Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Allahım! Xalqımıza Qurban bayramının bəndəlik fəlsəfəsini duymağı nəsib et!.."



Qurban bayramı ərəfəsindəyik. Bu günlərdə Allah evinin ziyarətinə getmiş hacılar ümrə əməllərini yekunlaşdırıb yenidən ehramlanırlar. Təqva və paklıq rəmzi olan libası geyinərək, Ərəfət çölünə üz tutur hacılar. Rəbbləri ilə əhd-peymanlarını təzələmək, İlahi hüzurda vücudi imtahanlarını şərəflə vermək üçün müqəddəs Ərəfət çölündə vüquf edir - məskun olur hacılar. Rəbbləri qarşısında günahlardan paklanır, rəzillik və çirkinliklərdən imtina edərək ibadət edirlər onlar...

Axşamçağı milyonlarla insandan ibarət bir möhtəşəm sel Məşhərül-hərama - Qiyamət səhnələrini xatırladan bir məkana üz tutur. İnsanın özünəqayıdışına təkan verən riqqətli anlarını yaşayır burada hacılar. Sübh açılır... Mübarək zilhiccə ayının 10-cu gününün sübhü. Günəşin şölələri yer üzünü işıqlandırmağa başlayarkən, hacılar Minaya keçid edirlər. Yenə də əzəmətli bir toplum! Nə möhtəşəm bir səhnə!

Minada hacılar lənətlik iblisi simvolizə edən cəmərələrə - sütunlara yetişirlər. Burada öz hiddətlərini zahir edir, xəbisliklərə, nəfsani asılılıqlara nifrətlərini büruzə verirlər. Daşlayırlar lənətlik iblisi hacılar! Daşlayırlar qəlblərində olan rəzil qul psixologiyasını! Atdıqları hər daşla sanki damcı-damcı çıxarırlar rəzillikləri qəlblərindən onlar! Əslində iblisin hər bir təzahürünə, hər bir zülmünə, hər məkan və zamanda, hər rəzil sifətdə, hər mənfur cilddə olan təzühürünə daş atırlar hacılar! Daşa basırlar lənətlik şeytanı hacılar!

Sonra hacılar qurbangaha gedirlər. Allah! Allah! Düşünmək istəyən insan üçün nələri simvolizə edir bu qurbangah!! Bəndənin ixlasını, Rəbbi önündə gözəl imtahan vermənin rəmzidir bu qurban!

Əzəmətli bir bayramdır Qurban bayramı! Mövcudiyyətin fəlsəfəsinə nə dərin eyham var burada…. İlahi imtahandan sonacan ləyaqətlə çıxmağa bir abidədir bu gün. Fədakarlığı örnək edən, gözəl amal uğrunda ən qiymətlisindən belə keçməyi öyrədən bir gündür bu gün…

İbrahimin qurbanı - İsmayıl qurbanlığı... Allah-təala Həzrət İbrahimi - Öz müxlis bəndəsini sınağa çəkir. Sevimli övladını qurban kəsməyi buyurur ona Rəbbi. İlahi buyruğu yerinə yetirmək üçün oğlunu götürüb Minaya gedir Həzrət İbrahim. Oğlunu Allah yolunda qurban kəsmək istərkən, möcüzə baş verir - kəsmir bıçaq!

İlahi tərəfdən bəndənin üzərinə düşən vəzifə nə qədər çətin olsa da, İlahi eşqin şirinliyi bu çətinliyə qalib qəlir və lakin, bu anda, kəsməyə məhkum olan iti bir bıçaq öz kəsmək funksiyasını yerinə yetirməyə aciz qalır! Bıçaq hərəkətə qətirilir, baş bıçağın altında, amma iti bir bıçaq kəsmir?!

Allahın əmin mələyi - Həzrət Cəbrayıl nazil olaraq, Həzrət İbrahimə buyurur ki, o, İlahi imtahandan şərəflə çıxmışdır. Bir qoyun əta edilir Həzrət İbrahimə - İsmayıl qurbanlığı. İsmayılın yerinə bunu qurban kəsmək buyrulur ona.

İlahi! Necə heyrətli bir səhnə! Necə vücudi bir durum! Kəsməli olan bəndə də, kəsilməli olan bəndə də şərəflə öz imtahanlarını verirlər! Bütün yaradılış aləmi bu vücudi səhnəni qibtə ilə seyr edir. Budur həqiqi insan! Budur Bəndə! Budur kamil bəndə məqamı! İnsan bəndəlik məqamına, kamillik məqamına ucalır! Bu şərəfli imtahanın müqabilində bir gerçək kəsilməli İsmayıl qurbanlığı bəşərə hədiyyə edilir!

Minaya ayaq basmış hacı, Allah dərgahında bu səhnəni yaşayaraq, Allah dərgahında qurban kəsir.

Bu mətləbdir Qurban bayramının fəlsəfəsini özündə təcəssüm edən, İlahi Quran məntiqindən əxz edilən gözəl və dərin bir mətləb - Uca Allaha həqiqi bəndəlik etmək məqamının daşıyıcısı olmaq və bu ülvi məqamı hər bir şəraitdə, çətinliklərə sinə gərərək, həyata keçirmək mətləbi durur burada. Hər bir müsəlmanın üzərinə bu vücudi səhnədən lazımi nəticə çıxarmaq vəzifəsi gəlir.

Allahım! Xalqımıza, qarşısına çıxan İlahi imtahanlardan bu bayrama layiq bir şərəflə çıxıb, Sənin nazil etdiyin mükafatlara qovuşmağı nəsib et!

Amin!


Hacı İlqar İbrahimoğlu

"Dəyərlər".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10