Doğrudan da xalqımız necə də yardımsevər imiş
Yəqin ki, dünən paylaşdığımız “Masallı. Tovuz döyüşlərində ağır yaralanmış əsgər öz ailəsindən niyə nigarandır?” yazısını unutmamısınız.
Bəs həmin yazıdan sonra nələr oldu?
Dünən paylaşdığımız yazı gözlədiyimizdən də ciddi reaksiya doğurdu. Rusiyadan, Şəmkirdən, Gəncədən, Lənkərandan, Ağsudan, Sumqayıtdan... tutmuş, digər onlarlarla ünvandan yardımsevər insanlar, eləcə də xanımlar ürək yanğısı ilə yaralı əsgərin ailəsinə köməklərini təklif edirdlər. Bir neçə nəfər isə onların evlərinə gedib mənzillərini təmir etdirmək arzusunda olduqlarını bildirdilər..
Yaralı əsgərin evində
Bu gün nahardan sonra bir qrup rəsmi şəxslərlə Sığıncaq kəndində Quliyev Nurlan Ruslan oğlunun evində olduq. Görüşdə Masallı İHB-nin şöbə müdiri Seyfəddin Əliyev, “Hərbi komissar” Vəli müəllim, Millət Vəkili Məşhur Məmmədovun köməkçisi Nizam Vahabovla birlikdə ailənin bütün problemləri ən xırdalığına qədər öyrənildi və sabahdan həmin problemlərin aradan qaldırılmasına başlanılacaq.
Artıq evin işıq borcu ödənildi, əsgər anasının müalicəsi diqqətə alındı, olmayan pəncərələrin ölçüsü götürüldü.
Saytın çağırışı ilə “Ümidim sənsən”İB-nin komandası da həmin evə gəldi. Boradigah, Bədəlan, Çayqıraq ərazilərinin xeyriyyəçi gəncləri ailə üçün yaxın günlərdə 30 metrlik quyu qazmağı və digər yardımçı işlərə kömək etməyi öhdəsinə götürdü.
Ailəyə televizor və digər avadanlıqların verilməsi də öz həllini tapdı.
Sabahdan otaqların təmirinə, həyətin hasara alınmasına və digər ehtiyac duyulan işlərin icrasına başlanılacaq.
Hərbi hospitaldan alınan məlumatda deyilir ki, ən yüksək rütbəli hərbiçilər yaralı əsgərimiz Nurlana baş çəkib. Hospitalda isə xəstənin müalicəsi, ərzaq təminatı üçün, hətta limitsiz telefon danışığı üçün hər cür şərait yaradıb.
Nurlan Quliyevin ailəsi bu diqqətə görə Masallı rayon İcra hakimiyyətinə, Millət Vəkili Məşhur Məmmədova, Hərbi çağırış və səfərbərlik idarəsinin Masallı şöbəsinə, eləcə də Gəncə hospitalının həkim kollektivinə dərin minnətdarlığını bildirdilər.
Bizi ən çox heyran edən isə xalqın yardımsevərliyi idi. Nə qədər yardımsevər insanlar var imiş. Yazı paylaşılandan 1 sutka keçsə də, yardım təklifləri tükənmir. Onlarla insan ailənin Sığıncaqdakı evinə baş çəkib. Lənkərandan “Anam Mərziyyə” qrupu isə ailəyə mətbəx avadanlığı verməyi öhdəsinə götürüb.
Amma ürəkağrıdan nə idi. Bir çox fırıldaqçılar xeyriyyəçiliyi də gözdən salırmış. Bizə zəng edənlər utana-utana soruşurdu ki, “telefon nömrəsi, hesab nömrəsi realdırmı, ortada fırıldaq yoxdur ki? Vallah o qədər yalançı xeyriyyəçilər çıxıb, adam doğruçusuna da inanmır”
Nə isə xeyriyyə aksiyamız uğurla davam edir. Rəsmilərə də təşəkkür edirik, həkimlərə də, hərbiçilərədə, yurdun xeyriyyəçi insanlarına da.
Zahir Əmənov
Qeyd : Mövzunu tam diqqətimizdə saxlayacağıq