Dünya Səhiyyə Təşkilatının (WHO) Avropa ofisinin 5 nəfərdən ibarət missiyası iyulun 21-dən Azərbaycanda səfərdədir. Bu gün onlar 10 günlük səfərin nəticələri ilə bağlı virtual mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi, Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri də iştirak ediblər.
Əvvəlcə missiyanın rəhbəri David Novillo Ortiz səfərlə bağlı məlumat verib və öz qənaətlərini bölüşüb. Sonra jurnalistlərin sualları cavablandırılıb.
“Hazırda dünya koronavirusun yayılmasında hansı mərhələdədir və normallaşma nə vaxt olacaq” sualına cavab verən D. N. Ortiz bugünədək dünyada 660 min insanın COVİD-19-dan vəfat etdiyini xatırladıb. Onun sözlərinə görə, mübarizə davam etdirilməlidir:
“Çox sərt karantin tədbirlərindən sonra insanlar yorulub və normal həyata qayıtmaq istəyirlər. Buna görə də, bəzi Avropa ölkələrində yenidən yoluxma hallarının artdığı müşahidə olunur. Lakin biz əlimizdən gələni etməliyik ki, yoluxmanın qarşısını alaq. Xəstəlik hələ yox olmayıb. Biz qaydalara əməl etməsək, yayılma daha da artacaq, bu da həyatımıza təsir göstərəcək. Bunun üçün çox önəmlidir ki, insanlar təcrid olunsunlar və qarşılıqlı təmasdan qaçsınlar. Yoluxmanın təzədən artmasına çalışmaq lazım deyil”.
Bir çox Avropa ölkələri də daxil olmaqla, əksər dünya ölkələrində COVİD-19 testlərinin qiyməti 18-20 avro arasında dəyişir. Bəs, bizim ölkədə testin qiymətləri niyə bu qədər bahadır? Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirdi ki, pandemiya başlayan ilk gündən bu zamana kimi dövlət tərəfindən aparılan teslərin hamısı pulsuz həyata keçirilib:
“Özəl müəssisələrdə COVİD-19 test qiymətlərinə gəldikdə isə, biz bu müəssisələrin apardığı testlərin qiymətlərinə müdaxilə edə bilmərik. Qiymətlərin müəyyənləşdirilməsi onların daxili işidir”.