Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çelyabinskdə Osvensimin əkiz tayı olan əsir düşərgəsi – Bakal qəsəbəsi 200 min əsirə ev, 25 mininə məzar olub


Çelyabinskdə zəngin dəmir filizi yataqlarının olması hələ 18-ci əsrdə aşkar olunsa da, onun böyük həcmli istismarı SSRİ dövründə başlanıb. 1940-cı ildə SSRİ Xalq Komissarları Soveti bu məqsədlə Çelyabinsk vilayətinin qəsəbə tipli şəhəri olan Bakalda metallurgiya zavodunun tikintisi ilə bağlı qərar qəbul edib. Ölkənin tanınmış mütəxəssisləri tikintiyə cəlb olunsa da, işçi qüvvəsinin azlığı zavodun tikintisini ləngidib. 1941-ci ildə müharibənin başlanması ilə orduya səfərbərlik isə işçi qüvvəsi ilə bağlı problemi daha da artırıb.
Problemin həlli üçün Kremldə müzakirələr aparılanda Lavrenti Beriyanın təşəbbüsü ilə məhbusların tikintiyə cəlb edilməsi qərara alınıb və “NKVD”-nin tabeliyində olan islah əmək düşərgələrinin biri Bakal qəsəbəsinə köçürülüb. İlk olaraq 1500-dən artıq məhbus zavodun tikintisinə cəlb edilib.

II dünya müharibəsində həm Almaniya, həm də SSRİ əsir düşmüş hərbçilər üçün əsir düşərgələri salanda Dövlət Müdafiə Komitəsinin qərarı ilə belə düşərgələrdən biri Bakal qəsəbəsində salınıb. Məqsəd əsirləri də zovodun işinə cəlb etmək olub. Beləliklə, islah əmək düşərgəsinin ərazisi böyüdülərək həm də əsir düşərgəsinə çevrilib.
Qeyd edək ki, müharibə illərində SSRİ Almaniyanın və mütəffiqlərinin təxminən 4 milyon hərbçisini əsir götürüb. Onlardan 200 min nəfəri məhz Çelyabinskə aparılıb.
Düşərgə qəsəbənin adına uyğun olaraq Bakallaq düşərgəsi adlandırılıb. Buradakı əsir düşərgəsi rejiminə görə Osvensim və Buhenvald əsir düşərgəsi qədər sərt olub.

1943-cü ildə metallurgiya zavodu istifadəyə verilib. Bütün gücü ilə işləyən zavod məhbus və əsirlərin əməyi hesabına SSRİ-də ən qabaqcıl və ən məhsuldar müəssisələrdən birinə çevrilib.
Nasist düşərgələrindən fərqlənməyən Bakalaqda ciddi rejim hökm sürüb. Daxili rejim qaydalarına görə, iş normasını yerinə yetirməyənlər qidalanmadan məhrum ediliblər. Rejim qaydalarını pozanlara isə daha ciddi cəzalar tətbiq edilib.
Bu məqsədlə düşərgədə xüsusi kameralar yaradılıb. Əsirlər tərəfindən “ölüm kamerası” adlanan bu kameralarda işgəncə üçün bütün vasitələr olub. Bədən əzalarını sıxmaq üçün məngənə, dırnaq və dişlərin çıxarılması üçün kəlbətinlər, cərəyan şiddədini ötürən cihazlar, qaz balonları və s.

Düşərgənin rəisi dövlət təhlükəsizliyi mayoru Aleksandr Lepilov hər gün səhər saat 6-da əsirləri şəxsən özü işə yola salıb. O, kimdəsə kiçik bir narazılıq hiss edəndə, həmin məhbusla özü “məşğul” olub. Düşərgədəki əsirlər üçün ən arzuolunmaz hal rəislə kabinetdə üz-üzə dayanmaq olub.
İş saatı 12-14 saat davam edib. Düşərgədə xidmət edən nəzarətçi zabit Vasili Borbad sonralar yazdığı xatirələrdə alman əsirlərinin vəziyyətini belə qələmə alıb:
“Əsirlərdən çox az adam olardı ki, rejim qaydalarını pozmağa cəhd etsin. Cəza kameralarına düşənlər çıxdıqdan sonra öz yoldaşlarına oradakı vəziyyət haqqında danışırdılar. Bu isə alman əsirlərini çox qorxudurdu. Digər bir tərəfdən, iş normasını yerinə yetirməyənlər gündəlik ərzaqdan məhrum olunurdular. Əsirlər dəstələrə bölünmüşdülər. Hər dəstədə 1000-1200 nəfər olurdu. Onlara iş yerlərində 20-30 nəzarətçi nəzarət edirdi. Nəzarətçilərin komandası olmadan belə onlar vaxtlı-vaxtında sıraya düzülürdülər, yeməyə gedirdilər, yaxud da işə başlayırdılar. Bir sözlə, çalışırdılar ki, rejim qaydalarına tam riayət etsinlər. Çoxları isə düşdükləri vəziyyətə görə Hitleri lənətləyirdilər...”

Düşərgədə ölüm faktlarına tez-tez rast gəlinib. Ölüm halları əsasən xəstəlikdən baş verib. İntihar halları da tez-tez qeydə alınıb. Rejimə dözməyənlər son çıxış yolu kimi intihar etməyi seçiblər.
Ölən əsirlər Çelyabinskin şimalındkı köhnə qəbirstanlıqda basdırılıb. Basdırılan yerə heç bir işarə, ad və rəqəm qoyulmayıb. Bunun nəticəsində də çox-çox sonralar əsirlikdə olanların doğmaları onların qəbirlərini axtaranda tapa bilməyiblər.
Araşdırmaçıların qənaətinə görə, ərazidə təxminən 25-30 min əsir basdırılıb. 1980-ci illərdən sonra isə həmin ərazinin bir tərəfində yaşayış binaları, digər tərəfində isə zavod üçün yardımçı binalar tikilib. Tikintinin mühəndisi Boris Volkov ərazidə gedən işlərlə bağlı mətbuat işçilərinə gördükləri haqda dəfələrlə müsahibə verərək bildirib:

“Biz tikintidən əvvəl bilirdik ki, binaların inşa olunduğu yerdə alman əsirlərini basdırıblar. Köhnə qəbirstanlıq isə bir az aralıda idi. Mən bu haqda bir neçə dəfə Moskvaya məktub da göndərmişdim. Amma heç bir reaksiya olmadı. Qazıntı zamanı hər addımdan insan sümükləri çıxırdı. Bu mənim üçün, o cümlədən tikintidə çalışanlar üçün xoşagəlməz hal idi. Axı kimsə, nə vaxtsa qəbirləri axtaracaqdı. Belə də oldu. 1990-cı illərdən sonra almanlar tez-tez həmin yerə gəlirdilər. Orada tikilən binaları görəndə təəssüf hisslərini bildirərək geri qayıdırdılar..."

1990-cı ildə düşərgədə əsirlik həyatı yaşayan Lydviq Müller oğlu və nəvəsi ilə Çelyabinskdə olanda, məzarlığı ziyarət etmək istərkən qarşılaşdığı səhnədən təkcə təəssüfünü yox, qəzəbini də gizlətməyib. O, sovet hökumətinin bu addımını vəhşilik adlandırıb. Moskvadakı Almaniya səfirliyində xarici jurnalistlərə müsahibə verən Müller SSRİ-nin ünvana faşist ifadəsi işlətməkdən də çəkinməyib. Qalmaqalla sona çatan mətbuat konfransından sonra keçmiş alman hərbi əsiri 24 saat ərzində SSRİ-dən yola salınıb.
1947-ci ildə Bakallaq əsir düşərgəsi ləğv olunub, əsirlər Almaniyaya təhvil verilib. 1956-cı ildə isə islah əmək kaloniyası da ərazidən çıxarılıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10