Dava 25 hektarlıq su hövzəsi məsələsi imiş
Bu il, iyulun 24-də Masallı Rayonunun Qarğalıq Ərazi Dairəsinin nümayəndəsi Sübhan Zalıyevin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını yazmışdıq.
Ortada rəsmi məlumat olmadığı üçün güman gələn ehtimalları irəli sürmüşdük. Onların içərisində jurnalisti döymək, ərzaq bölgüsünü ədalətsiz aparmaq, su borularını satmaq və sair var idi. Araşdırmamızdan sonra bəlli olub ki, əslində bu olayların, bəzisi ortada olsa da məsələnin kökündə Qarğalıq ərazi dairəsindəki Xallıcallı və Qarğalıq kəndindəki balıq gölləri, hövzələri dayanır.
Bir tərəf deyir ki, kənddəki bəzi şəxslər 25 hektarlıq sahəni zəbt edərək qanunsuz balıqçılıq hovuzu yaradıb. Xüsusən ölkədə su problemi yaşandığı, ölkə başçısı İlham Əliyevin bununla bağlı son günlər verdiyi təxirəsalınmaz göstərişlər məsələnin ciddiliyini daha da artırıb. Yəni, bu sahədə süni problemlər yaradılması ətraf kəndlər üçün ciddi əngəllər yaradır.
Digər tərəf isə bildirir ki, yox, hər şey qanunidir və ortada korrupsiya faktları, əldə isə təkzibolunmaz dəlillər var. Yəni, vəziyyət olduqca ciddidir və biz media təmsilçisi olaraq əlimizdə olan məlumatları ətraflı araşdırırıq.
Yaxın günlərdə daha əhatəli məlumatlarla zəngin yazı ilə görüşünüzə gələcəyik.
Əlimizdə olan son məlumat isə ondan ibarətdir ki, Qarğalıq Ərazi Dairəsinin nümayəndəsi, 1990-ci ildən bu vəzifədə çalışan Sübhan Zalıyev və həmin kəndin bələdiyyə sədri Əziz Ağayev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. (Nümayəndəliyin mühasibi saxlanılsa da, sonra sərbəst buraxılıb). Şəhərin mərkəzində saxlanılan Zalıyevin evində və kabinetində axtarış aparılıb. Ortada biri 500, biri 4 min manat olmaqla (təfərrüat növbəti yazıda) iki ciddi rüşvət faktı var.
Həmçinin belə məlumatlar da dolaşır ki, su boruları və jurnalistin döyülməsi və buna bənzər digər hadisələr həmin su hövzəsindən qaynaqlanan xəbərlərdir.
Olayla bağlı bütün maraqlı tərəflərin fikrini işıqlandırmağa hazırıq.
Zahir Əmənov (Cenub.az)