya yoxdur, amma qanunun aliliyinin tamamilə inkar edilməsi şübhəsiz ki, izsiz qalmayacaq…
Nəzərə alınmır ki, ittiham olunanlar da bu ölkənin vətəndaşlarıdır, onların Konstitusiya ilə qorunan hüquqları var. Cinayətin baş verib-verməməsindən asılı olmayaraq, bütün hərəkətlər qanun çərçivəsində aparılmalıdır. Dövləti idarə edən güc rəqiblərinə düşməndən betər nifrət etsə belə, qanunvericiliyin tələblərini gözləməlidir, öz vətəndaşına qarşı insan ləyaqətini alçaldan rəftara yol verməməlidir. Amma biz nəyi müşahidə edirik?
Parlament binasının müxalifət tərəfindən ələ keçirilməsi ittihamını təsdiq edən dəlillər yoxdur. Əksinə, Milli Məclisin binasının niyə mühafizəsiz qaldığı, qapıların necə açıldığı barədə suallar cavabsız buraxılıb. Həbs olunan müxalifət nümayəndələrindən parlamentə daxil olan olmayıb (istisnalar ola bilər) və nəhayət, bu istiqamətdə heç bir siyasi çağırışlar da mövcud deyil. Daha bir məqam: etiraz aksiyasında bir qrup şəxsin parlament binasına daxil olmasını hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ilə eyniləşdirmək tamamilə yanlışdır. Bu hadisə idarə olunmayan kütlə tərəfindən törədilsə belə, onun iştirakçıları Cinayət Məcəlləsinin başqa maddələri, bəziləri isə İnzibati Xətalar Məcəlləsi ilə mühakimə edilməlidir.
Saxlanılan şəxslərin elementar hüquqlarının təmin olunmaması, işgəncə iddialarının araşdırılmaması, vəkillərin uzun müddət tutulanlarla görüşünə imkan verilməməsi, özünümüdafiə imkanlarının əllərindən alınması, dövlət mediasında onlara qarşı birtərəfli təbliğat aparılması, məhkəmə hökmü olmadan cinayətkar elan olunmaları, nəhayət, ictimai rəyin gözardı edilməsi ölkədə hüquqi nihilizm ab-havası yaradır. Müqayisə qüsurlu olsa da, Azərbaycanda olan erməni hərbi əsirlərin bütün hüquqları təmin olunur, onların saxlanılması, mühakiməsi zamanı beynəlxalq protokol nəzərə alınır. Yerli müxalifətçilərə qarşı isə nə yerli, nə də beynəlxalq çağırışlara əhəmiyyət verilir. Bu, olduqca kədərli mənzərədir…
Həbs olunan şəxslərdən Mehdi İbrahimov iyulun 14-də aksiyaya qatılsa da, siyasi fəaliyyətlə məşğul olmayıb. Atası Məmməd İbrahim AXCP-nin tanınmış simalarından biridir. Hüquq müdafiəçiləri, vəkillər, siyasi fəallar bildirirlər ki, M. İbrahimovu atasına görə həbs ediblər. Ona qarşı irəli sürülən ittihamlar da digərlərindən fərqlənir. Mehdi koronavirus infeksiyasını qəsdən yaymaqda ittiham olunur. Amma ortaya elə paradokslar çıxdı ki, hüquqdan, qanundan danışmaq mənasız ritorika kimi görünür. Mehdi İbrahimov koronavirus xəstəsi adlandırılsa da, onu məhkəməyə qoruyucu geyim olmadan gətirmişdilər. Polis əməkdaşı qoluna girib, onu binaya aparmışdı, elə həmin formada hakim qarşısına çıxarılmışdı. Hakim də bu heyrətamiz paradoksa əhəmiyyət vermədən onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Mehdini daha sonra ağır vərəmli məhbusların saxlanıldığı “Tubzon”a köçürmüşdülər. Burada onun həyatına təhlükə yaranması xəbəri yayıldı. Vəkil Aqil Layıc uzun cəhdlərdən sonra müvəkkili barədə informasiya almışdı. Amma vəkilin açıqlaması daha bir heyrətamiz mənzərəni ortaya qoydu:
“Mehdi İbrahimovla görüşə imkan verilmədi, ombudsmanlıq isə həmişəki kimi yenə də effektsiz qaldı və sadəcə, ora məlumat vermək üçün xərclənən enerjiyə heyfim gəlir. Mehdi İbrahimovla görüşməyə imkan verməmək bir yana, telefon əlaqəsinə belə girə bilmədik. Çox gözlədik ki, görüşək, amma nə fayda. Nəhayət, məsul həkim çıxaraq bildirdi ki, Mehdi İbrahimov sağlamdır, əhvalı yaxşıdır və səhhətində problemlər yoxdur. Ən dəhşətlisi bilirsiniz nədir?! Həkim qeyd etdi ki, Mehdi İbrahimovda ümumiyyətlə, COVİD-19 olmayıb və testin nəticəsi neqativ çıxıb, simptomları belə yoxdur, sadəcə, onu İxtisaslaşmış Müalicə Müəssisəsində karantində saxlayırıq. Dəhşətli olan bundan ibarətdir ki, adamda virus olmaya-olmaya virusu yaymaq ittihamı verilib və məhkəmələr onun barəsində həbs seçib”.
Bu açıqlamadan 3 gün keçib, amma heç bir reaksiya yoxdur…
Acınacaqlı hal odur ki, Rövşən Ağayevin təsvir etdiyi kimi, belə qanunsuzluq faktlarının dövlətə, cəmiyyətin maraqlarına vurduğu zərbələr nəzərə alınmır. Əgər ölkədə vətəndaşların siyasi hüquqlarını həyata keçirməsinə qarşı belə dözümsüz münasibət varsa, müstəqil məhkəmələr yoxdursa, hüquq-mühafizə orqanları qanunla yox, tapşırıqla işləyirsə, başqa sahələrdə də Konstitusiyanın, qanunların işləməsinə təminat yoxdur. İnsanların həyatı, sağlamlığı, mülkiyyəti, qalan bütün hüquqları təhdid altındadır. Vətəndaş öz iradəsini heç bir sahədə reallaşdıra bilməz, hər yerdə qoyulan çərçivələri nəzərə almalıdır. Nəticədə dövlətə inam sarsılır, bu da gələcəyimizi təhdid edən ən ciddi  problemdir.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10