Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni təhsil nazirindən nə gözləməli?


Prezident İlham Əliyevin sərəncamı ilə Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. Xatırladaq ki, əvvəlki nazir Ceyhun Bayramovun xarici işlər naziri təyin olunmasından sonra təhsil naziri vəzifəsi boş qalmışdı.
Qısa tərcümeyi-hal: Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin, bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. Ailəlidir, 2 övladı var.
Yeni təyin olunmuş nazir haqqında onu tanıyanların rəyini öyrənməyə çalışdıq.
Hazırda Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli hesab edir ki, E.Əmrullayevin təyinatı olduqca uğurlu təyinatdır: 

“Mən Emini tələbəlik illərindən tanıyıram. Bizim qurduğumuz Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) yığıncaqlarında iştirak edib. Ölkə prezidentinin təsdiqlədiyi 2007-2015-ci illərdə dövlət təqaüdü hesabına xaricdə təhsil proqramının iştirakçısı olub və ABŞ-da masgistratura təhsili alıb. Uzun illər təhsil sektorunda işləyirdi”. 
Jurnalist düşünür ki, gənc olmasına baxmayaraq, E.Əmrullayevin təhsillə bağlı böyük təcrübəsi var: “Hesab edirəm ki, milli təhsilimizin “yaralı” yerlərini çox gözəl bilir. Təhsil sahəsinin mütəxəssisi kimi onun nazir təyin olunması sevindiricidir”.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev bu sahəyə həsr olunmuş tədbirlərdə və TV verilişlərində E.Əmrullayevlə bir neçə dəfə görüşdüyünü söylədi:

“Çox sadə və işini bilən insandır. Təhsilimiz adına xeyirli bir təyinatdır. Emin müəllimin islahatlara açıq adam olduğunu bilirəm və düşünürəm ki, qarşıdakı illərdə və onun vəzifədə olduğu dönəmlər ərzində heç kəsin təhsillə bağlı narazılığı yaranmayacaq. Uğurlar arzulayıram!”
İctimai fəal Bəxtiyar Hacıyev də Emin Əmrullayevin uğurlu seçim olduğunu düşünür: 
“Emin bəy gənclər sektorundan çıxıb, təhsil sahəsində yaxşı təcrübəsi var və analitik bacarığı, ölkəyə sevgisi mübahisəsizdir. Ən azı 15 il olar ki, şəxsən tanıyıram. Sadə, səmimi, ətrafındakı insanlara hörmətlə yanaşan biridir. Eyni zamanda, son bir neçə il ərzində artıq Təhsil Nazirliyi çərçivəsində öz vəzifəsinin ona verdiyi səlahiyyətlər çərçivəsində bir çox faydalı işlərlə məşğul olduğunu bilirəm. Təhsildə müəyyən islahatların aparılmasına liderlik etdiyini görmüşəm və bu baxımdan düşünürəm ki, uğurlu təyinat saymaq olar. Təbii ki, bir çox şeyi zaman göstərəcək. Bir çox hallarda yaxşı insanlar hansı niyyətlə postda otursalar belə, sistemin özünün daxilindəki problemlər həmin insanlara imkan vermir ki, onlar həyata keçirmək istədikləri islahatları reallaşdırsınlar. Emin Əmurallayevin hansı işləri görəcəyi zaman göstərəcək. Mənim bugünə olan mövqeyim ondan ibarətdir ki, o, yaxşı insandır və təhsil sahəsində kifayət qədər təcrübəyə malikdir, dəyişikliklər etmək istəyi var. Bunların reallaşıb-reallaşmayacağını zaman göstərəcək”.
“Xəzər Xəbər”in aparıcısı Yusif Kərimli yeni naziri şəxsən tanıdığını bildirdi: 

“Emini 12 ildir tanıyıram. Xaricdə təhsil alan tələbələrimizlə bağlı bir çox tədbirlərdə bərabər iştirak etmişik. O zaman Emin Mərkəzi Avropa Universitetində təhsil alırdı. Onun şəxsən özünün təşkil etdiyi təbdirlərdə də iştirak etmişəm. 7 il əvvəl “TEDxBakı” platformasındakı möhtəşəm çıxışı hələ də yadımdadır. Emin Əmrullayev sadə, bacarılqlı insandır. Təşkilatçılıq qabiliyyəti onu təhsil sektorunda bir çox böyük vəzifələrə gətirib. O, təhsil işini mükəmməl bilir və əminəm ki, nazir kimi ölkəmiz, balalarımız üçün faydalı olacaq”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10