Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusca Qarabağ “gözəlləməsi


Onların beynində çox maraqlı düşüncə qatarı hərəkət edir
 
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində silahlı eskalasiyadan bir neçə gün əvvəl İrəvanda jurnalistlərə açıqlama verən Rusiya Dövlət Dumasının qalmaqallı deputatı Konstantin Zatulin demişdi ki, ərazisinə hücum olacağı təqdirdə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəstək üçün müraciət edərsə, o zaman avtomatik olaraq təşkilatın mexanizmləri işləməyə başlayacaq.
 
Zatulin, həmçinin Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının orada "gözəllik üçün deyil, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün" yerləşdirildiyini bildirərək, öz müttəfiqinə hücum ediləcəyi təqdirdə, Rusiya ordusunun müşahidəçi qismində qalmayacağına da işarə etmişdi.
 
Zatilinin bu açıqlaması və ondan bir neçə gün sonra Ermənistanın sərhəddə təxribata başlaması, onun sözlərinin Ermənistan hakimiyyəti üçün Azərbaycana qarşı təxribat çağırışı kimi səsləndiyi fikrinə gətirib çıxarır. Yeri gəlmişkən, bundan əvvəl də Ermənistan hakimiyyəti dəfələrlə KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə ehtimal olunan müdaxiləsi mövzusunu öz məqsədləri üçün istifadə etməyə çalışıb və hər dəfə təşkilatın öhdəliklərinin bu münaqişəyə şamil olunmadığını İrəvana açıq şəkildə biliriblər. İndi Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin müavini Zatulinin bir bəyanatı ilə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün İrəvanda bir ssenari reallaşdırmağa çalışdılar.
 
Zatulinin açıqlaması ilə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə yönəlik rəsmi mövqeyi arasında uyğunsuzluq da var. Onun sözlərinə görə, "reallıq hər kəs tərəfindən fərqli qəbul edilir" və: “Paşinyan Qarabağın Ermənistan olduğunu iddia edir,  İlham Əliyev Valday Forumunda Dağlıq Qarabağın Azərbaycanın olduğunu söyləyir. Beləliklə, hər kəs reallığı fərqli qəbul edir”.
 
Ancaq Zatulin bu ilin fevralında Qarabağda keçirilən “prezident və parlament seçkiləri” zamanı Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağı müstəqil bir dövlət olaraq tanımayacağını elan etməsi barədə bəyanatını sanki unudur.  Zatulinin özü bir dəfə qeyd etmişdi ki, “artıq Qarabağın müstəqilliyinin üzərindən xətt çəkilə bilməz". İndi isə onun sözlərindən belə çıxır ki, Qarabağ Azərbaycanla Ermənistan arasında mübahisəli ərazidir.
 
Bu məntiqi davam etdirərək, Ermənistanın işğalçı bir ölkə olduğu qənaətinə gələ bilərik. Bundan əlavə, o deyir ki, əgər Azərbaycan öz ərazi bütovlüyünü hərb yolu ilə həll etsə, Rusiya Ermənistanı KTMT-də müttəfiqi kimi müdafiə etməyə hazırdır. Bu, Zatulinin beynində hərəkət edən çox maraqlı bir düşüncə qatarıdır...
 
Eyni zamanda, Zatulindən KTMT-nin Ermənistan qarşısında öhdəlikləri məsələsində nə dərəcədə səlahiyyətli olub-olmadığını soruşmaq lazımdır. Belə bəyanatlar verən, hətta Azərbaycana qarşı təhdidlər səsləndirən Zatulin KTMT-nin rəsmi nümayəndəsi deyil. Ən əsası, nədənsə, Zatulinin səsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşdiyi günlərdə ümumiyyətlə eşidilmədi. Razılaşın ki, rusiyalı deputatın bu davranışı bəzi suallar yaradır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10