![](/uploads/posts/2020-07/medium/1595484038_cibbosh.jpg)
Ölkədə elan edilən xüsusi karantin rejimi əhalinin böyük əksəriyyətini işsiz qoyub. Bundan zərər çəkən sahələrdən biri, bəlkə də ən böyüyü mədəniyyət sahəsidir. Kütləvi tədbirlərin, konsertlərin, kino və serial çəkilişlərinin dayandırılması, teatrların, kinoteatrların, konsert salonlarının bağlanılması, toy və digər el şənliklərinin keçirilməsinə qoyulan qadağa müğənniləri, aktyorları, rejissorları, şoumenləri və incəsənətin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şəxsləri bütün maddi gəlirlərindən məhrum edib.
Onlardan biri də klounada aktyoru, təşkilatçı Ceyhun Əhəddir. Aylardır heç bir tədbirdə iştirak etmədiyi üçün artıq kloun səsini itirməyə başlayıb: “Aylardır bütün restoranlar bağlıdır, kütləvi tədbirlər qadağandır, mənim kimi heç bir kloun öz fəaliyyətini davam etdirə bilmir. Heç kim bu sahə ilə bir manat gəlir əldə edə bilmir. Bizim işimiz kloun işidir və neçə illərdir ki, bu işlə məşğuluq. Mən və yüzlərlə tanıdığım başqa insanlar var. Mart ayından iyul ayına qədər – artıq beşinci aydır ki, tədbirlər, toylar yoxdur. Mənim kimi klounlar heç bir tədbirdə iştirak edib pul qazana bilmirik. Pandemiya ilə bağlı dövlətin ayırdığı 190 manat da gəlib bizə çatmır, çünki adımız işləyənlər kimi gedir. Nə də sahibkar kimi hər hansı dəstək verildi”.
![](/uploads/posts/2020-07/medium/1595484070_1595484038423.jpeg)
Ceyhun Əhəd polislərin rəftarından da narazılığını dilə gətirir: “Belə bir vəziyyətdə, insanların əsəblərinin gərgin vaxtında bizim polislərimiz də insanlarla düzgün rəftar etmirlər. Postların birində polislərdə böyük bir aqressiya gördüm insanlara qarşı. Mən və ətrafımda üç nəfər vardı – hamımız rayon qeydiyyatıyıq, ikisi tələbədir. Biz Bakıdan çıxmaq istəyirdik ki, burada heç bir iş görə bilmirik, qala bilmirik, boş yerə kirayə pulu veririk. Biz Bakıdan çıxa bilərik. Karantin rejiminin qaydalarına uyğun olaraq biz rayon qeydiyyatıyıqsa və maşın mənim özümündürsə, biz Bakıdan çıxa bilərik. Polis isə buraxa bilməyəcəyini dedi. Mən oradakı daha böyük rütbəli şəxsə yaxınlaşdım. O isə “uzaqlaş burdan, uzaqlaş, maşını çək” dedi. Başqa bir polis hücum çəkər kimi üstümə gəldi, qolumdan tutub dartdı. Vurmaq istədi. Mən isə dedim ki, yanımızda uşaq var. Nəticədə bizim hər birimizə, dörd nəfərin hərəsinə 200 manat cərimə yazıldı”.
![](/uploads/posts/2020-07/medium/1595484077_1595484042398.jpeg)
ayna.az